Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-04 11:57:00
“Sertifikasiya ilə bağlı dəqiq vaxt  hələ  söylənilməyib, lakin…”- Direktor müavini

 

 “Dərslər açıldıqdan sonra məktəb və universitetlərdə qiymətləndirmə  üzrə analizlər aparılmalı və ekstremal vəziyyətin qarşısını almaq üçün planlar hazırlanmalıdır”.

 

 Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov deyib.

 

 O, müəllimlərin sertifikatlaşdırılmasının necə həyata keçiriləcəyi barəsində danışarkən, bir neçə məqama toxunub:  

 

 “Düşünürəm ki, karantin rejiminin uzadılması müəllimlərin sertfikasiyasına kölgə salmayacaq. Yaranan vəziyyətlə əlaqədar, təlim məşğələləri və digər təhsillə bağlı məsələlər dayandırılıb. Hazırda hansısa prosesin gecikdiyini demək düzgün deyil. Çünki bütün tədbirlər məhdudlaşdırılıb. Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, 2020-ci ildən müəllimlərin sertifikasiya  məsələsi başlayacaq. Koronavirus  qlobal xarakterli olsa da,  o, heç bir tədbirin dayandırılmasına kölgə sala bilməyəcək. Ola bilsin ki, hansısa məsələ yubansın və bundan  dolayı gecikmə yaşansın. Çünki gündəmdə  olan vacib məsələ sağlamlıqdı. Sertifikasiya ilə bağlı dəqiq vaxt isə hələ ki söylənilməyib. Buna görə də burada heç bir mənfi hal  yaşana bilməz”.

 

 Ənvər Abbasov summativ qiymətləndirmənin necə tənzimlənəcəyi ilə bağlı məsələ haqqında fikirlərini bölüşüb:

 

 “Bildiyimə görə hazırda Təhsil Nazirliyində summativ qiymətləndirilmə istiqamətində qabaqlayıcı tədbirlər görülür. Dərslər açıldıqdan sonra məktəb və universitetlərdə qiymətləndirmə  üzrə analizlər aparılmalı və ekstremal vəziyyətin qarşısını almaq üçün planlar hazırlanmalıdır. Bu istiqamətdə göstərişlərin olacağını düşünürəm. Hazırda təhsilin bütün səviyyələrində proses onlayn şəkildə aparılır. Ciddi qurulan  proqram əsasında  təlim məşğələləri tərtib edilir. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin qəti qərarı olduqdan sonra aydın şərh vermək mümkündür. İndiki vaxtda bizim  söz deməyimiz subyektiv fikir kimi səslənə bilər.

 

 Hazırkı şəraitdə mən də  ali məktəblərin birində dərs deyirəm. Biz cədvəl əsasında məşğələlərimizi aparırıq. Seminar və mühazirələrimizi normal şəkildə keçirik.

 

 

 

Mədəniyyət kanalında “ Dərs vaxtı” verlişi yayımlanır. Müəllimlər televiziyanın imkanlarına uyğun olaraq, dərs keçirlər. Bütün işlərimizi şəraitə  uyğun olaraq görürük. Biz evdə qalırıq, lakin dərsdən yox! İnşallah bu çətinlikdən üz ağlığı ilə çıxacağıq. Mən  prosesin içində olan biri kimi düşünürəm  ki, işlər normal qaydasında gedir və daha optimal variant tapsaq işimiz bir az da yaxşılaşacaq. Ümid edirəm  ki, respublikamız bu gərgin vəziyyətdən tezliklə çıxacaq. Sonra isə normal təhsil həyatımıza qayıdacayıq”.

 

 

Qeyd edək ki, may ayının 31-nə kimi ölkədə tədris və buna bağlı bütün məsələlər dayandırılıb.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları