Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-27 12:27:00
100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO     

100 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində asılmış Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub.

Bununla da 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülmüş üçrəngli Dövlət bayrağı yenidən öz Vətəninə qaytarılıb.

Vaxtilə bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparmışdı. Mühacir həyatı sürən Mirzə Bala Məmmədzadə yaşadığı ölkələrdə - İranda, Türkiyədə, Polşada və Almaniyada bu bayrağı göz bəbəyi kimi qoruyub saxlamışdı. Onun varisi bu bayrağın İstanbul Universitetinin məzunu, Cümhuriyyətlə bağlı tədqiqatlar aparan Əfqan Vəliyevə verilməsini və Azərbaycana qaytarılmasını vəsiyyət etmişdi.

Əfqan Vəliyev 100 yaşlı bayrağı Bakıya gətirməklə həmin vəsiyyəti yerinə yetirmiş oldu.

Cümhuriyyət tədqiqatçısı Ə.Vəliyev Modern.az saytına deyib ki, əslində bayrağı Azərbaycana bu ilin 2 yanvarında gətirib:

“Bayrağı hələ Türkiyədən təslim aldğım vaxt bu barədə Azərbaycan hökumətinə  məlumat vermişdim. O vaxtlar Novruz Məmmədov Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri idi. Mən də Novruz müəllimlə əlaqə yaratdım və əmanətin məndə olduğunu bildirdim. İlk fürsətdə bu bayrağı dövlətimizə təqdim etmək planımın olduğunu dilə gətirdim. Novruz müəllim bunu çox yaxşı qarşıladı. Sonra onunla görüşüb bayraq haqda məlumatlar verdim. Novruz müəllim prezidentə təqdim etmək üçün məktub hazırladı. Bildiyiniz kimi, həmin vaxtlar seçki öncəsi idi. Qısa fasilədən sonra cənab prezident məktuba reaksiya verdi və bayrağın yüksək səviyyədə qəbul olunmasına göstəriş verdi. Bu bayrağın qiyməti yoxdur, yəni Azərbaycan üçün həddindən artıq dəyərə malikdir.
Azərbaycan Xalq Cümhuriyyətinin əmanəti məndə olduqca, içimdə bir narahatlıq vardı. Müxtəlif qüvvələr tərəfindən təsirlər vardı. Əmanəti təslim edəndən sonra ilk dəfə rahat yata bildim. Bir məqam var: sübut etdik ki, 100 ildən sonra olsa da, bizə aid olanları geri qaytara bilirik. Bu, bir əzmdir. Bu, düşmənlərə bir mesajdır. İnşallah, torpaqlarımızı da geri alacağıq və biz buna qadir xalqıq”.

Əfqan Vəliyev bildirib ki, Cümhuriyyəti dərindən araşdırmaq işindən illərlə zövq alıb:

“1992-ci ilin noyabrında dövlət xətti ilə Türkiyəyə göndərilən 929 tələbədən biriyəm. Təhsilimi bitirəndən sonra Türkiyədə qalıb, orada çalışırdım. 
2018-ci ildə dəqiq qərar verib Azərbaycana köçdüm. Türkiyədə yaşadığım müddətdə Azərbaycan mühacirətini araşdırdım. Azərbaycanda arxivlər yox idi. Çünki bolşeviklər vaxtilə hamısını məhv ediblər. Milli olan heç nə saxlamayıblar. Mühacir cümhuriyyətimiz Azərbaycanda süquta uğrasa da, xaricdə yaşayıb. Ona görə də dərindən araşdırdıqca gördüm ki, Cümhuriyyətimizlə bağlı nə qədər bilgilərə sahib olmaq mümkündür”.

Əfqan Vəliyev bizimlə söhbətdə bir məsələyə da aydınlıq gətirib. O, 100 yaşlı bayrağımızın təqdimatı zamanı çəkilən şəkildə onun yanlış tutulması barədə sosial şəbəkələrdə ortaya atılan iddiaları əsassız adlandırıb:

“Bayraq təküzlüdür. Bayrağın həcmi böyük və uzundur. Onu yuxarıdan aşağı asmaq üçün hazırlayıblar. Yəni vəziyyətdə asılan şaquli bayraqdır. Üzərindəki ay və ulduz ağ rəngli parçadan tikilib. Bu cür nüansları qeyd etmək lazımdır. Yanlış düşünməyin özü belə yanlışdır”.