Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 17:27:00
Müəllim nüfuzunu və sosial rifahını artıran ildırımsürətli addımlar-  Qısa zaman, uğurlu iş-TƏHLİL

 

 

Məlum olduğu kimi,  ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı cari il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər  təşkil edib.

 

Ümumiyyətlə, son illər Təhsil Nazirliyin apardığı mühüm istiqamətlərdən biri də məhz müəllimlərin sosial rifahının yaxşılaşdırılması və maaş artımı ilə bağlıdır.

 

“Əgər desək ki, son illər Azərbaycanda müəllimyönümlü siyasət yürüdülür – yanılmarıq”

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov  son dövrlər müəllim amilinə xüsusi diqqət ayrıldığını vurğulamaqla yanaşı,  bu sahədə atılan addımları da qısaca diqqətə çatdırıb.

 

“Hələ bir müddət əvvəl Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılığı qeyd edilib.

 

Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib.

 

 “Strategiya”ya müvafiq olaraq davamlı kompleks tədbirlər ardıcıl olaraq davam etdirilmiş, müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmış və bu sahədə işlər uğurla davam etdirilib.

 

Məsələn, müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaratmaq məqsədilə 2014-cü il sentyabrın 15-dən “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilmiş, müəllim peşəsinə marağı artırmaq üçün Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən başlayaraq “Gələcəyin müəllimi təqaüdü” təsis olunmuş, müəllim əməyinin stimullasdırılması, əmək haqqına differensial yanaşma istiqamətində müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib və s.

 

O da vacib amillərdəndir ki, bu gün müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən iki istiqamətdə iş aparır. Birinci istiqamət mövcud ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim heyətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır. İkinci istiqamət isə ondan ibarətdir ki, bu pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində ilkin müəllim hazırlığının təkmilləşdirilməsidir”.

 

Onun sözlərinə görə təkcə son iki ilin statistikasına nəzər salsaq, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli tədbirlərin görülməsinin şahidi olarıq:

 

“Bu kimi misalların sayını artırmaq da olar. Təkcə son iki ilin statistikasına nəzər salsaq, yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsinin bilavasitə şahidi oluruq.

 

Bu mənada Azərbaycan Prezidentinin Sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması aparılan təhsil siyasətinin məntiqi davamı olmaqla yanaşı, müəllim peşəsinə diqqət və qayğının bariz nümunəsidir.

 

Aparılan sistemli tədbirlər nəticəsində təhsil sahəsində keyfiyyət göstəricilərinin son illərdə yüksəlməsi, xüsusilə, müəllimlik ixtisasına abituriyentlər arasında diqqətin artması, müəllimlərin işə qəbulunda isə böyük müsabiqə şəraitinin yaranması ilə nəticələnib. 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir”.

Təhsil eksperti son iki ildə müəllimlərin social rifahının artım tempini və müəllim nüfuzunun yüksəliş reytinqini konkret faktlarla sadalayıb:

 

“Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransındakı çıxışında da qeyd edildiyi kimi müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb.

 

Ümumilikdə, son beş ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi (hər dörd abituriyentdən biri) müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir.Ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb.

“Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır”.

 

Sədr müavini bildirib ki, diaqnostik qiymətləndirmədən keçməyən, saxta və ya ixtisasına uyğun gəlməyən sənədlə işləyən, dərs yükü az olan müəllimlər də fəaliyyətinə konkret aydınlıq gətirilməldir:

 

 “Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir. Hesab edirəm ki, “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının keçirilməsinə dair Qaydaların qəbul edilməsi sürətləndirilməli, diaqnostik qiymətləndirmədən keçməyən, Respublikanın müxtəlif şəhər və rayonlarında müəllim kimi çalışan, təhsil sənədi dövlət nümunəli olmayan, saxta və yaxud ixtisasına uyğun gəlməyən sənədlə işləyən, 6-9 saat civarında dərs deyən müəllimlərin də gələcək fəaliyyətinə konkret aydınlıq gətirilməlidir”.

 

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev müəllimlərin sosial rifahını yüksəldən səbəblərdən danışarkən, Təhsil Nazirliyinin atdığı vacib addımları, yerində verilən zəruri qərarları da səsləndirib:

 

“Azərbaycan respublikasında müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin tətbiqindən sonra dərs yükünün tənzimlənməsi, eyni zamanda topladıqları bala uyğun dərslərin verilməsi müəllimlərin sosial həyatının yaxşılaşmasına xeyli müsbət təsir göstərib.

