Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 13:02:00
İtaliyadakı tələbəmiz - “İş yerim bağlanıb, təqaüdüm yox, özüm isə qidalanmalıyam”

 

“Mən hazırda İtaliyanın Siena şəhərindəyəm. Burada vəziyyət normaldır. Buna baxmayaraq, Siena əyalətində də ( şəhər və ətrafındakı kiçik şəhərlər, qəsəbələr daxildir) virusun yayıldığı şimal bölgələrində olduğu kimi ciddi nəzarət və karantin qaydaları tətbiq edilir. Ancaq koronavirusla bağlı durumun nisbətən pozitivə doğru getməsinə görə Sienada artıq bəzi iş yerləri, kitab köşkləri yenidən açılıb”. 

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında İtaliyanın Siena Universitetində magistr təhsili alan Nihad Ağazadə söyləyib.

 

Soydaşımız İtaliyada koronavirusla bağlı mövcud vəziyyətdən və qoyulan qadağalardan bəhs edib:

 

“Bildiyimiz kimi, bütün ölkə ərazisində fövqəladə hal elan olunub, əvvəlcə şimal regionları karantində idi, ancaq daha sonra şimalda yaşayanların digər şəhərlərə durmadan yayılmasını nəzərə alaraq bütün ölkə ərazisində 11 martdan etibarən karantin qaydaları həyata keçirildi. Qadağalar isə bunlardan ibarətdir: evdən sadəcə aptek və marketə getmək üçün çıxmaq olar, yaşadığın yerə ən yaxın mağazaya getməlisən, çünki yolda polis nəzarəti olur: əgər qaldığın evin ünvanına uzaq məsafədəsənsə, ilk olaraq xəbərdarlıq olunur, ikinci dəfə analoji hal təkrarlanarsa, təqribən 209 avro məbləğində cərimə olunursan. 

 

Mağazalarda heç bir qıtlıq yoxdur, ərzaqları asanlıqla əldə edə bilirik. Ancaq tibbi ləvazimatlara gəlincə isə ilk vaxtlarda maska və spirt tapmaq çətin idi, hal-hazırda rahat əldə edə bilirik. Hətta biz tələbələrə son günlərdə pulsuz olaraq paylayırlar”.

 

Həmyerlimiz qeyd edib ki, uzun müddətdir davam edən karantin rejiminə görə insanlarda psixoloji gərginlik yaranıb, bu səbəbdən qaydalara tam şəkildə əməl olunmur:

 

“İlk başlarda əhali virusu ciddi qəbul etmədiyinə görə küçəyə çıxmağa meyilli idi. Ancaq sonralar isə artıq vəziyyət gərgin olduğu üçün insanlar maksimum dərəcədə evdə qalmağa çalışdılar. Təbii ki, bu məsələdə polisin ciddi nəzarəti və məşhur şəxslərin internet üzərindən çağırışları mühüm rol oynadı. Lakin hazırda isə yenə də küçədə itləri ilə evinin qarşısında hərəkət edən şəxsləri və ya şəhərin polis nəzarətindən uzaq yerlərində bəzi vətəndaşların qaçmaq, velosiped sürmək kimi cəhdlərini görmək mümkündür. Bu isə bir qədər anlaşılandır, çünki artıq insanlar 40 gündür ki, ev şəraitindədirlər, bədəndə küt ağrılar yaranır, bu səbəbdən bir qədər hərəkət etmək, həm mental, həm də fiziki cəhətdən dəyişiklik lazımdır”.

 

Azərbaycanlı tələbə bildirib ki, hazırda Siena Universitetində dərslər və imtahanlarla yanaşı, diplom müdafiəsi də onlayn şəkildə həyata keçirilir:

 

“Bütün təhsil müəssisələri də digər yerlər kimi bağlıdır. Mart ayında bir ay boyunca virusla bağlı çaşqınlıqdan dolayı təhsil tamamilə durduruldu, onlayn formada da davam etmədi, dondurulmuş şəkildə qaldı. Mart ayının sonlarından etibarən isə dərslərimiz və imtahanlar universitetin saytı vasitəsilə davam etdirilir. Dərslər bu formatda keçirilir: müəllim keçənilki tələbələrin qeydlərini bizimlə bölüşür, “pdf”lər yükləyir. Professorlar da ehtiyacdan asılı olaraq həftədə 1 dəfə görüntülü zəng edərək, tələbələrin suallarını cavablayır. İmtahanlar şifahi və yazılı qaydada keçirilir. Şifahi imtahanı canlı bağlantı ilə veririk, digər formada isə müəllimin səni tam görəcəyi uzaqlıqda oturub, sualları cavablandırdıqdan sonra sayta yükləməlisən. Aydındır ki, bu cür təhsili əvvəlki keyfiyyətdə olmasa da, qənaətbəxş saymaq olar. Həmçinin, məzunluq və diplom müdafiəsi də bu qaydada aparılır”.

 

Nihad Ağazadə hazırda iş yerləri bağlandığına görə maddi cəhətdən çətinlik çəkdiyini söyləyib. Həmyerlimiz  bu məsələ ilə bağlı  səfirliyə müraciət edib, ancaq heç bir yardım göstərilməyib:

 

“İlk vaxtlar durumun tezliklə düzələcəyini düşündüyümə görə hökumət tərəfindən təşkil olunan ilk təxliyyəyə qoşulmadım. Azərbaycana getdiyimdə İtaliyaya nə zaman qayıdacağım qeyri-müəyyəndir. Çünki İtaliyada karantin rejiminin qaldırılması və xaricdən daxil olmanın bir neçə ay bloklanacağı yönündə məlumatlar yayılıb. Bu səbəbdən burada qalmağı üstün tuturam.

 

İş yerim hazırda bağlanıb və təqaüdsüz oxuduğuma görə durumumu izah etmək üçün səfirliklə əlaqə saxladım, yardım göstərmələrini xahiş etdim, onlar isə öz növbələrində Azərbaycan tərəfindən cavab gözlədiklərini bildirdilər. Bundan əlavə informasiya verilmədi, heç bir kömək də olmadı… Ancaq insan yaşaması üçün bioloji olaraq qidalanmalıdır. Bunu artıq bir neçə dəfə izah etməyə çalışsam da, uğursuz oldum. Səfirliyə yazdığımız mesajlara da həftələrlə cavab verilmir. Səfirlik tərəfindən tələbələrə qarşı olan bu münasibət bizi çox məyus edir”.

 

“Burada karantin rejiminə görə insanların psixoloji durumu o qədər də ürəkaçan deyil. İtaliya hökuməti əhaliyə müxtəlif maddim yardımlar göstərir, psixoloji dəstək üçün onlayn məkanlar açır, ancaq yenə də hər kəs normal həyatından uzaq olduğuna görə pərişandır.

 

Mən isə karantin günlərində evdə qalmağa çalışıram, italyan dili bacarıqlarımı inkişafı üçün mütaliələr edirəm, videolar izləyirəm. Bundan əlavə, qalan son imtahanıma hazırlaşıram.

 

Virusdan qorunmaq üçün məsafə saxlamaq çox vacibdir, bu səbəbdən insanlara maksimum dərəcədə çölə çıxmamağı və dezinfeksiya vasitələrindən istifadə etməyi tövsiyə edirəm”, - deyə soydaşımız əlavə edib.

 

Qeyd edək ki, hazırda İtaliyada 183 min 957 nəfər koronavirusa yoluxub, 24 min 648 nəfər isə dünyasını dəyişib.