Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-27 18:03:41
“ActInSpace” beynəlxalq müsabiqənin qalibləri məlum olub  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən “ActInSpace” beynəlxalq müsabiqəsində 24 saatlıq hakaton başa çatıb və qaliblər müəyyən olunub.

UFAZ-dan  bildirilib ki, Bakının müxtəlif universitetlərindən 100-dən çox tələbənin 24 komandada mübarizə apardığı yarışmada tələbələrin hazırladıqları startap layihələr ekspertlər tərəfindən qiymətləndirilib və iki layihə final mərhələsinə keçib.

Qalib komanda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Lö Gol və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevdən ibarət münsiflər heyəti tərəfindən seçilib.

Fransanın Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Lö Gol yarışmanın Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edərək kosmik texnologiyalar sahəsində gənclərin maraqlı olduğunu və bu yarışma vasitəsilə bacarıqlarını nümayiş etdirmək imkanı qazandıqlarını qeyd edib.

Sonra müsabiqənin qalibləri elan olunub. UFAZ-ın “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, “Tensor Science” komandası isə ikinci yerin qalibi olub.

Qeyd edək ki, qalib komanda iyunun 27-i ölkəmizi beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.