https://www.zirve.edu.az/
30.04.2020 16:19
Albaniya tarixinə dair fundamental tədqiqat əsəri çapdan çıxıb
Çap et

“Elm və təhsil” nəşriyyatı bu yaxınlarda görkəmli arxeoloq, professor Qafar Cəbiyevin “Girdiman. Tarixi və tarixi coğrafiyası” fundamental tədqiqat əsərini rus dilində nəşr edib. Redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri akademiyanın müxbir üzvləri Vəli Əliyev və Cəfər Qiyasi olan kitabın nəfis şəkildə nəşrinin təşəbbüskarı və sponsoru tanınmış azərbaycanlı iş adamı Fərhad Əhmədovdur.

Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, giriş, doqquz fəsil, nəticə, 3 sxematik xəritə, 4 cədvəl-diaqram, Girdiman abidələri və onlarda aparılmış arxeoloji tədqiqatları özündə əks etdirən 54 şəkil, habelə yüzlərlə nadir arxeoloji tapıntının foto və rəsmlərinin cəm olduğu 43 tablodan ibarət kitab son onilliklər ərzində Albaniya tarixinə həsr olunmuş sanballı tədqiqat əsəri kimi dəyərləndirilməkdədir.

Məlum olduğu kimi, uzun illər ərzində qədim Azərbaycan dövləti olan Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında aparıcı mövqe tutan Girdiman vilayətinin siyasi tarixi və ərazilərinin lokalizəsi ilə bağlı tədqiqatçılar arasında çox ciddi fikir ayrılıqları mövcud olub. Belə ki, əksər tədqiqatçılar heç bir ciddi elmi mənbə və arqumentə əsaslanmadan Girdiman vilayəti ərazilərini Albaniyanın qərbində və ya şimali-qərbində lokalizə etməyə üstünlük veriblər. Xatırladaq ki, Girdiman vilayəti ərazilərinin lokalizəsi ilə bağlı olan bu yanlış versiyanı ilk dəfə elmi dövriyyəyə gətirən uzun illər SSRİ Şərqşünaslıq İnstitutunun Qafqazşünaslıq şöbəsinə rəhbərlik etmiş akademik S.T.Yeremyan olub. O Yeremyan ki, ermənilər tərəfindən məqsədli şəkildə Albaniya tarixinin təhrif olunaraq saxtalaşdırılması işinin ilk “pionerləri”nd’n olub. Əfsuslar olsun ki, sonralar Albaniya tarixi ilə məşğul olan bir sıra Azərbaycan tarixçilərinin Girdimanın lokalizəsi ilə bağlı erməni aliminin elmə gətirmiş olduğu bu yanlış versiyanı təkzib etmək cəhdləri də nəticəsiz qalıb. İlk dəfə məhz professor Qafar Cəbiyev Girdiman vilayətinin Şirvan bölgəsində, daha konkret desək Ağsuçay-Girdimançay-Göyçay çayları hövzəsində lokalizəsinə dair mülahizələri bir sıra çox ciddi elmi dəlillər əsasında sübuta yetirməyə çalışıb və buna müvəffəq olub. Qədim və Orta əsrlər mənbələrində tarixi Girdiman ərazilərinin məhz Şirvan bölgəsində lokalizəsini təsdiqləyən bir sıra prinsipial əhəmiyyətli məqamlar üzərində dayanan Q.Cəbiyev mülahizələrini, həmçinin Albaniyanın qərbində Girdimanla bağlı heç bir arxeoloji və memarlıq abidəsinin, habelə qədim toponimlərin olmaması, Şirvan ərazisində isə çoxsaylı bu cür abidə və toponimlərin mövcudluğu ilə əsaslandırıb.

Akademik Yaqub Mahmudovun kitaba yazdığı “Ön söz”də deyildiyi kimi “professor Q.Cəbiyev ilk mənbələrin məlumatlarını və arxeoloji araşdırmaların nəticələrini təhlil etməklə, üzləşdirməklə, müqayisələr aparmaqla, mövcud elmi ədəbiyyatda yer alan qeyri-elmi mülahizələrə tənqidi münasibət bildirməklə, bir sözlə, inkarolunmaz elmi əsaslara söykənərək S.Yeremyanın və digər üzdəniraq erməni tarixçilərinin cəfəng dolu fikirlərini təkzib etməklə tarixi həqiqəti ortaya qoymuşdur. Beləliklə, professor Q.Cəbiyev bu əsəri ilə Girdimanın real tarixini – Şirvan ərazisində yaranmış, təşəkkül tapmış və öz inkişafının zirvəsinə yüksəlmiş tarixini təqdim edib. Bir sözlə, “Girdiman. Tarixi və tarixi coğrafiyası” əsəri real tarixdir, olmuş tarixdir, bizim tarixdir. Bu, təkcə müəllifin deyil, ümumiyyətlə tarix elminin böyük uğurudur”.

Monoqrafiya tarixçilər, arxeoloqlar, etnoqraflar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.