Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 17:00:00
“Bəziləri elə fikirləşir ki, evdə oturub, maaşlarımızı alırıq, amma ...”- Ucqar kənd müəllimi

 “Martın 3-dən təhsil dayandırılıb, mən isə martın 11-dən etibarən şagirdlərimə “Whatsapp” və “Jitsi” proqramı vasitəsilə onlayn dərslər keçirəm. Uşaqlar dərslərdə iştirak etməyə çalışırlar, ancaq bəzi çalışqan şagirdlərim var ki, onlar qoşula bilmirlər.

 

Bəzilərinin interneti, bəzilərinin, ümumiyyətlə, telefonu yoxdur. Ancaq mən videolar çəkməklə dərsləri onlara izah edirəm, şagirdlər isə tapşırıqları yazıb mənə atırlar”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Xaçmaz rayonu Hacəlibəy kənd tam orta məktəbinin fizika müəllimi Azadə Mədətzadə söyləyib.

 

Onun sözlərinə görə, onlayn təhsil zamanı dərslərin müddətinin çox olması uşaqların mövzuları daha yaxşı öyrənməsinə şərait yaradır. Ancaq müəllim qeyd edib ki, kənd yerində internet problemi olduğuna görə şagirdlərin hamısının dərslərdə iştirak etməsi mümkün deyil:

 

 

“Onlayn təhsilin əsas üstünlüyü odur ki, əgər sinifdə olduğumuzda 20 şagirdə 45 dəqiqə dərs deyə bilirdiksə, indi 3 şagirdə 50-60 dəqiqə “Whatsapp” vasitəsilə görüntülü şəkildə dərslər keçirəm, bu müddət isə mövzunu daha yaxşı mənimsəmələrinə kömək edir. Onlayn təhsil zamanı uşaqlar dərslərə daha məsuliyyətli yanaşırlar. Hətta sinifdə mövzulara zəif hazırlaşan şagirdlərim belə, indi dərslərinə daha çox hazırlıqlı olurlar. Baxmayaraq ki, sinifdə etmirdilər, indi isə məsələləri aydın şəkildə həll edirlər.

 

Onlayn təhsilin çatışmayan cəhətləri də çoxdur. Dərs dediyim fənn fizika olduğu üçün bəzi mövzuları cihazlarla göstərə bilmirəm. Əsas problemimiz isə təbii ki, internetdir. İnternetləri olmayanda uşaqlar dərslərə qoşula bilmirlər. Bəzi şagirdlərimi isə internetləri, telefonları olduğu halda dərslərə cəlb etmək mümkün deyil”.

 

 

Fizika müəllimi bildirib ki, uşaqlar dərslərə böyük həvəslə qoşulurlar. Onların dərsləri mənimsəmələrində heç bir problem yoxdur:

 

 

“Uşaqlar dərsləri mənimsəyirlər, burada heç bir problemimiz olmur. Fikrimcə, oxuyan hər şəraitdə öyrənir, öyrətdiklərimin isə 90-95 %-ni özümə qaytara bilirlər. Mənim üçün ən əsası şagird çoxluğu yox, oxuyanların çox olmasıdır. Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verirəm. Təəssüf ki, 11-ci sinfim dərslərdə iştirak edə bilmir. Onları da başa düşmək olar, çünki imtahanlara hazırlaşırlar.

 

Əsas məqsədimiz uşaqların təhsildən geri qalmamasını təmin etməkdir, bunun üçün isə əlimizdən nə gəlirsə, etməyə hazırıq. Bəzi fənlər var ki, uşaqlar onlayn dərslərdə iştirak etmirlər, ancaq fizikaya böyük istəklə qoşulurlar.

 

Mən özüm də dərslərə başladığımızda çox sevinirəm, həvəslə dərsimin başlamasını gözləyirəm. Şagirdlərim olmasaydı, 2 ay evdə qala bilməzdim”.

 

“Təbii ki, uşaqlar məktəbin açılmasını çox istəyirdilər, bu səbəbdən mayın 4-nü gözləyirdilər. Ancaq təəssüf ki, vaxt yenə uzadıldı. Mən də məktəblərin tezliklə açılmasını istəyirəm, amma verilən qərarlar onu göstərir ki, bu il dərs olmayacaq. Buna görə də biz müəllimlər yaranmış bu çətin vəziyyətdə şagirdlərimiz üçün daha artığını etməliyik. Bəziləri fikirləşir ki, müəllimlər evdə oturub, maaşlarını alırlar. Amma demək istəyərdim ki, biz hazırda məktəbdəkindən daha çox işləyirik və maaşlarımız verilməsə belə, əlimizdən gələni etməyə hazırıq”, - deyə Azadə müəllim sözlərinə əlavə edib.