Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-28 11:36:00
“Virtual məktəb”lə bağlı ən çox verilən suallar: “Düzgün yararlanmırıq”

 

 

Təhsil Nazirliyi aprelin 2-dən Virtual Məktəb layihəsinə start verib.

 

Layihənin məqsədi  teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

 

Layihəyə maraq çox olsa da, hələ də mahiyyəti düzgün qiymətləndirməyənlər, yaxud texniki cəhətdən problemlə qarşılaşmayanlar da az deyil.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi “Virtual məktəb”ə aid ona  xeyli sualların ünvanlandığını qeyd edir.

 

Bunun səbəbəni isə əlimizdə smarttelefonlar olmasına baxmayaraq,  informasiyaya çatmaq üçün düzgün istifadə etmədiyimizdə görür:

 

“Gələn suallar əsasən, belədir:  ““Virtual məktəb”dən necə qeydiyyatdan keçək?”, ““Virtual məktəb”ə hər kəs qoşulmalıdır?”, “Məktəbimizi necə seçək?”, “Sinfimizi necə seçək?”,  ““Virtual məktəb”də qiymətləndirilmə və davamiyyət aparılacaq?”,  ““Virtual məktəb”ə qoşula bilməyənlərin aqibəti necə olacaq?” və s.

 

Halbuki Təhsil Nazirliyi qeydiyyatla bağlı videotəlimat yayıb. Amma görünən odur ki, bizim insanların texnologiya və internet cəhətdən ciddi problemləri var. Bu gün hətta 1-ci sinif şagirdi də demək olar ki, Ağıllı telefon istifadə edir , amma, görünür, təyinatı üzrə yararlana bilmirik. Öyrənməyə cəhd etmirik. Əgər vaxtında əlimizdəki texnologiyanın imkanlarını doğru şəkildə mənimsəsəydik və ondan uyğun halda istifadə etsəydik, indi bu kimi problemlərlə üzləşməzdik”.

 

Layihənin üstünlüklərindən danışan təhsil eksperti çatışmazlıqların da olduğunu vurğulayıb:

 

“Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi uğurlu addımdır. Məhz ona görə ki, hazırda baş verən proseslər zamanı artıq çətinlik çəkilməyəcək; istər fövqəladə vəziyyət , istərsə də pandemiya olsun. Əsas odur ki, vaxtında atılmış addımdır. Amma bunun fövqündə görünən odur ki, layihə ümumregionu tam əhatə edə bilməyib. Eləcə də insanların bu layihəyə qoşulmaq problemləri mövcuddur. Bunun da başlıca səbəbi ölkədə internetin bərabər səviyyədə paylanmaması, qeyd etdiyim kimi texnologiyadan istifadə bilgisizliyi və əhalinin sosial maddi durumundan qaynaqlanır. Əgər bu problemlər olmasa, düşünürəm ki, bu layihə özünü doğruldacaq”.

 

E.Əfəndi təhsil şöbələrini maarifləndirmə işi görməklə  əhaliyə dəstək olmağa çağırıb:

 

“Yaxşı olardı ki, təhsil şöbələri, təhsilə bağlı qurumlar maarifləndirici təlimatlarla əhaliyə bu məsələdə dəstək olsunlar. Qeydiyyat problemləri, istifadə qaydalarını istər şagird, istər müəllim, eybi zamanda valideyn də bacarsın”.