Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-27 11:29:00
Repetitor və hazırlıq kursları necə çalışmalıdır?- Müəllim və şagirdlər bunları etməlidirlər  

 

Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərara əsasən,  bu gündən fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla) bərpa olunur.

 

AzEdu.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi qərarla bağlı ictimaiyyətə qaranlıq qalan məsələləri şərh edib:

 

“Əvvəlcə qeyd edim ki, bunu kim düşünüb və təqdim edib bilmirəm, onu bilirəm ki, qərarda çatışmazlıq en qədərdi.
Birinci  çatışmayan tərəf odur ki,  qrup, ümumiyyətlə, iki sahəyə ayrılır: böyük və kiçik. Böyük qruplar 30-40 nəfərdən ibarət birlikdir. Kiçik qruplar isə 2 nəfərdən 30 nəfərə qədər insanlardan təşkil olunan birlikdir.


Qrup halında məşğələni verilən qərar istisna edir. Amma Səhiyyə Nazirinin müavini Vitali Qasımov dedi ki, 10 nəfərə qədər olar. Ya Vitali müəllimin qrup anlayışından, ya da verilən qərarda qrup məşğələsinin istisna olmasından xəbəri yoxdur”.

 

Onun sözlərinə görə,  məşğələləri davam etdirmək məqsədilə müəllimlərdən tələb olunan elektron icazə onları  sadəcə əziyyətə salmaq və ya vergi almaq üçün  düşünülmüş gedişatdır:


“Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir dedikdə sırf müəllimlər üçün nəzərdə tutulur ki, məktəbdə və ya özəl təhsil müəssisələrində işlədikləri halda işəgötürən müəllimləri qeydiyyata almalıdır. Burada artıq işəgötürən mütləqdir ki, o işçi ilə əmək müqaviləsi bağlasın. Məktəb bağlasa da, digərləri bağlaya və ya bağlamaya bilər. O halda “icaze.e-gov.az” portalında müəllimlər qeydiyyata alınır. Sonra onlara icazə verilir və rahat şəkildə (sms icazəsiz) hərəkət edə bilirlər.

 

Əgər müəllimin işəgötürəni yoxdursa və ya varsa qeydiyyatda deyilsə, o zaman özü vergi ödəyicisi olmalı, qeydiyyatdan keçməlidir. Müəllimlər üçün VÖEN. Əla gedişatdır. İndi də müəllimləri əziyyətə salıb vergi alınacaq”.

 

E.Əfəndi bildirib ki,  şagirdlərin də evdən çıxmaq üçün icazə alması məsələsində çatışmazlıqlar çoxdur.  O, verilən 3 saat müddətində şagirdin  iki müəllim yanına getməsinin mümkün olmadığını vurğulayıb:


“İxtiyari bir şagird ən azı eyni gündə iki müəllim yanında hazırlaşmalıdır. Amma o 8103-dən icazə alacaq. Bunun üçün 2AZE012345678-şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini yazaraq icazə almalıdır. 3 saat müddətində isə 2 müəllim yanında hazırlaşmaq mümkün deyil.
İndi isə KİV vasitəsilə deyirlər ki, şagird sms göndərmədən gedə bilər. Qərarda isə bu göstərilməyib.

Bu da qərar:

“2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir); COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir....”

 

Əslində isə bu qərar belə verilməli idi:

“Fərdi tədris və repetitor xidmətləri saat 10:00-dan 18:00-dək bərpa olunur. Şagirdlər üçün xüsusi şifrə təyin olunur. Məsələn, F yazaraq ən azı 5 saatlıq icazə almaq imkanı olur.
Müəllimlər isə dərsləri idarə etmək üçün  (onlardan vergi vermək tələb olunacaqdısa)  xüsusi portal yaradıb sadə əməliyyatla  hamısını orada qeydiyyata almaq olardı”.
İndi isə müəllim də, şagird də çaş-baş qalıb. Necə olacaq? Hər şagirdə görə pul ödəyək? VÖEN açaq? İcaze.org.az-dan qeydiyyatdan keçək? və s.”

Təhsil eksperti bəzi müəllimlərin qeydiyyatdan keçmədən də fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

 

“Bu vaxta qədər evində repetitorluq fəaliyyəti göstərən müəllimlər heç bir yerdən qeydiyyatdan keçmədən dərslərinə elə evlərindən davam edə bilərlər. Sadəcə izolyasiya tədbirlərinə riayət etmək və şagirdlərə tapşırmaq  lazımdır ki,  8103-dən sms icazə alsınlar. Əks halda sistemdə adınız çıxmayacaq. Bu da birbaşa cərimə deməkdir”.