Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 10:30:00
Tədris olunmadığına görə “ölən” dillər - 1950-ci ildən sonra 200-dən çox dil məhv olub

YUNESKO-nun hesablamalarına görə dünyada 6 000 dil var.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bunlardan 2 500-ü yox olmaq üzrədir. 1950-ci ildən bu günədək isə 200-dən çox dil məhv olub. Təhlükədə olan dillər əsasən etnik birliklərin yerli dilləridir. Belə ki, Almaniyada 7 000 insanın danışdığı aşağı serbcə, şimali Amerikada 250 000 şəxsin istifadə etdiyi Cayiuga dilləri ölmək üzrədirlər. Etnik birliklərdən birinin dili olan Dalabon dili isə dünyada sadəcə 11 insan arasında istifadə olunur. Sonuncu statistika təxmini 10 il əvvəl aparıldığına görə bu rəqəmin daha da azaldığı ehtimal olunur.

Fransız Beynəlxalq Araşdırma Mərkəzinin nümayəndəsi Katharina Haude bildirib ki, dilin ölməsinin əsas səbəbi valideynlərin uşaqlarla öz dillərində danışmamalarıdır. Haudenin dediyi faktı Latın Amerikasında müşahidə etmə imkanı da olub. Araşdırmaçı on ildən çoxdur ki, davamlı olaraq Boliviyanın şimalındakı Santa Ana del Yacumaya səyahət edir. 12 000 əhalisi olan vilayət dil baxımından xüsusilə maraqlıdır. Yerli dil olan Movima dilində danışan son 1500 insan burada yaşayır. Amma onların əksəriyyətinin yaşı 70-dən çoxdur. Haude Boliviyada Movima kimi dillərin ölməsinin məktəb sisteminin genişləndirilməməsi ilə bağlı olduğunu deyib:

“1950-ci illərdə Boliviyada yalnız ispanca təhsil verən məktəblər açıldı. Bunun nəticəsində valideynlər öz uşaqları ilə yerli dildə danışmağı tərgitdilər. Boliviyanın 30 yerli dilinin məktəblərdə tədris olunması isə yalnız 1994-cü ildə həyata keçirilən təhsil islahatı ilə reallaşdı. Bununla da Movima dili hələ də danışıldı”.

Elm adamları dünya dillərinin məhvi ilə bağlı fərqli fikirlər səsləndirirlər. Nimvegendəki Max Planck İnstitutunun nəzdində yerləşən Təhlükə Altında olan Dillər Arxivinin rəhbəri Paul Trilsbeekin sözlərinə görə dillərin ölümünə təsir edən faktorlardan biri də qloballaşmadır: “İnsanlar beynəlxalq dillərdə danışmağın onlar üçün daha çox imkanlar açdığını düşünürlər. Digər səbəb isə əhalinin getdikcə böyük şəhərlərə köçməsidir”.

O, son bir neçə ildə ölən dillərin sayının artdığını bildirib. O, on ildən çoxdur ki, dilləri təhlükə altında olan insanlarla ünsiyyətdə olmaq üçün dünyanın ən ucqar guşələrinə səyahət edir. Alimin sözlərinə görə dilləri ölməkdən xilas etməyin yeganə yolu onu təhsil müəssisələrində tədris etmək və onlayn məkanda təbliğini gücləndirməkdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları