Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-30 14:43:00
Onlayn müsahibədə iştirak üçün artıq 150-yə yaxın müəllim müraciətini təsdiq edib

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək mlüqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrdə iştirak etmək üçün artıq 150-yə yaxın namizəd qeydiyyatdan keçərək öz müraciətini təsdiq edib.

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, onlayn müsahibələrdə iştirak etmək üçün aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdirilir. Namizədlər təlimatla tanış olaraq 1 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər.

E.Bağırov əlavə edib ki, müsahibədə namizədlərin əsas ixtisas bilikləri, psixoloji hazırlığı və ümumi dünyagörüşü qiymətləndiriləcək. Müsahibə 15-20 dəqiqə təşkil edəcək:

 

“Müsahibələr tam başa çatdıqdan sonra cavablar elan ediləcək. Bu prosesə ilk növbədə Bakı şəhrindən başlanılıb. Paytaxtda çalışan müəllimərin şəxsi səhifələrinə məlumat göndərilib və onlardan xahiş olunub ki, müsahibələrdə iştirak etmək istəyən namizədlər öz müraciətlərini təsdiq etsinlər”.

Qeyd edək ki, mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçiriləcək. Müsahibədə iştirakı təsdiq etmək üçün şəxsi səhifəyə əlavə edilən hissəyə elektron ünvan daxil edilməlidir. Məhz həmin elektron ünvana göndərilən keçid linki vasitəsilə namizəd videozəngə qoşulacaq. Bundan sonra hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Digər rayon və şəhərlərdə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin də onlayn müsahibələrdə iştirakına şərait yaradılacaq.