Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 16:01:00
Distant təhsil tələbələri nə dərəcədə qane edir?- “Təəssüf ki, mobil operatorlardan ciddi addım görmədik” (SORĞU)

Hazırkı  vəziyyətdə dərs proqramının konpensasiya edilməsi məqsədi ilə ölkə ərazisində dərslər məsafədən, yəni distant şəkildə davam etdirilir. Bu, xüsusi ilə əksər ali məktəblər üçün olduqca yeni və sınanmamış  metoddur.

 

Tələbələrin dərslərdən geri qalmaması üçün təhsilin distant formada təşkili əlverişli hesab edilir. Bəs görəsən bu təhsil forması  tələbələri nə dərəcədə qane edir?

 

AzEdu.az  müxtəlif  universitetlərdən olan tələbələrin bu mövzu ilə bağlı düşüncələrini  təqdim edir:

 

Mingəçevir Dövlət Universiteti, İqtisadiyyat və İdarəetmə fakultəsi III kurs Anar Quliyev:

 

 Düşünürəm ki,  distant təhsil ümumiyyətlə formal təhsilin ən zəif halqası kimi aktivdir.  Buna baxmayaraq  həm KİV-lər, həm də digər proqramlar vasitəsi ilə  internet əlyetərliliyi olduğu halda bir həll vasitəsinə çevrilə bilər.

 

 MDU karantin şəraitində distant təhsil imkanlarından maksimal dərəcədə yararlanan universitetlər sırasındadır. Hətta "Zoom" proqramı  vasitəsi ilə dərslərin keçirilməsinə nail olan ilk universitetlərdəndir.

 

 Universitetimiz bölgələrdə yaşayan tələbələrə daha çox ev sahibliyi etdiyindən, bu tələbələrin internetə çıxış imkanları məhdud olmasına baxmayaraq Magistratura pilləsi daxil olmaqla 80% tələbənin ditant təhsildən yararlanmasına şərait yaratmışdır.

 

Qeyd edim ki, Distant təhsil öz növbəsində universitetlərin açıq qapı siyasətini daha çox dəstəklədi. Belə ki, universitetlər öz təcrübələrini bir-biri ilə həm də praktiki cəhətdən bölüşmüş oldular. Məsələn, MDU tələbəsi UNEC-in dərslərindən yararlanaraq öz universitetindəki tədrisi təhlil edə bildi.

 

 Təklifim isə ondan ibarətdir ki, əvvəlcədən bu kimi problemlər nəzərə alınaraq  hazırlıq görülsün,  pilot layihələrlə vaxtaşırı təcrübə aparılsın.

 

Distant təhsil məlumat interfeysi və internet əlyetərliliyinin maksilam orta qiyməti ilə xarakterizə edilir. Məhz bu faktrı əldə rəhbər tutsaq, düşünürəm ki, tələbə paketlərinin aktivləşdirilməsinə ehtiyac labüddür. Məsələn, tələbələrə özəl kontakt  yaradılmış  mobil operatr Təhsil Nazirliyi ilə birgə dərs paketlərini pulsuz şəkildə paylasın. Tələbənin şəxsi kabinetində bu interfeys dərc edilsin və tələbə internet paketini yalnız distant təhsil ünvanlı istifadə edə bilsin.

 

Azərbaycan Texniki Universiteti, Elektronika, Energetika və Avtomatika fakultəsi  III  kurs  tələbəsi Quliyeva Lamiyə :

 

- Hazırki vəziyyəti nəzərə alsaq, dərslərdən geri qalmamaq üçün distant təhsil forması  kifayət qədər əlverişlidir. Universitet rəhbərliyi də dərslərimizə rahat şəkildə davam edə bilməyimiz üçün bizi lazımi şəraitlə təmin edib. Məsələn, yaxın günlərdə universitetimiz internet problemi olan  600 tələbəni "Azercell" şirkətinin güzəştli tariflə təqdim etdiyi  internet paketi ilə təmin edib.

 

Ancaq bəzi rayon və kəndlərdə yaşayan tələbələr üçün vəziyyət o qədər də ürəkaçan deyil. Bu tələbələrin əksəriyyəti  şəbəkənin zəif olması səbəbi ilə dərslərə qoşula bilmir, onların arasında əlaçı tələbələr də olur. Bu səbəblə müəllimlərin bütün bunları nəzərə alaraq müəyyən güzəştlər göstərməsi arzuolunandır.  Ümid  edirəm ki, yaxın zamanda hər şey düzələr və biz də normal təhsil sisteminə qayıdarıq.

