Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 16:42:20
"Dövlət qulluğuna qəbul üçün təkcə savadlı olmaq bəs eləmir"- Ekspert

 “Çox vaxt müsahibədə iştirak edənlər düşünürlər ki, sualların cavabını yaxşı bildilərsə, iş bununla tamamlandı. Amma elə deyil. İkinci mərhələdə yalnız iştirakçının biliyinə deyil, eyni zamanda xarakter, davranış, mədəniyyət etibarilə seçdiyi sahəyə uyğun olmasına da önəm verilir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Dövlət Qulluğu imtahanlarının müsahibə mərhələsi haqqında danışarkən deyib.

O, yalnız sualları öyrənib düzgün cavablamaqla müsahibə mərhələsindən keçməyin mümkünsüz olduğunu deyib:

“Dövlət Qulluğunun müsahibə mərhələsində əsasən ümumi biliklər, səviyyə yoxlanır. Mənim işəgötürənlərlə də, müsahibədə iştirak edənlərlə də söhbətim olub. İştirakçının hər şeydən əvvəl gedəcəyi sahə haqqında dərin məlumatı olmalıdır. Çünki hətta bəzi nazirliklərin işçiləri özləri mənlə söhbət zamanı şikayətlənirlər. Onların sözlərinə görə, iştirakçı hətta bəzən müsahibə mərhələsində keçsə də, qətiyyən bu sahəyə uyğun adam olmur. İşəgötürənlər həm xarakter, həm də savad baxımından həmin sahəni sevən, ona uyğun olan insanı seçməyə çalışırlar. İkinci mərhələdə yalnız iştirakçının biliyinə deyil, eyni zamanda xarakter, davranış, mədəniyyət etibarilə seçdiyi sahəyə uyğun olmasına da önəm verilir. Buna görə də müsahibədə çox adam şikayət edir ki, mən bütün sualları cavabladım, amma götürmədilər. Düzdür, burada subyektiv amillər də böyük rol oynaya bilər. Mənim işəgötürənlərlə səmimi söhbətlərim çox olub. Onlar deyirlər ki, biz həmin sahəyə hərtərəfli uyğun birini götürməyə çalışırıq. Yəni, yalnız sualları öyrənib düzgün, yerində cavablamaqla ikinci mərhələdən keçmək mümkün deyil”.

Onun sözlərinə görə dövlət qulluğu imtahanlarının ikinci mərhələsində bəzən subyektiv amillər də rol oynayır:

“İştirakçılar arasında kifayət qədər hazırlıqlı olan şəxslər olur. Amma bəzən hazırlıq səviyyəsi ondan aşağı olanlar keçir. Belə hallar çoxdur. Amma burada subyektiv amili 100 % həlledici saymaq olmaz. Təəssüf ki, subyektiv hallar var, kimsə kimi isə tanışlığa, münasibətə görə seçə bilər. Amma burada həm də insanın öz xarakteri, davranış və mədəniyyəti, kriteriyalarının həmin təyinata nə dərəcədə uyğun olması da rol oynayır”.

Sosioloq iştirakçılara müsahibə mərhələsi ilə bağlı müəyyən məsləhətlər verib:

“Çox vaxt müsahibədə iştirak edənlər düşünürlər ki, sualların cavabını yaxşı bildilərsə, iş bununla tamamlandı. Amma elə deyil. Müsahibə ilə bağlı onlara repititorlar da kömək edir. Repetitorların xidməti artmalıdır ki, iştirakçılar seçdikləri sahəyə uyğun davranışları da öyrənsinlər. Digər tərəfdən isə insanlar öz təyinatlarına uyğun sahəyə getməyə çalışmalıdırlar. İnsanın davranışı, hərəkəti getdiyi sahəyə uyğun deyilsə, onu repititor da maskalaya bilməyəcək. Bunu heç cür gizlətmək mümkün deyil. Ona görə də yaxşı olardı ki, xarakterləri, təyinatları da seçdikləri sahıyə yaxın olsun. İnsanlar öz ürəklərinə yaxın, onlara zövq verən sahəyə getməlidirlər. Çünki belə olduqda gələcəkdə o sahədə irəli getmək potensialları çox olur. Başqa sahədə isə həmişə özlərini ögey kimi hiss edəcək, karyeralarını arzıladıqları kimi qura bilməyəcəklər”.

O, repetitor köməyindən istifadə etmədən də dövlət qulluğu imtahanlarının öhdəsindən gəlməyin mümkün olduğunu vurğulayıb:

“Təəssüf ki, Azərbaycanda repetitor sistemi dəhşətl dərəcədə geniş yayılıb. Repetitorsuz müsahibəni keçmək az qala çətindir. Hər halda onlar təcrübəli adamlar olur, iştirakçıları müsahibəni keçmək üçün daha yaxşı hazırlayırlar. Amma repetitorsuz da hazırlaşıb, müsahibədən uğurla keçənlər var. Bu, insanın öz qabiliyyətindən asılıdır”.