Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 11:45:48
10-cu sinifdə nüfuzlu  universitetə dəvət   edilən gənc xanım – O, 106 ölkənin tələbələri arasında birinciliyi necə qazandı? -MÜSAHİBƏ

Müsahibimiz Türkiyənin nüfuzlu  ali təhsil ocaqlarından biri olan  Bağçaşəhər Universitetinin tələbəsi Günel Musayevadır.

O,universitetdə 106 ölkədən təhsilaalan çoxsaylı tələbələr arasında universitet birincisi olub və "Qızıl beyin" mükafatına layiq görülüb. İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsini bitirən Günel  BağçaşəhərUniversiteti ilə tələbə mübadiləsi əsasında təhsilini ABŞ-da Syracuse Universitetində davam etdirib.

Qeyd edək ki, onun universitet tələbələri qarşısında məzuniyyət çıxışı sosial şəbəkələrdə böyük maraq doğurmuşdu. 

-Günel, əvvəldən başlayaq; Necəolduki, Bağçaşəhər Universitetinə qəbul olundunuz?

-BAU-nun təsisçi heyəti Azərbaycanda səfərdə idi. Məktəbimiz“İlin məktəbi” seçildiyi üçün xatırladığım qədəriylə Təhsil Nazirliyi tərəfindən qonaq olaraq  dəvət edilmişdilər. Xocalı soyqırımı ilə əlaqəli tədbir hazırlanmışdı. Biz də orada çıxış etdik. İdarə heyətinin rəhbəri Ənvər Yücəl özü orada bizi görüb və haqqımızda bilgi almışdı. Elə həmin gün bizi BAU-ya təhsil almağa dəvət etdi. Qeyd edim ki, biz o zaman hələ onuncu sinifdə oxuyurduq. Beləliklə, bizim BAU macəramız başladı.

-Universitetə dəvət almamışdan  əvvəl Türkiyədə təhsil barədə düşünmüşdünüz?

-Bəli, biz xaricdə təhsil barədə həmişə düşünürdük, ancaq o vaxt üçün yaxınlıq, mədəniyyət baxımından Türkiyə daha optimal variant idi. Eyni zamanda, universitetin təmin etdiyi imkanlar, xaricə inteqrasiya baxımından da istəklərimizi qane edirdi deyə, seçimimiz bu istiqamətdə oldu.

-Məktəb illərinə qayıdaq; Bacınızla  eyni sinifdə oxuyurdunuz?Həmin illərdə hansı yüksək göstəriciləriniz olub?

-Bəli,  biz birinci sinifdən etibarən, birgə oxuyuruq. Hətta həmişə parta yoldaşı olmuşuq. Hər ikimiz də məktəbdə bütün dərslərimizi əla qiymətlərlə bitirmişik. Həmin illərdə inşa, bədii qiraət və bilik olimpiadalarında iştirak etmişəm, rayon, şəhər və respublika mərhələlərində əldə etdiyim dərəcələrim var. Məsələn, biologiya, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ümumi fənnlər və s.

- Bəs bacınızla eyni universitetdə təhsil almaq necə idi?

-Çox gözəl bir duyğudur. Hara gedirsinizsə, nə işlə məşğul olursunuzsa, sizə daim dəstək olan və əsla yalnız hiss etdirməyən biri var yanınızda. Bu, sözün əsl mənasında xoşbəxtlikdir.

-Bildiyim qədər,liseyi də uğurlu nəticələrlə bitirmisiniz. Bu haqda danışardınız...

-Məktəbdə təhsil aldığım müddətdə qiymətlərim əla olub, mütəmadi olaraq bilik olimpiadalarında iştirak etmişəm, ombudsmanın təşəbbüsü ilə yaradılan “Liderlik Məktəbi” nə qatılmışam. Dərs xaricində ədəbiyyatla maraqlandığım üçün inşa, bədii qiraət yarışlarında iştirak edib, məktəbimizə dərəcələr qazandırma şansına sahib olmuşam. Yekun olaraqsa, məktəbi qızıl medalla bitirdim və sevindirici haldır ki, bizim məzun olduğumuz il üçün bütün məzunlar adına çıxışı mən etmişdim.