 

Bakı Dövlət Universiteti, Jurnalistika  fakultəsi  III  kurs tələbəsi Aləmdə Nəsib :

-Online dərslərimizi Microsoft Teams platforması üzərində keçirik. Hazırkı vəziyyətdə dərslərdən tamamilə uzaqlaşmamağımız üçün bu qanedicidir. Lakin bəzən ya müəllimdə, ya da özümdə internetin sürəti zəifləyir və problem yaşanır. Bundan əlavə rayonda olan tələbə yoldaşlarımızın bir çoxunda da  internetin sürəti ilə bağlı problem var. Buna görə dərslərə qoşula bilmirlər.

 

 Təəssüf ki, bu günlərdə mobil operatorlardan ciddi və diqqətçəkən bir addım görmədik, bildiyim qədəri ilə heç bir güzəşt etmədilər. Rayonda ancaq  mobil internetlə qoşulan tələbə yoldaşlarım da bu kimi problemlərə görə dərsə qatıla bilmir. Beləcə tələbə sayı az olduqda dərslərin motivasiyası da aşağı olur. Adətən dərsə 3-4 nəfər qoşulur və imtahan sualları ətrafında müzakirə aparırıq.

 

Bütün bunlara baxmayaraq düşünürəm ki, karantin sonrası keçiriləcək dərslərin daha  tez  mənimsənilməsi və imtahanda uğurlu olmağımız üçün online dərslər çox kömək olacaq.

 

Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə ixtisası üzrə  III kurs tələbəsi İbadullayev Əliağa :

-Bizdə sabah qrupları Təhsil Nazirliyinin hazırladığı  “Microsoft Teams” platforması üzrə, qalan tələbələr isə universitetin hazırladığı proqram  “ZOOM” platforması üzrzərindən dərsləri davam etdirir.

 

Qeyd edim ki, dərslər aprelin 1-dən etdibarən“Microsoft Teams” platforması üzrə daha yaxşı keçirilir. Çünki əvvəl “ZOOM” proqramı ilə keçdiyimiz dərslər  zamanı  müəyyən qarışıqlıqlar  yaranırdı, dərslərin keçirilmə saatı, qoşulma problemi və s. Ancaq hazırda “Microsoft Teams”də bu problemlərlə üzləşmirik. Belə ki, ZOOM proqramı vasitəsi ilə dərslərə bir fənn üzrə çox sayda tələbə qoşulurdu və bizim üçün problem yaranırdı, dərslərimiz çox da effektli olmurdu. Ancaq  “Microsoft Teams” proqramı vasitəsi ilə dərslərimizə sadəcə bizim qrup qoşulur. Bu səbəblər “Microsoft Teams” platforması üzrə dərsləri daha effektiv hesab edirəm.

 

Ümumilikdə bizi narahat edən əsasə məsələ kollokviumlarla bağlı  vəziyyətdir. Digər universitetlərdə necə olacağını deyə bilmərəm, ancaq çox güman ki, bizə kollokvium keçiriləcək. 

 

Dərslərin distant şəkildə davam etdirilməsi ilə bağlı əksər tələbələlərin əsas problemi internet sürətinin zəifliyi və ya ümumiyyətlə olmamasıdır. Universitetimizdə dərslərə başlamazdan əvvəl bununla bağlı  tələbələr arasında sorğu keçirildi.  Nəticə olaraq  internet problemi olan tələbələr müəyyənləşdirilərək nəzərə alındı. Etiraf  edim ki,  məsafədən təhsil sistemi təbii olaraq əyani təhsil qədər effektiv deyil. Ancaq hazırki vəziyyəti nəzərə alsaq bundan daha yaxşı  çıxış yolu görünmür. Ümumilikdə hazırda keçirilən distant təhsil sistemi ilə bağlı fikirlərim müsbət istiqamətdədir. Nəticədə bu sistem vasitəsi ilə dərs proqramından geri qalmır, tətil müddətini dərslər baxımından səmərəli keçiririk.

 

Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakultəsi  III kurs tələbəsi Fərruxov Mənsur :

-Digər universitetlərdən fərqli olaraq bizim universitet  distant təhsil sisteminə  nisbətən gec başladı. Buna baxmayaraq  bu addım bizim üçün faydalı oldu deyə bilərəm. Çünki ən azında bu müddəti boş keçirmirik, nələrsə öyrənirik və bu sayədə dərslərdən çox da geri qalmırıq. Əgər hazırda dərslər keçirilməsə, o zaman tətil müddəti bitdikdən sonra dərs proqramı bizim üçün çox ağır olardı. Əyani təhsilqədər effektiv deyil, ancaq fənnə görə maraqlı olur.

