Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-22 13:51:00
Pandemiyanın dünya təhsilinə vurduğu ağır zərbələr - Çıxış yolu olacaqmı?

Koronavirus dünyanı öz təsiri altına almaqda davam edərkən həyatımızda bir çox dəyişikliklərin baş verəcəyini, artıq heç nəyin əvvəlki kimi olmayacağını təxmin etmək o qədər də çətin deyil. Pandemiyadan, ən əsası, səhiyyə, iqtisadiyyat, idman, sosial həyat, mədəniyyət və buna oxşar bir çox sahələr təsirləndi və təsirlənməyə də davam edir.

 

 AzEdu.az koronavirusdan zərər görən təhsilin hazırkı durumu, dünya dövlətlərinin və Azərbaycanın təhsilin fasiləsizliyini təmin etmək üçün gördüyü tədbirlər və bu tədbirlərin nə dərəcədə səmərəli olub-olmaması haqqında yazını təqdim edir:

 

 

Koronavirusun təhsil üzərindəki təsirləri

 

COVİD-19-dan öz “nəsibini alan” sahələrdən biri də təhsildir. Bir çox ölkə virusun yayılmasını əngəlləmək üçün tədrisi müvəqqəti dondurub, məktəbləri bağlamaq məcburiyyətində qaldı. Bu durum isə təhsil sistemində ciddi mənada mənfi, qarşsısıalınması çətin olan problem ehtimalı deməkdir.

 

Həftələr öncə sadəcə Çində məktəblərdə tətil elan edildiyi halda, hazırda 188  ölkədə təhsilə ara verilib. UNESCO-nun hesabatına əsasən, qlobal şəkildə yayılan koronavirusa görə haradasa 1 milyard yarımdan çox şagirdin təhsili yarımçıq qalıb.

 

Mövcud durumun davam etməsi nəticəsində təhsil sisteminin pozulması və insanların təhsil haqlarının təhlükə altında ola biləcəyi ilə bağlı təxminlər də yürüdülür.

 

Təhsilin koronavirusla mübarizəsində dünya və Azərbaycan təcrübəsi

 

Pandemiyadan təsirlənən bir çox ölkədə təhsilə davam etmək üçün aralıqsız olaraq həll yolları axtarılır. Məktəblərin bağlanması ilə birlikdə evdə təhsilə - distant, onlayn təhsilə başlanıldı.

 

Virusun ilk başladığı yer olan Çində kompüter, ağıllı telefon və yerli kanallar vasitəsilə şagirdlərə təhsil verilir.

 

Koronavirusun yayılması ilə birliktə Yaponiya, Cənubi Koreya, Sinqapur kimi ölkələrdə də məktəblilərin daha sürətlə əldə edə biləcəkləri rəqəmsal təhsil dönəminə keçildi.

 

Pandemiyadan ən çox təsirlənən İngiltərə, ABŞ, İtaliya, İspaniya, Almaniya kimi ölkələr də məktəbləri bağlamaq məcburiyyətində qaldılar. Bu dövlətlərdə sağlıq səfərbərliyi ilə yanaşı, təhsil səfərbərliyinə də başlanıldı.

 

Ölkəmizdə də artıq uzun müddətdir ki, təhsilə ara verilib. Təhsil Nazirliyi tərəfindən yayımlanan “Dərs vaxtı” proqramının yayımına, həmçinin şagirdlər və  müəllimlər üçün nəzərdə tutulan “Virtual Məktəb” layihəsinə start verildi. 

 

Onlayn təhsilin mənfi tərəfləri

 

Rəsmi kanallarla yanaşı, müəllimlər də “Voice Thread”, “Zoom”, “Google Hangouts” kimi proqramlardan istifadə edərək, şagirdlərə öz imkanları daxilində dərs keçməyə çalışırlar.

 

Ancaq bu proqramlar vasitəsilə şəxsi məlumatların paylaşılması kimi problem də ortaya çıxıb. Buna görə müəllimlər belə məsələlərlə əlaqədar adını çəkdiyimiz proqramlardan istifadə edərkən daha diqqətli olmalıdırlar.

 

Digər tərəfdən, məktəblərin uzun müddət bağlı olması həm şagirdlərin, həm də valideynlərin bir sıra çətinliklərlə, mənfi hallarla üzləşməsinə səbəb olur. Uşaqların daimi olaraq evdə olması çalışmaq məcburiyyətində olan valideynlərin də işini çətinləşdirir. Həmçinin, evdə qalan şagirdlər rahatlığa öyrəşir və məktəb disiplinindən uzaqlaşa bilir.

 

Ev şəraitindəki təhsildə qaydaların yetərincə sərt olmaması şagirdlərdə öyrənmə, kəşf etmə, maraqlanma kimi duyğu və bacarıqların yavaş-yavaş azalmasına səbəb ola bilir. Buna görə də valideynlərin üzərinə çox iş düşür.

 

Bu cür şəraitdə təhsilin davamlılığını təmin etmək üçün dünyada hər istiqamətdə mübarizə davam edir, ancaq bəzi şagirdlər vardır ki, onlar bu yolda bir çox problemlərlə qarşılaşırlar.

 

Koronavirusa görə yaranmış bu vəziyyət ucqar bölgələrdə yaşayan, maddi durumları aşağı olan ailələri çətin vəziyyətdə qoya bilir. Oxuma-yazma bilməyən, texnikadan uzaq olan valideynlərin yuxarıda qeyd etdiyimiz proqramlardan istifadə etməsi o qədər də real görünmür.

 

Ağıllı telefon və ya televizorların olmadığı evlərdə şagirdlərin  təhsil davamlılığını təmin etmək hazırda da həll edilməsi çətin problem olaraq qalır...