-Bağçaşəhər Universitetində bakalavr pilləsini hansı ixtisas üzrə təhsil aldınız?

-İqtisadiyyat, İdarəetmə ve Sosial Elmlər fakültəsinin əsas ixtisas olaraq Beynəlxalq maliyyə və ikinci ixtisas isə İqtisadiyyat idi

-Sizcə, Türkiyədə  təhsil sizə nə qazandırdı?

-Çox gözəl təəssüratlarım oldu. Həm şəxsi həyatımda, həm də akademik baxımdan. Akademik olaraq kifayət qədər gözəl təhsil aldım və bu təhsil kitablar, nəzəri biliklərlə sərhədləndirilməmişdi, texniki zəruri avadanlıqları, texnologiyanın modern tərəflərindən istifadə etməyi öyrəndim. Müəllimlərlə aramızdakı səmimi ünsiyyət, onların təcrübələrini, təəssüratlarını eşitmək gələcək planlarımızda bəhrələnməyimiz üçün bünövrə oldu. Özəl həyat baxımındansa, mən fərd olaraq yetişdim. Ailədən uzaqda qalmaq rahatlıqdan çıxmaq deməkdir və siz həyatla əlaqəli bir çox şeyi öyrənməli olursunuz. Onun xaricində isə bir cox xarici ölkələrdən olan dostlarımızın sayəsində dünyaya və cərəyan edən hadisələrə tolerant yanaşmağı öyrəndim. İnsanları mənsub olduqları toplumlara görə deyil, fərd olaraq dəyərləndirməyi öyrəndim.

-Azərbaycanda təhsil alsaydınız  müvəffəqiyyətlə universiteti bitirəcəyinizə inanırsınızmı?

-İnanıram. Baxmayaraq ki, bəzi universitetlərdə hələ də tapşırıqlar, rüşvət və s. kimi hallar müşahidə olunur. Mən rəfiqələrimdən gördüyüm qədəriylə deyə bilərəm ki, tələbə zəhmət çəkirsə, bunu görən müəllimlər onun əməyini ən az rüşvət verən tələbənin qazandığı bal kimi qiymətləndirməyəcək qədər insafsız deyillər. Ən azından, buna inanmaq istəyirəm. Ona görə də, Bakıda olub, orada təhsil almış olsaydım belə, çətinliklər qarşısında bədbin olmamağa çalışıb, bütün gücümlə özümü inkişaf etdirməyə və ixtisasımı tam mənimsəməyə çalışardım. Yetərli olmayan vasitələri, vəsaitləri isə xarici amillərlə, yəni kurslar, internet, coursera proqramları və s. ilə qarşılaayardım. Çünki sonda sahib olduğunuz biliklər istəklərinizi reallaşdırmaq üçün zəruri olacaq. “Bilik qılıncdan daha kəskindir” deyib atalar.

-Ora dəvət edilən tələbə kimi sizə qarşı xarici tələbələrin münasibəti necə idi?

-Orda hər beş tələbədən biri xaricidir. Ona görə, bu baxımdan hansısa fərqimiz yox idi. Ancaq dərslərdə və ətrafımızda əldə etdiyimiz xoş ünsiyyət, həm xarici, həm də türk tələbələrdən ibarət universitet şurasında aktiv, idarəedici rol oynaya bilməmizdə köməkçi olub.

- “Qızıl beyin”mükafatını qazandınız. Bu uğura çatmaq üçün nələr etmək lazımdır?

-Daha çox əzmlə və motivasiya ilə çalışmaq. Çünki əmək olmadan heç nəyə nail olunmur, başqaları hesabına nələrəsə çatsan belə, bu ya əbədi olmur, ya da “self satisfaction” vermir. Yəni əməklə istəyinizə çatmağın verdiyi zövq fərqlidir.Bu arada, mən sadəcə kitab oxumaq, dərs çalışmaq yetərlidir demirəm. Motivasiya zəruridir və onu sizə təmin edəcək bir şeylər tapmalısınız ki, olduğunuz yerdən, keçirdiyiniz zamandan zövq alasınız. Oxumaq sizə işgəncə kimi yox, zərurət kimi görünsün. Təbii ki, doğru zamanlama, növbənin müəyyənləşdirildiyi gündəlik cədvəl də digər faktorlardır.

