Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-30 17:15:00
Freydin nəvəsini Hitler və II Yelizaveta ilə nə birləşdirir?

Dünya rəssamlığının ən məşhur portretlərinin müəllifi Lüsyen Freyd sayılır. Bu əsrarəngiz rəssam avtoportretlərini çox qəribə obrazlarda təqdim etməyi bacarıb. Sənətşünaslar adətən Freydin yaradıcılığını Dyüyer və Rembrandtla müqayisə edirlər.

Bəs bilirsinizmi dünya şöhrətli rəssam kimin soyundandır? Yəqin soyadından da təxmin etdiniz ki, Lüsyen əfsanəvi psixoloq Ziqmund Freydin nəvəsidir.

AzEdu.az xəbər verir ki, məşhur rəssam 1922-ci ildə Berlində doğulub. 11 yaşına çatanda ailəsi yəhudilərə qarşı yönəlmiş nasist rejimindən Britaniyaya qaçmaq məcburiyyətində qalır.

Lüsyen illər sonra müsahibəsində maraqlı açıqlama ilə çıxış edir.

“Uşaq vaxtı Adolf Hitleri görmüşdüm. O məndə balaca adam təəssüratı oyatmışdı. Ətrafı nəhəng cangüdənlərlə dolu idi.”

Freyd Londonun ən yaxşı məktəblərində təhsil alır. Kollecdə ikən gələcəyin filosofu Frensis Bekonla dostlaşır. İkinci Dünya müharibəsi dövründə ingilis ordusunda xidmət edir. Qəribədir ki, Freyd heç vaxt özünü alman hesab etməyib. London isə onun doğma evi olub.

Hələ gənclik illərində Bekonun təsiri ilə öz stilistikasını tapır. O deyirdi ki, əsərlərimə diqqətlə baxandan sonra dərin kədəri və gerçək acını görə bilərsiniz. Çünki yanaşma tərzi də daha dərin idi. Sanki babası kimi rəsmini çizdiyi modelin qəlbinə girməyi, duyğularını qabartmağı bacarırdı. Odur ki, Lüsyen Freyd XX əsrin önəmli ictimai fiqurlarından sayılır. Hətta əsərlərindəki məkanların rəng çalarları da psixoloji əhvaldan xəbər verir.

Freyd həmçinin dahi dramaturqdur. Özünü güzgülərdə tapıb, bütün duyğularını rənglərə köçürməyi bacarırdı. Lüdvik deyirdi ki, həyatda hər şey bioqrafikdir, hər şey avtoportretdən ibarətdir.

Bəlkə də sırf bu səbəbdən artıq 70 ildir ki, Lüsyen Freyd portretləri rəssamlığın inkişafına öz töhfəsini verir. Freyd heç vaxt saat 14-dən sonra rəsm çəkmirdi. Gecikən model lap prezidentin özü belə olsa, qəbul etmirdi.

Freydin qəhrəmanları o qədər təzadlı və müxtəlif idilər ki, bu rəngarənglik portretlərində də əks olunurdu. Məsələn bu gün kraliçanın, sabah isə bank soyğunçusunun rəsmini çəkə bilərdi.

Karyerası boyu Freyd sənət aləminin dərin rəğbətini qazanır. Xüsusən də II Yelizavetanın portreti yəqin ki, əsrlər boyu ən nüfuzlu muzeyləri bəzəyəcək.

II Yelizavetanın məşhur portreti 2000-2001-ci illər ərzində ərsəyə gəlib. Lüsyen kraliçaya güzəştə gedərək, onun portretini özünün iştirakı olmadan çəkir. Tarix boyu rəssamlar kral ailəsini olduğundan daha bər-bəzəkli təsvir etməyə can atıblar. Freyd isə əksinə kraliçanın portretini olduqca gerçək çəkir.

Lüsyen həmişə babasından ona keçən genetik istedaddan qurtulmaq istədikcə, qəhrəmanı ilə ünsiyyətə daha çox girirdi. Onun əsərlərinin sirri bədənin söylədiklərində, Ziqmundun sirri isə xəstələrin dediklərində gizlənirdi.

Lüsyen Freyd 2011-ci ildə 88 yaşında dünyasını dəyişib. Əsərləri bu gün də dünyanın ən məşhur muzeylərində qorunur.(Publika.az)