Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-12 13:08:00
Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat qaydaları açıqlanıb  

Azərbaycanın ali məktəblərinə xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ‑lər) üçün qeydiyyat qaydaları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a  verilən məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib. 

 

Qeyd olunub ki, XQTİ üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdikləri XQTİ-nin aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. 

 

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

 

Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir (“Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı)  və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. XQTİ‑ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən abituriyentlər seçə bilərlər", - elanda bildirilib.