Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-27 15:45:00
“Təhsil üçbucağı”nın aparıcısı - “Bir neçə təhsil ekspertinin fikirləri ilə məhdudlaşmaq zamanı deyil” -MÜSAHİBƏ  

 

 

AzTV-nin efirində yayımlanan, təhsil problemlərini peşəkarcasına işıqlandıran “Təhsil üçbucağı”nın yayıma başlamasından bir il ötür.

 

AzEdu.az bu münasibətlə təhsil tok-şousunun aparıcısı  Orxan Cabbarlı ilə müsahibəni təqdim edir:

 

“Orta ixtisas və ali təhsil müəssisələrində çalışan müəllimlərin inkişafına dəstək göstərəcək  fəaliyyətlər çox azdır”.

 

 -Azərbaycan Televiziyası ökəmizdə təhsil sahəsində aparılan siyasətə uyğun olaraq hər həftə müxtəlif mövzuların müzakirəsini təşkil edir və bu verilişdə təhsilin keyfiyyətinə, əhatəliliyinə qoyulan yeni tələblərlə bağlı tamaşaçıları maraqlandıran suallara cavab axtarılır. 3 ekspert və 60 nəfərlik auditoriyanın iştirak etdiyi "Təhsil üçbucağı" elm-təhsil-innovasiya istiqamətində nəzəri, praktiki əhəmiyyət kəsb edən təkliflərin verildiyi, uğurların tamaşaçıya təqdim edildiyi həmçinin, tədrislə bağlı problemlərin gündəmə gətirildiyi bir platformadır.

 

Ötən müddət ərzində uğurlarla yanaşı, təhsil ictimaiyyətini narahat edən bir sıra problemlərə də toxunuldu və müxtəlif fikir və təkliflər səsləndirildi. Bu sırada şagird nəaliyyətlərinin qiymətləndirilməsi (məktəbdaxili qiymətləndirmə),müəllimlərdən əlavə olaraq müəyyən formal xarakter daşıyan yazı işlərinin tələb olunması, cəmiyyətdə müəllim nüfuzuna təsir göstərən davranışlar və medianın bu sahədə rolu, ucqar kəndlərdə çalışan müəllimələrə göstərilən diqqət və onların sosial qayğıları, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə görülməsi vacib hesab edilən işlər, məktəb rəhbərliynin pedoqoji heyətlə münasibətini düzgün qurmamasının tədris mühitində yaratdığı fəsadlar,  məktəb-şagird-valideyn münasibətlərinin yüksək səviyyədə təşkili ilə bağlı lazımi fəaliyyətlər, dərsliklərin yazılması və çatışmazlıqlar, distant təhsilin tətbiqindəki ləngimələrin səbəbləri, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində aparılan işlərin ölkə üzrə səviyyəsi, abituriyentlərin qəbul imtahanına hazırlıq prosesində qarşılaşdığı çətinliklər, repetitorluğu zəruri edən səbəblər, intellektual biznez və innovativ sahibkarlığa meyillənən ali təhsil müəssisələrində sturtup ekosistemi və tədris proqramlarının, eləcə də öyrədici resursların vəziyyəti, müəllimlər arasında dərs bölgüsünün aparılması ilə bağlı problemlər, Baloniya prosesindən irəli gələn tələblər əsasında ali təhsil pilləsində təhsil alan tələbələrin qiymətləndirilməsi meyarı və qaydaları, məktəblərdə psixoloji işin təşkili, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti, məktəblərdə metodiki işin təşkilindəki mövcud problemlər və. s. (siyahını biraz da uzatmaq olar) bu kimi məsələlərlə bağlı müxtəlif problemlər müzakirə edilib və təkliflər verilib. Müşahidələrim əsasında onu deyə bilərəm ki, Təhsil Nazirliyi ictimai rəyə böyük önəm verir.

