Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 12:30:00
Deputat: Təhsil dövlət siyasətinin əsas prioritetlərindəndir

Prezident İlham Əliyevin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamları bütün ölkənin pandemiya bəlasına qarşı mübarizəyə səfərbər olunduğu bir dövrdə, təhsilin heç bir problemə baxmayaraq, prioritet olması deməkdir.

 

AzEdu.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib. O qeyd edib ki, dövlətin təhsil siyasətində keyfiyyət prinsipi mühüm yer tutur. Bu zaman təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu təmin edilir. Həmçinin səmərəlilik əsasında təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili həyata keçirilir. Fasiləsizlik, vəhdətlik, daimilik kimi yanaşmalarla mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi, təhsilin pillələri arasında sıx dialektik qarşılıqlı əlaqə, eləcə də insanın ömürboyu təhsil alması təmin olunur. Milli təhsil sistemi dünya təhsil sisteminə səmərəli formada inteqrasiya edilir.

 

Deputat müvafiq sərəncamları da təhsil sisteminin daim təmin edilməsi prizmasından olduqca önəmli sayır: “Bilirsiniz ki, ölkəmizdə tətbiq edilən karantin rejimi şəraitində bütün fəaliyyət sahələrində, o cümlədən təhsildə də hərəkətlilik qadağan edilib. Dövlət büdcəsi də karantin rejiminin tələblərinə uyğunlaşdırlıb. Məhz belə bir vaxtda ölkə rəhbərinin təhsilə sərmayə qoyuluşunu artırması, gələcəyin əsas uğurunun təhsillə bağlı olduğunu göstərir.

 

Sərəncama uyğun olaraq bölgələrdə müasir, modul tipli məktəblərin tikintisi üçün 10 milyon manatın Təhsil Nazirliyinə ayrılması olduqca mühüm addımdır. Digər mühüm addım isə infrastrukturun bərpası ilə əlamətdardır ki, burda da Bakı şəhərində və onun qəsəbələrində tikintisi, əsaslı təmiri və bərpası nəzərdə tutulan məktəblərin siyahısına baxsaq, ümumi mənzərə haqda olduqca yüksək fikirlər söyləmək olar”.

 

T.Cəfərova onu da qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə təhsil müəssisələrinin inşası, təmiri, bərpası və quruculuq işləri davamlı xarakter daşıyır.

 

“Bu gün bölgələrdə, ucqarlarda müasir tipli məktəblər inşa edilib, amma hələ də yenidən qurulmasına ehtiyac olan təhsil müəssisələri var. Sərəncamdan da göründüyü kimi, modul tipli məktəblər əsasən ucqar rayonlarda inşa edilir. Bu tipli məktəblər azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılır, sinif otaqlarının sayı şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır”, - deyə T.Cəfərova bildirib.