Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-09 15:21:00
“Böyük Vətən müharibəsi”ndəki qələbədə Azərbaycanın payı danılmazdı  

 

“Bu qələbə o zamankı “Böyük Vətənin” kiçik parçasının, böyük tarixinin şanlı bir səhifəsi idi”.

 

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İçtimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

 

 

 

O, “Böyük Vətən müharibəsi” görmədiyini və bunu heç kəsə də arzulamadığını qeyd edir.

 

 

 

“Heç atam da o müharibəni görməyib, çünki gənc idi, Bayılda “20-ıy posyolok” deyilən sahəd neft mədənlərində işləyirdi. Neftçiləri hərbi xidmətə cəlb etmirdilər, arxa cəbhə sayılırdı. Neft o zaman qələbə üçün hər şey demək idi. Müharibə başa çatdıqdan xeyli sonra Badamdar qəsəbəsində neftçilər üçün taxtadan quraşdırılmış, “finski barak” deyilən 2 yanaşı yataqxanalardan birində dünyaya gəldik, böyüdük, ərsəyə yetdik”.

 

 

 

 

Nadir İsrafilov qeyd edir ki, neçə illər keçməsinə baxmayaraq, hər “9 may” gələndə, özünü müharibə iştirakçısı kimi zənn edir. 

 

 

 

“Çünki böyük əmilərim, dayılarım ön cəbhələrdə vuruşub, onlardan qayıdanlar da olub, qayitmayanlar da. Müharibənin bütün keşmə-keşlərini onlardan eşitmişəm.

 

 

 

Atamın sözlərindən böyük əmim Quba rayonunun Hərbi komissarlığında II çast adlanan sahə üzrə hərbi mükəlləfiyyət  işlərinə baxırdı. 1941- ci ilin iyununda müharibə başlayan vaxt könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etmişdi. Xahişi bir müddət təmin olunmadı. Nəhayət, israrlı və davamlı təkidlərindən sonra onu cəbhəyə göndərdilər. Rütbəsi kapitan idi. Berlinə qədər ağır və əzablı yol keçdi. Son məktubunda ona mayor rütbəsi verilməsi və tezliklə qaydacağını bildirirdi. Verilən rəsmi xəbərlərə görə Reyxstaqın üzərinə bayraq sancılmış, müharibə qələbə ilə başa çatmışdı. Ancaq, qayıdanlar qayıtdı, o qayitmadı.

 

 

 

Aradan 20 il keçdi. Günlərin birində atamı Rayon partiya komitəsinə çağırdılar, onun Çexoslavakiya Sosialist Respublikasına dəvət olunması ilə bağlı rəsmi məktubla tanış etdilər. Biz hələ uşaq idik, orta məktəbin aralıq siniflərində oxuyurduq, nəyin nə olduğunu başa düşmürdük. Sən demə, mayın 8-də Berlin alındıqdan sonra, Almaniyanın hamılıqla və qeyri-şərtsiz tərkisilah olunması barədə pakt imzalanmasına baxmyaraq, Çexoslavakiyada bir korpus baş qaldırıb, müqavimət göstərməkdə davam edib. Ali Hərbi komandanlığın göstərişinə əsasən Berlindəki qarnizonlardan bir neçəsi həmin qiyamı yatırmaq üçün Praqaya yeridilib. Əmim də həmin qarnizonların birində olub və mayın 9-da faşist gülləsinə tuş gəlib.

 

 

Müharibə başa çatdıqdan və Çexoslavakiya faşizm istibdadından tam azad olunduqdan sonra “Qırmızı ləpirşilər” adlı bir qrup Praqanın azad olunması yolunda canlarından keçənlər barədə materiallar toplamağa başlamış, xilaskarları onlar üçün ayrılmış xüsusi məzarlıqda dəfn etmiş, və onların qohum-əqrabalarını axtarıb tapmaq işləri ilə məşğul olmuşlar. Atama göndərilən məktub da bu axtarışlardan birinin nəticəsi idi ki, o da 20 ildən sonra olsa da doğma qardaşının üzünü görməsə də heç olmasa məzarını belə görə bildi”.

 

 

 

Təhsil eksperti bir müddət “9 may”ın unudulduğunu vurğulayır.

 

 

 

“Bir ara “9 may”a biganə münasibət bəsləyəndə, hətta 9 may bayramını ləğv etmək fikrinə düşəndə belə nəzərə almadıq ki, bu müharibə "Böyük Vətən müharibəsi" idi, Vətən uğrunda, bu gün uğrunda gedirdi, vətən övladlarının gələcək xoşbəxtliyi naminə idi. Bu qələbə o zamankı “Böyük Vətənin” kiçik parçasının, böyük tarixinin şanlı bir səhifəsi idi. Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. 

 

 

Rəsmi statistikaya görə həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub.  Müharibə illərində Sovet İttifaqında hasil edilmiş 110 milyon ton neftin 75 milyon tonu Azərbaycan neftçiləri tərəfindən hasil edilib”.

 

 

Sədr müavini söyləyir ki, müasir respublikamız “Böyük Vətən müharibə” sinə önəm verir.

 

 

 

“Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə 2-ci qayıdışından sonra bu soyuqluq və haqsızlıq aradan götürüldü, ədalət bərpa olundu. Ümummilli liderin veteranlara böyük sevgi və qayğısını Prezident İlham Əliyev qədirbilənliklə davam etdirir, Dövlət başçısı 2003-cü ildən başlayaraq hər il bu münasibətlə görüşlər təşkil edir, müharibə veteranları ilə bağlı yeni qərarlar qəbul edir. 

 

 

 

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə  Azərbaycan xalqına ən səmimi təbriklərini yetirərək, bu bayramın xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olduğunu, ölkəmizin tarixi qələbəyə mühüm töhfələr verdiyinı və bu hər bir  azərbaycanlıya daim qürur və fərəh hissi yaşatdığını qeyd etməklə, həm prezidentin həm də özünün bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə bu əlamətdar tarixin birgə qeyd edilməməsinə öz təəssüfünü bildirmişdir. 

 

 

 

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Qafur Məmmədov, Gəray Əsədov, Ziya Bünyadov və onlarla digər oğullarımızın şanlı qəhrəmanlıq nümunəsi yeniyetmə və gənclərimizin vətənpərvərlik tərbiyəsi üçün tarixi səlnamədir”.