 

"Təhsil üçbucağ"ında paytaxtla yanaşı, müxtəlif bölgələrdən gələn müəllimlərin Təhsil Nazirliyinin nümayəndələri, müstəqil ekspertlerlə birlikdə onları narahat edən məsələləri müzakirə etməsi ictimi rəy öyrənmək baxımından çox əhəmiyyətlidir. Qeyd edim ki, yuxarıda sadalanan bir çox məsələlərlə bağlı Təhsil Nazirliyi və tabeliyindəki qurumların uğurlu nəticələri var və bu istiqamətdə fəaliyyətlərin hər gün biraz da genişləndiyinin şahidiyik.

 

-Bir il ərzində təhsillə bağlı xeyli mövzuları müzakirə etmisiniz. Təhsilimizin hansı istiqamətində daha çox problemlərin olduğuna şahidlik etmisiniz?

 

-“Məktəbəqədər tərbiyə müəssisələrinin nümunəvi əsasnaməsi”ndə qeyd olunur ki, bu müəssisələr uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun tərbiyə-təlim prosesini təşkil etməlidir. Bu gün fəaliyyət göstərən özəl uşaq uşaq baxçalarında təlim materialları və uşaqlarla aparılan işin keyfiyyətinə nəzarətin olması vacibdir. Bağça tərbiyə müəssisəsi olmaqla yanaşı həm də təhsilin ilkin pilləsi olduğunu bəzən unuduruq.

Son dövrlər orta ümumtəhsil məktəblərində, peşə məktəblərində çalışanların diaqnostik qiymətləndərilməsi, hazırda sertifikasiyanın gündəmə gəlməsi onu göstərir ki,bu sahədə çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər aparılır. Orta ixtisas və ali təhsil müəssisələrində çalışan müəllimlərin inkişafına dəstək göstərəcək nəzərəçarpacaq fəaliyyətlər çox azdır.  Xüsusən də orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti sanki diqqətdən kənarda qalıb. Peşə təhsili ilə bağlı isə uğurlar çoxdur. Son bir neçə ildə bu sahədə aparılan işlər müsbət nəticəsini verib. Hətta, ali təhsilli insanların yenidən peşə təhsili müəssisələrinə üz tutub əlavə təhsil aldığının şahidi oluruq.

 

Etiraf etmək lazımdır ki, bu sahədə yaxşı nümunələr insanların marağını cəlb edir. Bizə təbliğ etmək üçün nəticə və yaxşı nümunə bu gün daha çox lazımdır.

 

Magistraturada isə gələcəkdə elmi fəaliyyətlə məşğul olmaq istəyənlər daha çox təhsil almasının tərəfindəyəm. Tələbələrimdən də bəzən eşidirəm ki, sonradan elmi fəaliyyətlə və universitetdə tədrislə məşğul olmaq istəmirlər. Bu isə bir neçə ildən sonra universitetlərdə bəzi ixtisaslar üzrə müəllimlərin çatışmazlığına səbəb olacaq və artıq bunu hiss edirik. Doktorantura səviyyəsində isə qəbul olanların sayının çox, elmi işini müdafiə edən, yeni elmi nəticə ortaya qoyanların sayı isə azdır. Bunun da müxtəlif səbəbləri var. Müəyyən sahələr var ki, həmin sahələrdə araşdırma aparmadan nəzəri işləmək və nəticə əldə etmək mümkün deyil. Elmi araşdırma ilə məşğul olanlar üçün imkanların genişləndirilməsinə ehtiyac var. 2003-cü ildən orta məktəbdə və hazırda ali məktəbdə tədrislə məşğul olmağım və paralel olaraq 2008-ci ildən təhsillə bağlı verilişlərin yaradıcı heyətində təmsil olunmağım mənə imkan verir ki, eşitdiklərimi, araşdırdıqlarımı dilə gətirim. Məsələn, biz illərdir bölgələrdə müəllim çatışmazlığının olduğunu  və bununla bağlı tədbirlər görüldüyünü qeyd edirik. Amma, həmin bölgələrdə, kəndlərdə  şagirdlər arasında indidən  ehtiyac duyulan ixtisaslar üzrə hər hansı bir təbliğat işi və yaxud dəstək göstərmirik. Bunu sıradan və adi görünən bir problem hesab edə bilərik amma, əslində çox ciddi fəsadları olur. 

