Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 10:00:00
Ən unikal şagirdlər hazırlayan təhsil metodu-Nazirliyin uğurlu STEAM addımı
 

Təhsil elə bir sahədir ki, burada atılan ən uğurlu addım belə anında bəhrəsini vermir. Bəzən həmin uğurlu addımların nəticəsi özünü illər sonra göstərə bilir. Təhsilin başqa bir özəlliyi isə ondan ibarətdir ki, demək olar ki, ölkənin az qala bütün insanlarına bu və ya digər şəkildə aidiyyatı var. Bir az da konkretləşdirsək, təhsillə bağlı nəyisə insanlardan gizli saxlamaq mümkün deyil. Uşaq bağçaları, orta ümumtəhsil məktəbləri, liseylər, gimnaziyalar, universitetlər və s. Demək ki, aşağı-yuxarı hər hansı ailənin təhsilə aid olması mümkünsüzdür.

 

Son illər təhsil sahəsində xeyli yeni addımlar atılır. Bu istiqamətdə görülən işlərin hər biri ayrı-ayrılıqda bir mövzu və geniş təhlil materialıdır: Müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımılar,  olimpiadaların yenidən nüfuz qazanması, təmayül siniflər və təmayüllü tədris təfəkkürünün inkişafı, ehtiyat dərsliklərlə bağlı zəruri işlər, peşə təhsilindən tutmuş, xaricdə doktorantura təhsilinədək bütün pillələr üzrə tədrisin əlçatanlılıq və nüfuzunun artırılması...

 

AzEdu.az isə təqdim edəcəyi yazıda son iki il ərzində həyata keçirilən uğurlu bir işdən STEAM təhsil və onun gələcək inkişaf mexanizmlərindən bəhs edəcək:

 

Qısa statistik göstərici

 

Bu il 42 məktəbdə 6000-dən çox şagirdi əhatə etməklə Azərbaycan məktəblərində qabaqcıl ölkələrdə geniş vüsət almış STEAM-ın (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə  start verilmişdi. Növbəti il üçün isə 20000 şagirdi əhatə edilməsi planlaşdırılır.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "STEAM Azerbaijan" layihəsi 2019-2020 tədris ilindən start götürüb. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
 

Təhsil Nazirliyinin  təlimləri  zamanı STEAM metodologiyaları, Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları tədris olunur.  Layihə 6-ci sinifdən başlayaraq məktəblərdə tədris olunur.

 

“STEAM-ın növbəti illərdə 4-5 dəfə çox şagird və məktəbi əhatə etməsi faydalı olar”

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor  Şahlar Əsgərov  STEAM-ı gələcəyin təhsili hesab etməklə yanaşı, nazirliyin bu istiqamətdəki işlərini uğurlu hesab edir:

 

“STEAM öz fəlsəfəsinə görə çox praqmatik bir layihədir. Elmlərin əsası şagirdlərə məktəbdə öyrədilir.  Bu, çox yaxşıdır və bizim də təhsilimizin layihəyə qoşulmasını alqışlayıram. 

 

Təbii ki, fikrimcə, layihənin nəticəsi yaxşı olsa, növbəti illərdə 4-5 dəfə çox şagirdi və məktəbi əhatə etməsi faydalı olar.

 

Ümumiyyətlə, şagirdlər “necə etmək?”, “hansı formada tətbiq etmək”  kimi çoxsaylı suallara cavab verməlidirlər. Bu layihədə məhz şagirdlər belə suallara cavab axtarırlar.

 

Nazirliyin bu istiqamətdə gördüyü hər xırda detal, iş layihənin irəliləməsinə müsbət təsir göstərir. Ancaq nəzərə alaq ki, bu, raket, yaxud 4 təkərli araba deyil ki,  bizi böyük sürətlə irəli aparsın.

 

Təhsildə yüzlərlə suallar var ki, onların bir neçəsinə də məhz STEAM layihəsi cavab verəcək.  Bu təhsilin, ümumiyyətlə, “sağalmasına” kömək olacaq.

 

“STEAM təhsili alan şagird özü həll yolu axtarıb, vəsaitlərlə çıxış yolu tapacaq”

 

Təhsil Nazirliyinin STEAM layihəsindən yararlanan , artıq bu istiqamətdə təlimçi kimi formalaşan gənc pedaqoq  (Sumqayıt şəhər 1 nömrəli məktəbin fizika müəllimi) Aliyə Əhmədova STEAM-ın fəlsəfəsini açmaqla bərabər, bu layihənin gələcəkdəki inqilabi məziyyətlərinə də toxunur:

 

Bu məsələ haqqında Təhsil Nazirliyinin STEAM layihəsindən yararlanmış müəllimlərdən biri kimi danışmaq istəyirəm.  2019-cu ilin mart ayında İsraildə STEAM təlimlərində iştirak etmişik.  Bir çox qabaqcıl təlim metodları ilə tanış olmuş və qabaqcıl müəllimlərlə yeni əməkdaşlıqlar qurmuşuq.