- Bu mükafat həyatınızda nələrisə dəyişdimi?

-Açıqcası, bu, sizin ona necə yaxınlaşmanızdan və hansı şəkildə özünüzü təqdim etmənizdən asılı olaraq dəyişir. Mənim üçün ”Qızıl Beyin” qazanmaq bir uğur idi, ancaq bunu, artıq keçmişə aid bir titul kimi səciyyələndirirəm. Necə ki, mən universitetə daxil olduğumda da məktəbi qızıl medalla bitirmiş tələbə idim, ancaq hər kəs məni sadəcə Günel olaraq tanıyırdı. Çox da  ortalama balım neçədir, neçə bölüm oxumuşam, hara getmişəm, harada işləmişəm və s. haqqında danışmağı o qədər də sevmirəm. Bu təkcə, təvazökarlıq olsun deyə deyil, yəni qatıldığım yeni mühitdə insanların məni keçmişdə qazandığım nailiyyətlərə görə xarakterizə edib dəyərləndirməsini deyil, fərd olaraq tanımağa çalışmasını, analiz edib şəxsi düşüncələrini formalaşdırmalarını istəyirəm. Psixoanalitik yanaşma ilə açıqlasam, ayna effekti yaratmaq və kateqoriyalar üzərindən qiymətləndirilmək mənim prinsiplərimə ziddir. Qısacası, insan əldə etdiyi hər uğurdan sonra həyatında dəyişiklər müşahidə edir ki, bu, müsbət haldır. Ancaq bunun şişirdilməsi və əldə etdiyiniz bir şeyin bütün həyatınızı ələ keçirməsi isə zənnimcə doğru deyil. Bağlılıq və bir şeyə aludə olmaq mənlik deyil. Yəni, nail olduğum hər uğur kimi bu mükafata görə də özümü çox mütəşəkkir hiss edirəm. Fəqət keçmişdən nəticə çıxararaq və faydalı təcrübələr qazanaraq bu günü yaşamaq və bu günə fokuslanaraq maksimum şəkildə bəhrələnmək, gələcək üçün yeni addımlar atmaq daha məqsədyönlü və sağlam düşüncədir.

- İki şəxs eyni göstəricilərlə çıxış etsəydi, hər birinin “Qızıl beyin” mükafatı almaq şansı var idimi? Universitet tarixində belə bir şey olubmu?

-Xeyr, belə bir şans yoxdur, yəni şagirdin dəyərləndirilməsi üçün ilkin və ən önəmli kateqoriya  ortalama balı olsa da, digər nüanslar da nəzərə alınır. Əgər ortalama bal eynidirsə, hansı tələbənin nə qədər müddətə məzun olduğuna baxılır və daha qısa zamanda bitirənə birincilik verilir. Eyni zamanda dərs deyən müəllimlərin, dekanların tələbələr haqqında rəyləri, xarici proqramlarda əldə etdiyi uğurlar və s. da diqqətə alınır.

-Magistratura təhsilinizi də eyni universitetdə davam etdirirsiniz. Öz seçiminiz idimi, yoxsa bu şans uğurlu tələbə olduğunuza görə sizə verildi?

-Universitet tərəfindən təklif gəldi və biz də əvvəldən davam etdirmək barədə qərar verdiyimiz üçün xoş oldu.

-Magistraturadan sonra yenə təhsilinizə davam etmək istəyirsinizmi? Seçiminiz hansı ölkə və universitet olar?

-Bəli, mən ixtisasımla əlaqəli oxumaqdan və yeni şeylər öyrənməkdən zövq alıram. Bunu doktorantura ilə davam etdirməyi çox istəyirəm, ancaq ölkə, universitet və doğru zamanla əlaqəli hələ ki, konkret bir açıqlama vermək istəmirəm. Çünki hazırda magistratura təhsilim davam edir və qarşıma çıxacaq fürsətlərə bağlı olaraq qərarlarımda dəyişiklik edə bilərəm. Ona görə, real olmayan, plan dərəcəsində olan məqsədlər haqqında mülahizələr verməyi sevmirəm.

-Uğurlu tələbə modelinə hansı kriteriyalar aiddir?

-Bunun üçün nəyisə xarakterizə etmək və ya kriteriya müəyyənləşdirib hamıya şamil etmək, təbii ki, doğru olmaz. Amma özüm üçün müəyyənləşdirdiyim bəzi kriteriyaları sizinlə paylaşmağımda problem yoxdur deyə düşünürəm. Mənim uğurlu tələbə modelim -təməlində olmaq istədiyi yerləri özü üçün müəyyənləşdirən və nə zaman haradadırsa, o mühitdən, ünsiyyətdə olduğu insanlardan və keçirdiyi zamandan maksimum fayda (bəhrə) götürməyi bacaran tələbədir. Yəni ”Utility Maximization” prinsipini və özünə görə kateqoriyalar, dərəcələr mənimsəmiş biri. İnsan uğura çatmaq istəyirsə, mütləq şəkildə çalışmalıdır. Özünə motivasiya verən vasitələri tapmalı, gözəl çevrəyə sahib olmalı, mənəvi həyatını da zövq oxşayan şəkildə yaşamalıdır. Yəni, özü ilə tək qaldığında onu maraqlı edən tək şeyin dərsləri və işi olmadığını bilməlidir. Özünü tanımaq çox önəmlidir. Bəzən kiçik detallarda o qədər itirik ki, böyük şəkli görə bilmirik. İnsanın uğurlu olması üçün digər bir faktor da olduğu mühitdir. Yəni hər çiçək fərqli torpaqda, fərqli şəraitdə daha yaxşı açır. Rütubətli iqlimə uyğun olan bir bitki quraqlıq şəraitində yaxşı bar verə bilməz. Olmalı olduğu yeri isə insan özü seçməlidir. O zaman daha səmərəli və uğurlu ola bilər ki, bu da özünü tanımaqdan keçir. Yekun olaraq, məncə uğurlu tələbə özünü şəxsiyyət olaraq anlayan, bunun sayəsində də zamanını, enerjisini və potensialını doğru, ağıllı və məqsədyönlü şəkildə istifadə edən biridir.

-Gələcəkdə özünüzü hansı sahədə tam uğurlu kadr hesab edirsiniz?

-Mən ixtisasımı sevirəm vəhər gün mənə maraqlı gələ bilən bir şey tapa bilirəm. Tam olaraq harada vənə qədər uğurlu olacağımı demək, yəqin ki, lovğalıq olaraq qiymətləndirilər və doğru olmaz. Ancaq ixtisasımla əlaqəli gözəl bir yerdə olmaq hədəfimdir.

-Karyeranızı hansı ölkədə qurmaq istəyirsiniz?

- Bununla əlaqəli müəyyənləşmiş bir qərarım və ya mütləq bir seçimim yoxdur. Özümü getdiyim hər yerə rahatlıqla adaptasiya ola bilen biri kimi xarakterizə edirəm. Bu səbəbdən gələcəkdəharada olacağım bir az da qarşıma çıxacaq şanslar və təkliflərə bağlı olaraq dəyişə bilər.

-Günel, seçdiyiniz sahələrdə valideynlərinizin təsiri olubmu?

-İxtisas olaraq anam həkim olmağımı istəyib və mənim də çox qibtə etdiyim peşədir. Amma mən fiziki və psixoloji olaraq özümü o ixtisasda görə bilmədiyim üçün biologiya, kimyanı çox sevsəm də, həkimliyi seçmədim. İqtisadiyyatı fakültə olaraq seçməklə əlaqəli qərarı isə özümüz vermişdik. İxtisas seçimində isə atamın da istiqamətləndirməsi olub,təbii ki, yekun qərarı bizə həvalə etmişdilər. Biz müstəqil şəkildə öz qərarlarımızı daim özümüz vermişik. Belə valideynlərə sahib olduğumuz üçün şanslıyıq.

