Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-27 17:40:00
İki dünya müharibəsinin gedişatını  kəşfləri ilə dəyişən nobelli kimyaçı -ARAŞDIRMA

İrvinq Lenqmür 1881-ci ilin yanvarın 31-də ABŞ-da Nyu-Yorkda anadan olmuşdur. Onun atası mənşəcə şotland idi və siğorta agenti işləyirdi. Lenqmür Parisdə, Nyu-Yorkda və Filadelfiyada məktəbə getmişdi və sonra Bruklində Pratt institutuna daxil olur və 1899-cu ildə institutu bitirir.Kolumbiya universitetinin tələbəsi olaraq o, Mədən institutuna yazılır.

1903-cü ildə mühəndis-metallurq diplomu alaraq Almaniyaya gedir və Qettingen universitetində V. Nernstin rəhbərliyi altında təhsilini davam etdirir.

1906-cı ildə Qettingen Universitetində ona doktorluq dərəcəsi verilir.

O, ABŞ-a qayıdaraq üç il müddətində Nyu-Cersi ştatında, Xobokendə Stivenson Texnoloji Unstitutunda kimya müəllimi işləyir.

1909-cu ilin yayında Şenektadidə “Ceneral Elektrik” şirkətinin elmi tədqiqat laboratoriyasına keçir. O vaxt şirkətin rəhbərliyi qərar qəbul edir ki, elmi biliklərin inkişafına öz xidmətlərini göstərsinlər. Laboratoriyaya yaradılmış sərbəstlik və geniş imkanlar şəraiti Lenqmyürə bütün sonrakı fəaliyyəti dövründə həll etdiyi bütün problemlər spektrini müəyyən etməyə imkan verdi.

Üç ildən sonra ümumi qəbul  olunmuş belə bir fikri təkzib edir ki, mükəmməl elektrik lampası əla vakuum şəraitində alınır. O, sübut etdi ki, içərisi azot ilə doldurulmuş lampa vakuumlanmış lampaya nəzərən daha parlaq işıq saçır.

Yeni elektrik lampasının sadəliyi və səmərəliyi olduqca böyük miqdarda enerjiyə qənaət edilməsi idi və şirkətə böyük mənfəət gətirirdi.

Vakuum ilə maraqlanaraq Lenqmür 1916-cı ildə civə yüksək vakuum nasosu ixtira edir.

Bu nasos əvvəllər mövcud olan bütün nasoslardan 100 dəfə güclü idi və onun köməyi ilə radiotexnikada istifadə olunan vakuum trubkalarını hazırlamaq üçün lazım olan alçaq təzyiq yaratmaq mümkün olmuşdu. Elektrik lampasında sapların xassələrini yoxlayaraq o, 1916-cı ildə müəyyən edir ki, əgər volfram sap üzərinə cəmi bir molekul qalınlığında torium oksid örtülərsə, o, daha yaxşı keyfiyyətə malik olur.

O, üzərinə torium oksid çəkilmiş ensiz volfram plastinkanı analizə məruz qoyur ki, onun elektron buraxma qabiliyyətini yoxlasın. Bu tədqiqatlar onu səth hadisələrini öyrənməyə sövq edir (nazik örtüklərdə və ya səthlərdə müşahidə olan molekulyar aktivliyi).

O, adsorbsiyanı və səthi gərilməni, həmçinin, maye və bərk cisimlərin nazik örtüklərin özünü neçə aparmasını öyrənir. Atomun quruluş nəzəriyyəsi sahəsindəki nailiyyətlərə əsaslanaraq Lenqmür səthlərin kimyəvi özünü aparmasını ayrı-ayrı atomların və molekulların özlərini aparması kimi təsvir edir. Onun fikrincə bu atomlar və molekullar şahmat   taxtası üzərindəki fiqurlar kimi ayrı-ayrı qəfəsləri-səth sahələrini tutur. Bu, onu adsorbsiya izotermi tənliyi nəticəsinə gətirib çıxardı (Lenqmür tənliyi kimi məşhurdur).

Mayelərin səthində monomolekulyar adsorbsiya təbəqələri haqqında təsəvvürləri inkişaf etdirərək o, göstərir ki, seyrəkləşmiş monotəbəqələr iki ölçülü qaz xassələrinə malik olur, doymuş monotəbəqələrdə isə onların kənar qruplarının polyarlığından asılı olaraq istiqamətlənirlər ki, bu da bir sıra hallarda onların quruluşlarını, formalarını və ölçülərini müəyyən etməyə imkan verir.

 O, həmçinin müəyyən etmişdi ki, adsorbsiya hadisəsində kulon, dipol molekullar arası və valent quvvələri, vandervaals cəzbetmə və itələmə qüvvələri iştirak edir.

Birinci Dünya Müharibəsində Lenqmür sualtı qayıqların aşkar olunması üsullarını işləyib hazırlanmışdı.

Müharibədən sonra o, atom haqqında təlimin inkişafına böyük xidmət göstərmişdir. O, kimyəvi valentliyi (atomların kimyəvi rabitələr əmələ gətirmək qabiliyyətlərini) atom nüvəsini əhatə edən elektron “təbəqələrinin” elektronlarla dolmasından asılı olan kəmiyyət kimi təsvir etmişdi.

1923-cü ildə qazlarda elektrik boşalmalarının xassələrini öyrənməyə başlayır. O, tədqiqatların gedişində olduqca güclü dəyişən cərəyan istifadə etdikdə əmələ gələn ionlaşmış qaz üçün “plazma” termini işlədir.

O, həmçinin elektron temperaturu nəzəriyyəsini və elektron temperaturunu və ion sıxlığını ölçmə üsulunu işləyib hazırladı. Ölçmə üçün o, indi Lenqmür şupu adlanan xüsusi elektrod yaradır.

1932-ci ildə Lenqmür “səth hadisələri kimyası sahəsində kəşfləri və tədqiqatlarına görə Nobel mükafatına layiq görülür. Bu mükafatı aldığı ildə o, “General Elektrik” şirkətinin laboratoriyasına direktor təyin olunur. Firmada işlədiyi 37 il ərzində o, işçi gündəlik yazmışdır ki, onlar da hər biri 330 səhifə olan 54 tomdan ibarətdir.

1938-ci ildə o, istefaya gedir və ömrünün qalan hissəsini təbiətin, xüsusən də atmosferin öyrənilməsinə həsr edir. İkinci Dünya Müharibəsində Lenqmür tüstü örtüyü yaradan aparatın yaradılmasında iştirak edir. O, təyyarələrin üzərində buzəmələgəlmənin qarşısını alan üsulların yaradılması üzərində də işləyir. Müharibədən sonra Lenqmür hava şəraitinə nəzarət və bərk karbon dioksid və gümüş yodid ilə buludların dağıdılması problemlərini öyrənir.

Lenqmür 1957-ci ilin avqustun 16-da Massaçusets ştatında, Falmutda vəfat etmişdir.