 

Həmçinin, cəmiyyətdə müəllim nüfuzunun qalxmasına, onların bilik və bacarıqlarının göstəricilərinə uyğun olaraq dərs saatları ilə təmini  gündəmə gəlmişdi.  Daha yüksək bal toplayan müəllimlərin dərs yükünün artırılması maaşlara müsbət təsir göstərdi. Ümumiyyətlə, müəllimlərin diaqnostik qiymətləndirməsinin tətbiqi onların  sosial rifahının artırılmasina xeyli yardımçı oldu. Əlbəttə ki, bu,  təqdirəlayiq haldır.

 

Bundan əlavə, elektron sistemlə müəllimlərin ikinci iş yerində işləməsi qaydaları da tənzimləndi.  Nəticədə onların əlavə gəlir, əlavə dərs yükü ilə təmin olunmas üçün  xeyli şərait yaradıldı.

Müəllimlərin iş yerlərini dəyişməsi zamanı da onların sosial vəziyyəti ön plana çəkilir, sosial vəziyyətdən asılı olaraq yerdəyişmə müsabiqəsində güzəştlər edilir. Başqa bir məqam isə Rayon Təhsil Şöbələrində, məktəbdaxili həmkarlar təşkilatında müəllimlərin vəziyyətinin qəbul olunması istiqamətində xeyli işlər görülür. Nazirliyin təşkil etdiyi və digər müsabiqələrdə qalib gələn müəllimlərə də mükafatlar verilir. Bütün bunlar göstərir ki, həqiqətən son vaxtlar ölkəmizdə müəllimlərə xüsusi qayğı göstərilir”.

 

RTŞ müdirinin sözlərinə görə, hazırda tədrisin müvəqqəti dondurulmasına baxmayaraq, təhsil işçiləri, müəllimlər maaşlarını vaxtında alıblar:

 

“Onu da qeyd edim ki, koronavirus pandemiyasına görə tədrisin dayandırılmasına baxmayaraq, müəllimlərin maaşları vaxtında verilib, artıq aprel ayı üçün nəzərdə tutulan əməkhaqqı da ödənilib”.

 

Ucar rayon Təzə Şilyan kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, Pedaqoji mühazirələr üzrə Respublika birincisi Aynur İbrahimova müəllim nüfuzunun və social rifahının yüksəlişini bir cümlə ilə izah edir: “indi hamı müəllim olmaq istəyir”

 

“Son illərdə müəllimlərin işinə həm maddi, həm mənəvi  dəyər verilməsi çox təqdirəlayiqdir.  Maaşların artırılması, əlavə güzəştlərin tətbiqi və s müəllimlərin öz peşəsini sevməsinə, həvəslənməsinə səbəb olur.  Sanki hər kəs müəllim olmaq istəyir.

Əbəs yerə deyil ki, qəbul imtahanlarında 500-dən çox bal toplayaraq müəllim peşəsini seçənlərin sayı ildən-ilə artır.  Bu il də 500 baldan yuxarı bal toplayan 2000 mindən çox abituriyentin təxminən 400 nəfəri müəllim peşəsini seçib.  Ona görə ki, müəllim peşəsinə diqqət göz qabağındadır. 

Müəllimlər işə qəbul olanda da ucqar kəndə fəaliyyətinə, ərazinin yüksəkliyinə görə və s səbəblərdən  həvəsləndirici tədbirlər tətbiq olunur.

 

Əvvəllər ucqar kəndlərdə işləməkdən imtina edən gənc müəllimlər indi hətta paytaxda yaşasalar da Azərbaycanın istənilən bölgəsinə üz tuturlar.  Çünki onlar həm yaşayış şəraiti, həm də  yüksək  maaşdan əlavə ödənişlərlə təmin olunur.

Bütün bunlar həm ölkə başçısı İlham Əliyevin müəllimlərə göstərdiyi diqqət və qayğının, həm də Təhsil naziri Ceyhun Bayramovun təhsil sahəsində keçirdiyi obyektiv islahatların nəticəsidir.

Həmçinin təhsil sahəsində keçirilən müsabiqələr, məsələn, qrant layihələr, pedaqoji mühazirələr və s. bizə situmul verir.  

Mən ucqar kəndə işləyən müəllim kimi yaradılan şəaitdən çox məmnunam”.   

 

Sonda zəruri bir qeydi mütləq əlavə etmək istərdik.

 

Bu gün Ceyhun Bayramovun təhsil naziri təyin edilməsinin iki ili tamam olur.

 

İki il o qədər də uzun zaman kəsimi olmasa da, nazir bu qısa dönəmdə bir çox işləri həyata keçirməyi bacardı. Modern dünya təhsilinin inkişaf meyillərini dərindən izləyən Ceyhun Bayramov verdiyi qərarlarla çağdaş Azərbaycan tədrisinə saysız müsbət rənglər qatmış oldu.