 

-Orxan müəllim,  sadaladığınız problemlərlə bağlı bizə  konkret faktlar sadalaya bilərsiniz?

 

-Adi bir misal deyəcəm:  ötən il Siyəzən rayonunun Məşrif kəndində Milli Qəhrəman Feyruz Cəlilov adına  orta məktəbdə oldum. Bildirdilər ki, illərdir bu məktəbdə  kimya, biologiya müəllimimiz olmayıb. Kənardan da 8 saat dərsə heç bir müəllim gəlib işləmək istəmir. Etiraf edək ki, həmin kənddən Tibb Universitetinə qəbul olacaq bir abituriyent və həkim yetişəcəyi sual altındadı.  Biz problemləri müvəqqəti yox, uzunmüddətli həll etməkdə daha çox maraqlı olmalıyıq. Misallar çox göstərə bilərəm.

 

-Analitik təhsil proqramının aparıcısı olaraq, şəxsən sizi ağrıdan bir  problemlə bağlı həmkarlarınıza nə kimi müraciət etmək istərdiniz?

 

-Vacib məsələlərdən biri müəllim nüfuzudur. Təhsillə bağlı veriliş müəllifi və müəllim olaraq  media sahəsində çalışan həmkarlarıma hər zaman  irad bildirirəm.  Ötən əsrin ortalarında müəllim ehtiyatsızlıqdan bir qəza törədəndə və cinayət məsuliyyətinə cəlb olunanda hətta, onun məhkəməsi ictimaiyyətə açıq keçirilmirdi. Bu gün isə müəllimin nüfuzuna xələl gətirən sətirləri yazan "həmkarlarıma" bunu israrla etməmələrini istəyirəm. Müəllimlərlə bağlı yazanda sevimli müəllimlərinizi gözünüzün qarşısına gətirin və bu sətirləri onun oxuduğunu təsəvvür edin!  Məncə, bu sahədə ortaq fəaliyyət də çox zəruridir.

 

-Təhsil ekspertlərinin savadı və onların bu istiqamətdə gördüyü işlər size qane edirmi?

 

-Ölkəmizdə elə bir ailə tapılmaz ki, təhsillə bir başa və yaxud bilavasitə əlaqəli olmasın. Bu gün kimi dindirsək məktəbdən,təhsildən,təhsil sistemindən nələrsə danışa, bir çox hallarda gileyini dilə gətirə və əvvəllər belə olmadığını bildirər. Bunu artıq normal qəbul etmək lazımdır. Hər il dünya biraz daha dəyişir. XXI əsr insanından fərqli biliyə əsaslanan yeni bacarıqlar tələb olunur. Bu gileyi maarifləndirməni düzgün qurmaqla pozitiv baxışa dəyişmək mümkündür. Bunu isə təhsildən yazan və danışanlar etməlidir.  Təhsilin hər bir pilləsi digərinin davamı olsa da, amma proses və qaydalar fərqlidir. Orta məktəb proqramını, hazırda tətbiq olunan yenilikləri dərindən bilməyən ekspertin fikirləri ilə yanaşı, prosesin iştirakçısı olan, gündəlik dərsinə gedib gələn müəllimin fikirlərini,təklifini oxumaq və dinləmək daha faydalıdır. Təhsilin hər pilləsi üzrə araşdırma aparan və fikirlərindən bəhrələndiyimiz insanlar var və onların sayının çox olması ümumi işin xeyrinədir. Düşünürəm ki, hazırda bir neçə ekspertin fikirləri ilə də məhdudlaşmaq zamanı deyil. Dərsi pozmadan tədrisin içinə doğru irəliləyib nələrisə dərindən araşdırıb  yazmağın vaxtıdır. Bu sahədə ciddi jurnalist araşdırmasına və  maarifləndirmə işinin aparılmasına ehtiyac var. Həqiqəti axtarırırıqsa fərq etməz bu ekspertin və yaxud ekspert hesab edilməyənin dilindən səslənsin.Əsas odur doğru ünvanda suallarımıza düzgün cavab tapaq.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları