Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-05 12:01:00
ABŞ-dakı tələbəmiz: “Milyonlarla insan  iş yerlərini itirəcəkləri üçün təlaş içindədirlər”  

 

“Mən hazırda ABŞ-ın Massaçusets ştanın Boston şəhərindəyəm. Burada vəziyyət nisbətən stabilləşməyə doğru gedir. Massaçusets ştatında ən son karantin müddəti mayın 14-nə kimi uzadıldı və hökumət tərəfindən bəzi qaydalar tətbiq olunur. Fəaliyyət göstərilən restoranlarda insanlar arasında bir metr yarımlıq məsafənin qorunmasına, həmçinin çölə çıxanda maskadan istifadəyə ciddi nəzarət edilir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında ABŞ-ın “Computer Systems” İnstitutunun məzunu, hazırda da Amerikada yaşayan soydaşımız Orxan Rəhimzadə söyləyib.

 

Onun sözlərinə görə, ABŞ-da fövqəladə vəziyyət elan edilsə də, küçəyə çıxmaqda heç bir məhdudiyyət yoxdur:

 

“ABŞ-da təqribən mart ayının əvvəllərində karantin elan olundu. Ancaq Azərbaycan və digər Avropa ölkələrindən fərqli olaraq, burada küçəyə çıxmaq qadağası heç vaxt  qoyulmadı. Sadəcə olaraq, ABŞ-ın prezidenti Donald Tramp və hər ştatın rəhbəri insanlara yalnız ehtiyacları olduğu təqdirdə çölə çıxmalı olduqlarını bildirdi. İnsanların böyük əksəriyyəti isə buna əməl etdi və etməkdədirlər”.

 

Həmyerlimiz bildirib ki, ABŞ-da marketlərə insanların kütləvi şəkildə axını olduğuna görə ərzaq əldə etməkdə müəyyən çətinliklər var idi, ancaq məhsul sayına limit qoyulmaqla bu problem aradan qaldırılıb:

 

“Bostonda mağazalarda müəyyən müddətdə qıtlıq yaşandı. Ən əsası da karantinin elan edildiyi ilk günlərdə marketlərə insanların izdihamlı axını olurdu. Bu müddətdə ərzaq tapmaqda çətinlik çəkirdik. Ancaq sonradan bu problem aradan qaldırıldı. Belə ki, mağazalarda yeni bir sistemə keçdilər: əgər əvvəllər hər hansı bir məhsulun alınması sayında limit yox idisə, hazırda bir çox məhsula limitlər qoyulub. Bunun edilməsində əsas məqsəd isə qıtlığın yaranmasının qarşısını almaq idi.

 

Tibbi ləvazimatlara gəldikdə isə mən koronavirusun yayıldığı ilk gündən bu günə kimi maskanın asan şəkildə əldə edilməsini görmədim. Amma insanlar öz imkanları ilə evlərində maska tikməklə müəyyən qədər bu problemin həllinə dəstək olurlar”.

 

“Ölkədə demək olar ki, bütün təhsil ocaqları qapadılıb. Mən yaşadığım ştat Amerikanın ən çox universiteti və kolleci olan ştatlarından biridir. Dünyanın “Top100”-də olan universitetlərinin əksəriyyəti bu ştatda yerləşir. Karantin elan olunduğu ilk gündən etibarən bütün təhsil ocaqları onlayn təhsil sisteminin köməyi ilə tədrisi davam etdirir”, - deyə Orxan Rəhimzadə əlavə edib.

 

Soydaşımız ABŞ-da insanların virusdan dolayı iş yerləri bağlandığına görə təlaş içində olduqlarını qeyd edib:

 

“Burada insanlarda vahimə çoxdur. Bunun da əsas səbəbi vətəndaşların bir çoxunun virusa görə öz iş yerlərini itirməsi ilə bağlıdır. Çünki son bir ay ərzində 27 milyondan artıq insan iş yerindən uzaqlaşdırılıb. Bu rəqəmin 40 milyona qədər olacağı gözlənilir. Buna görə də son bir həftədə Amerikanın fərqli ştatlarında insanlar karantinin ləğv olunması və iş yerlərinin açılması tələbi ilə nümayişlər keçirirlər.

 

ABŞ-da virusun nə zaman bitəcəyinə dair heç bir fikir yürüdülmür. Ancaq son zamanlar daha çox koronavirusun yaratdığı iqtisadi problemlərdən danışılır.

 

Mən isə bacardığım qədər özümü virusdan qorumağa çalışıram. Çölə çıxdığım zaman insanların toplu olduğu məkanlardan uzaq oluram. Sosial məsafəni qoruyuram. Lakin virusla əlaqədar yaranmış bu vəziyyət məni qorxutmur. Çünki elm və səhiyyənin bu virusa qalib gələcəyinə inanıram”.

 

Qeyd edək ki, hazırda virusa yoluxma və ölüm sayına görə birinci yerdə olan ABŞ-da 1 milyon 212 min 955 nəfər koronavirusa yoluxub, 69 min 925 nəfər isə dünyasını dəyişib.