 

 Onu da qeyd edim ki, bizim ixtisas daha çox praktiki biliklərə əsaslanır və  bu baxımdan bizim üçün böyük çətinlik yaranır. Müəllimlər bununla bağlı əllərindən gələni edirlər, amma təcrübənin real şahidi olmaq və əyani olaraq bu praktiki bilikləri inkişaf etdirmək  zəruridir. Karantin müddətinin bitməsinə və ən qısa zamanda dərslərimizə dönəcəyimizə ümüd edirəm.

 

Hərbi Tibb fakultəsi  III kurs tələbəsi Adilov Coşqun :

-Bu təhsil sistemi məni ümumiyyətlə qane etmir deyə bilərəm. Düşünürəm ki, müəllimlər buna tam hazır deyil. Bunun üçün bir çox səbəb var. Dərslərimiz  30-40 dəqiqə çəkir. Tələbələrin dərsə qoşulması, müəllimlərin dərsə qoşulanlar arasında apardığı yoxlanış və s. hardasa 10 dəqiqə aparır. Bizə qalan 30 dəqiqədə keçirilən dərs zamanı müəllim dərsi izah edərkən internet gedirsə artıq  o mövzunu dinləmə imkanını itiririk. Bu da müəyyən mövzunun  mənimsənilməsinə problem yaradır.

 

Məsələn, Daun sindiromunun müalicə üsulları dərsimiz var. Burada mən öyrəndiyim müalicə metodlarını  tətbiq etməliyəm : palpasiya,perkusiya. Ancaq indi sadəcə müəllimin rus dilində göndərdiyi videolara baxaraq  müəyyən qədər öyrənməyə  çalışırıq  ki, əgər bu tam öyrənmək sayılarsa.

 

 Bəzən müəllimlər təyin olunan dərs vaxtını unudur, ya da dərs vaxtı dəqiq təyin olunmur. Bu səbəblə dərs vaxtlarının tam dəqiq təyin olunması bizim üçün olduqca zəruridir. Eyni zamanda bəzi tələbələrimiz internet problemi səbəbi ilə dərslərə qoşula bilmir. Bu tələbələr üçün  ən azından AzTU-da olduğu kimi müəyyən imkanların yaradılması arzuolunandır.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İstilik Energetikası fakultəsi  III tələbəsi Mustafayeva Elvina :

-Hazırki şəraitlə əlaqədər olaraq  dərs proqramından  geri qalmamaq  üçün universitetimizdə dərslər distant təhsil sistemi üzrə keçirilir. Təbii ki, bu təhsil sistemi əyani təhsil qədər  uğurlu sayılmaz. Çünki bir çox cəhətdən tələbələr üçün  müxtəlif  problemlər yaranır.

 

ADNSU -da distant təhsil müəllimlər tərəfindən bacarılan qədər yüksək səviyyədə keçirilməyə çalışılır. Ama tələbələrdə bir neçə problemlər var ki, nəticə olaraq bu təhsil sistemi onları qane etmir. Bu problemlər təbi ki, başlıca olaraq internet və  tələbələrin dərslə bağlı ləvazimatların özlərində olmaması ilə əlaqədardır. Bu da universitet müəllimlərinə bildirilir. Həmçinin müəllimlərin bir çoxu da bu problemləri nəzərə alaraq güzəşt edirlər.

 

 Təklifim ondan ibarətdir ki, bütün rayonları nəzərə alaraq  internet problemi həll olunsun. Ən azından bir çox tələbənin təhsilə qarşı olan marağına kömək olar.

 

Bakı  Slavyan  Universiteti, Məktəbəqədər təlim tərbiyə və ibtidai təhsil fakultəsi  III kurs tələbəsi Kərimova Bahar :

-Düşünürəm ki, distant təhsil həm sağlamlıq,  həm də texnoloji biliklərin artırılması baxımdan  əlverişlidir. Hazırki vəziyyəti nəzərə alsaq  təhlükəsiz  və rahat  şəkildə təhsilimizi davam etdirə, dərslərimizlə məşğul ola bilirik. Həmçinin, bizim üçün yollarda vaxt  itkisi olmur.

 

Düşünürəm ki, məsafədən təhsil sistemi bir qədər də inkişaf etdirilməli, daha dəqiq qurulmalıdır. Bu sayədə , semestr imtahanlarının da gələcək zamanda onlayn keçirilməsi bizim üçün arzuolunandır.