-Türkiyə və Azərbaycanın təhsilində hansı fərqləri görürsünüz?

-Fərqlər həqiqətən, çoxdur. Ancaq Türkiyə və Azərbaycan təhsili olaraq məhdudlaşdırmaq istəmirəm. Çünki təhsil aldığınız qurum, hətta dərs aldığınız müəllim baxımından belə fərqlər müşahidə olunur. İki ölkə arasındakı təməl təhsil fərqi üçün sadəcə onu deyə bilərəm ki, əzbərçilikdən çox şagirdlərin daha azad şəkildə fikirlərini ifadə edib, hətta müəllimlə mübahisə edə biləcək qədər rahat hiss etmələrinə şərait yaradılır. Bu da onların real həyatda şəxsi düşüncələrinə, qərarlarına necə sadiq qaldıqlarından və təzyiqə qarşı mübarizəni sərbəst şəkildə apara bilmələrindən görünür. Burda aldığım təhsilin Bakıdakı maliyyə təhsilindən fərqi isə nəzəri olaraq Amerika ədəbiyyatından yaralanmamız və praktiki biliklərə də yiyələnməyimizdir.

-Bacınız üçüncü yeri qazanmışdı. Bu sizə necə təsir etdi? Hansı göstəricilərə görə,uğurlu yerlərə sahib olmaq olar?

-Bu, mənim üçün çox xoş hal idi. Həqiqətən, qürur duyurdum və bu qürur təkcə mənə aid deyildi. Mən həm öz , həm valideynlərim, həm də ölkəm adına qürur duyurdum. 20 minlik bir kütlənin qarşısına çıxan 3 qalibin ikisi azərbaycanlı idi. Bu, həqiqətən də böyük uğurdur və bacım, mənim yol yoldaşım, sinif yoldaşım, ən dəyərli və yaxın dostum mənimlə birgə qalib olmuşdu, bu, fərqli bir fərəh idi.

-Sonda uğurlu olmaq üçün tələbələrə,özünü inkişaf etdirmək istəyənlərə nə deyərdiniz?

-İndi elə bir zamanda yaşayırıq ki, özümüzü inkişaf etdirmək üçün kifayət qədər çox imkanlar var. Olduğunuz yer, mövqe və ya digər faktorlar ola bilər ki, sizi qane etmir. Ancaq sizi siz olaraq müəyyənləşdirən sahib olduqlarınız deyil, xəyalını qurduqlarınızdır. Yəni evinizdən belə dünyanın ən yaxşı universitetlərinin, ən yüksək dərəcəli mükafatlara sahib olan alimlərin dərslərinə qatıla bilər, hətta bununla əlaqəli sertifikat əldə edə bilərsiniz. Kifayət qədər kurslar, onlayn vasitələr var ki, beynəlxalq imtahanlara hazırlaşıb dərəcələrinizi rəsmiləşdirəsiniz. Siz sadəcə ixtisasınıza aid biliklərlə özünüzü məhdudlaşdırmaq məcburiyyətində də deyilsiniz. Yaşadığımız dünya çox inteqrativdir və durmadan inkişaf edir. Onunla ayaqlaşa bilmək üçün özümüzü və dünyanı tanımalıyıq. Maraqlandığınız sahələri araşdırın, yeni xobbilərə yiyələnin, əmin olun ki, heç təsəvvür belə etmədiyiniz anda sizə sadəcə bir maraq olaraq gələn şeydən həqiqətən zəruri informasiya olaraq yararlana bilərsiniz. Və son olaraq məqsədlər, hədəflər gözəldir, ancaq həyata bir dəfə gəlirik, onun hər anından zövq alaraq yaşamağa çalışmalıyıq. Hər birinizə aydınlıq və müvəffəqiyyətli bir gələcək arzulayıram.

Leyla Qulami