 

Məlumdur ki, Bakı şəhərində 42 məktəbdə STEAM layihəsi dərs kimi davam etdirilir və müəllimlər təlimlərdən qazandıqları, həmçinin öz əlavələrini şagirdlərinə də öyrədirlər. Onlarla STEAM layihələr icra edirlər. Məndə olan məlumata görə həmin müəllimlər indiki vəziyyətdə dərslərini onlayn formada davam etdirirlər.  Hazırda sosial şəbəkələrdə müşahidə etdiyimə görə “Tinker kart” proqramında 3D printerlərlə çap prosesini şagirdlərlə icra etmək üçün videolar paylaşırlar .

 

Öz şagirdlərinin evdə hazırladıqları işlərin şəkillərini  də paylaşırlar.

 

Yəni sosial izolyasiya dövrü olmasına baxmayaraq, müəllimlər öz işlərini peşəkarcasına, vicdanla icra edirlər.  Müəllimlərin şagirdlərlə fasiləsiz məşğul olmasını çox gözəl, müsbət qiymətləndirmək lazımdır. 

 

İndi səhv etmirəmsə, 6-cı sinif şagirdlərinə də STEAM dərsləri keçirilir.   Şagirdlər eyni templə, metodik bazanın gücləndirilməsi şərti ilə peşəkar müəllimlərdən təlim alarlarsa, yuxarı siniflərə qalxdıqca onlarda XXI əsr bacarıqları formalaşacaq. Real həyat problemləri ilə qarşılaşanda “nə edim?” , “necə edim?” deyə fikirləşməyəcəklər, rahatlıqla özləri optimal həll yolları tapmağa çalışacaqlar və yaxud kiminsə təklif etdiyi həll yoluna tənqidi yanaşaraq, öz yaradıcı yanaşmalarını göstərəcəklər.

 

Misal üçün, indi kimlərsə maska tapmayanda hamı narazılıq edirdi.  STEAM təhsili almış şagird bu vəziyyətlə rastlaşanda o, bəhanə gətirməyi, narazılıq etməyi fikirləşmir. O, özü həll yolu axtarmağı, əlində olan vəsaitlərlə çıxış yolu tapmağı fikirləşir.  Yəni bu da bizim şagirdlərimizin gələcək həyatında, gənclik  dövründə, universitetdə, həmçinin karyera dövründə onun indidən məktəbdən başlayaraq XXI əsr bacarıqlarına formalaşdırılması deməkdir.  Burda əsas məsələ odur ki, müəllimlərin işi bir təlimlə yekunlaşmasın. Onlar daim mentor dəstəyi alsınlar. Bu baxımdan STEAM layihəsi təhsilimizə nə qazandıracaq?” sualına cavab verməkdə çətinlik çəkirəm.  Ona görə ki, gərək proses düzgün aparıla, daim mütəxəssislər cəlb oluna, təlimlər təkmilləşdirlə, müəllimlər üçün hazırlan metodik vəsaitlər eyni məzmunda qalmasın. Çünki STEAM  özü daim inkişaf edən, qol-qanad açan, müasir texnologiyaların inteqrasiya olunduğu bir metodikadır.  Gərək daim mütəxəssislərlə işlənilsin ki, proses də düzgün irəliləsin. 

 

Layihə Azərbaycan təhsilə müstəqil düşünə bilən, karyera seçimini şüurlu şəkildə edən, gələcəkdə öz bacarıqlarını əmtəəyə, dəyərə çevirə bilən,  sahibkarlıq ruhu olan gənclərin yetişdirməsinə səbəb olacaq. Ümumiyyətlə, təhsilə qoyulan investesiyasin, gətirilən yeni təlim metodlarının müsbət təsiri böyükdür. Burada qazanan həmişə şagirdlərdir.  Şagirdlər quru ənənəvi dərsdənsə,  fəaliyyətdə olub qurma, yapma, yeni texnologiyalar, sensor ekranla işləməyi sevirlər.  Ona görə də STEAM həm elmi savadlılığı, həm mühəndis-dizayn qabiliyyətlərini, əldə olunan informasiyaları düzgün sistemləşdirib, analiz edib onların datalar ilə gələcəyi ehtimal etməyi, A və B variantlarını təklif etməyi və s. imkan verən çox gözəl metodikadır.

 

Burada əsas məsələ STEAM müəllimlərini əhatəli yetişdirmək, onların bacarıqlarını eyni vaxtda formalaşdırmaqdır.  Çünki bir istiqamətdə getmək düzgün deyil. Müəllim və şagird fəaliyyət icra edirsə, onun elmi əsaslarını da öyrənməlidir. 2030-cu il üçün hədəflənmiş dayanıqlı inkişaf məqsədlərindən hansının reallaşmasına xidmət etdiyini bilməlidir.  Yəni görülən işlər kor-korənə olmamalıdır ki, bu da təhsilimizə müsbət töhfələr verə bilsin.

 

Ümumiyyətlə, STEAM Azərbaycan layihəsi innovasiyaları özündə birləşdirən layihədir. Mən də bir Azərbaycan müəllimi olaraq çox şadam ki, Təhsil Nazirliyinin yaratdığı imkanlar çərçivəsində layihədən yararlanmışam.  Həmin layihədə təlimçi kimi də fəaliyyət göstəmişəm.  Keçən il avqust ayında STEAM təlim paketinin hazırlanmasında birbaşa mütəxəssis kimi də iştirak etmişəm. Hazırda orada olan müəllimlərə, əməkdaşlara, layihə rəhbəri İqrar müəllim Nəzərova-hamısına bolluca uğurlar arzulayıram. Bir müəllim kimi hardasa nə vaxtsa, işim, köməyim, töhfəm olarsa, mən də böyük məmnuniyyətlə buna hazıram. 

 

Sosial izolyasiya dövründə oranın əməkdaşları günümüzün tələbinə çevrilən 3D printerlərlər hazırlayırlar. Bu onu göstərir ki, STEAM artıq çevik qərar qəbuletmə bacarıqları əməkdaşlarda var və onlar zamanın, reallığın tələbinə uyğun olaraq işlərini qura bilirlər. Adətən şagirdlər də öz müəllimlərindən, böyükdən nümunə götürür. Yəni şagird görəndə ki, müəllimi nümunəvidir, özü çevik qərar qəbul edən, optimal vəziyyətləri tapa biləndir, o da müəllimin nümunəsində böyüyür. Ona görə  həqiqətən STEAM Azərbaycan layihəsinin təhsilimiz üçün faydalı olduğuna inanıram və ümid edirəm ki,  daha əmin addimlarla irəliləyəcəklər.

 

STEAM-ın faydaları... Yaxud, əlacə qeyd üçün

 

TEAM dərsləri imkan verir ki, müəllim tədris ili boyunca icra edə biləcəyi fərdi kurikulumunu tərtib etsin. Müasir və STEAM düşüncəli müəllimlər üçün bu imkan geniş spektrli yaradıcılıq üfüqləri açır. Fənn kurikulumlarının icrası zamanı isə müəllim dərsin mövzusuna uyğun olaraq effektli və optimal təlim üsul və vasitələrini seçməkdə, müxtəlif resurslardan istifadə olunmaqla təlim nəticələrini əldə etməkdə sərbəstdir. Bu il STEAM dərslərinin tətbiqinin ilk ilidir, əldə olunan nəticələrə əsasən, qarşıdakı illərdə məzmunun təkmilləşdirilməsi işlərinə baxıla bilər.

 

Dərslərin STEAM əsaslı qurulması üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, real həyat problemlərinin həlli üçün seçilmiş üsullar nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin planlanmasında və mərhələlərin düzgün icra olunmasına nəzarət etməkdə şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Xüsusilə, müəllim şagirdlərində 4C bacarıqlarının formalaşmasında birbaşa iştirak edir.

 

STEAM xarici təlim metodudur. Təlim məzmununun hazırlanmasında DA xarici təcrübədən istifadə olunmalıdır. Təlim məzmununun hazırlanmasında iştirak edən yerli təhsil mütəxəssislər istifadə etdikləri xarici təcrübələri şəxsən beynəlxalq kurs və seminarlardan qazanıblar. Belə ki, yerli təhsil mütəxəssisləri, o cümlədən, mən də, mart ayı ərzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsraildə "STEAM və innovativ təlim metodları" beynəlxalq kursunda iştirak edən şəxslərdir. Eyni zamanda, bu mütəxəssislərin bir qismi Türkiyədə təşkil edilən "STEM PD education conference"da iştirak ediblər.

 

STEAM metodunun bir çox sahələrə müsbət təsiri xarici təhsil mütəxəssisləri və menecerləri tərəfindən daim təsdiqlənir.

 

Sonda zəruri bir qeydi mütləq əlavə etmək istərdik.

 

Bu gün Ceyhun Bayramovun təhsil naziri təyin edilməsinin iki ili tamam olur.

 

İki il o qədər də uzun zaman kəsimi olmasa da, nazir bu qısa dönəmdə bir çox işləri həyata keçirməyi bacardı. Modern dünya təhsilinin inkişaf meyillərini dərindən izləyən Ceyhun Bayramov verdiyi qərarlarla çağdaş Azərbaycan tədrisinə saysız müsbət rənglər qatmış oldu. Yazının əvvəlində qeyd etdiyimiz kimi bu gün atılan addımlar nəticəsini illər sonra verəcək.