Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 17:39:00
İtaliyadakı tələbəmiz: “Ən kritik vaxtda insanlara baxıb qürurlanırdım, çünki…”-MÜSAHİBƏ

 

“Mən hal-hazırda Roma şəhərindəyəm. Ümumiyyətlə, burada şimal bölgələri ilə müqayisədə vəziyyət hər zaman bir az daha yüngül olub, amma yenə də təhlükəli idi. Son zamanlar isə virusla əlaqədar durum yavaş-yavaş yaxşılaşır. Çünki insanlar artıq uzun müddətdir ki, birlik nümayiş etdirir və hər kəs öz üzərinə düşən cavabdehliyi yaxşı anlayır. Bu da məncə virusun daha çox yayılmasının qarşısını alan əsas məsələlərdən biridir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında İtaliyanın Sapienza Universitetində magistr pilləsində təhsil alan Elmar Əliyev söyləyib.

 

Onun sözlərinə görə, karantin rejimində olan Romada ərzaq məhsullarının əldə edilməsində heç bir çətinlik yaşanmasa da, tibbi ləvazimatları asanlıqla tapmaq olmur:


“Virusun yayıldığı andan etibarən Romada ciddi rejimə keçilib. Yalnız icazəli və çox vacib işlər xaricində çölə çıxmaq qadağan edilib. Mən isə tələbə yataqxanasında qalıram və həftədə bir dəfə olmaqla ərzaq almaq üçün evdən çölə çıxıram. Bayıra çıxarkan ərizə doldurmaq lazımdır, çünki polislər yoxlayır, əgər ərizəsiz çıxsaq, bizi böyük məbləğdə cərimələr gözləyir.

 

Burada digər bölgələrdən fərqli olaraq, marketlərdə qıtlıq olmadı, hər zaman olduğu kimi bolluqdur, qiymətlərdə də artım müşahidə olunmur.

 

Apteklərdə isə vəziyyət fərqlidir. Tibbi ləvazimatlar - əlcək, maska tapmaq olmur. Bizim yaşadığımız yerin yaxınlığında “1001 xırdavat”sayağı böyük market var, maska, spirt və əlcəkləri oradan əldə etməyə çalışırıq.

 

Təhsilimiz isə onlayn şəkildə davam edir, bütün universitetlər internet üzərindən təhsil rejiminə keçib. Hətta imtahanları onlayn şəkildə verən, onlayn diplom müdafiəsi edən məzunlar da var”.                                                                                        

 

Sapienza Universitetinin tələbəsi bildirib ki, Romada fövqəladə hal elan edildiyi ilk vaxtlardan fərqli olaraq, hazırda insanlarda rahatlıq var, buna görə də qaydalara əməl olunmur:

 

“Vəziyyətin çox gərgin olduğu dövrdə insanlara baxıb sadəcə qürur hissi keçirirdim. Çünki uşaqdan böyüyə hamı bir-birini düşünərək, bütün qaydalara riayət edirdi. Amma son günlər isə çox təəssüf ki, çöldə çoxlu sayda maskasız və əlcəksiz insanlara rast gəlmək mümkündür. Düşünürəm ki, belə etmək düzgün deyil.  Çünki vəziyyətin bir az yaxşılaşması hər şeyin bitməsi anlamına gəlmir”.


Həmyerlimiz Azərbaycana qayıtmaq istədiyini, ancaq hazırkı şəraitdə bunun mümkün olmadığını qeyd edib:

 

“Virusa görə Azərbaycana qayıtmaq istəyərdim. Ancaq hal-hazırda bu mümkün görünmür. Hökumət tərəfindən növbəti çarter reys təşkil edilsə, təhlükəsizlik səviyyəsinin yüksək olduğu halda Azərbaycana dönə bilərik.

Səfirlikdən bu məsələ ilə bağlı öz adımdan deyə bilərəm ki, mənimlə əlaqə saxlayan olmayıb. Mənə qarşı ailəm, dostlarım və qohumlarımdan başqa heç kimin diqqəti və ya dəstəyi yoxdur. Tələbə yataqxanasında qaldığım üçün xərclərim çox olmur, amma çox çətin vəziyyətdə olan uşaqlar var ki, onlara mütləq kömək olunmalıdır.

İtaliyada təhsil alan azərbaycanlı tələbələrlə daim əlaqədəyik, hər kəs bir-birinə dəstək olmağa çalışır. İmkanı olan tələbələr ehtiyacı olanlara bazarlıq edir, çətin vəziyyətdə hamı bir-birinin əlindən tutur. Ölkəmiz belə gənclərin qədrini bilməli və onlarla fəxr etməlidir”.

 

Azərbaycanlı tələbə gənclərə evdə qaldıqları bu günləri daha səmərəli və faydalı keçirmələrini tövsiyə edib:

“Karantin müddətində aşpazlıq sənətinə marağım artıb. Fərqli yeməklər və tortlar bişirməyi öyrənirəm. “Netflix” və digər film şəbəkələrinin axırına çıxmışam. Arada dərs oxuyuram, amma çox vaxt onlayn platformalarda ixtisasımla bağlı kursları keçirəm. Onlar daha öyrədici olur. Gənclərə də boş vaxtlarında “edX”, “coursera” və “udemy” kimi saytlarda öz ixtisasları ilə bağlı kursları tapıb, biliklərini artırmağı tövsiyə edirəm”.

 

“Qeyd etdiyim kimi, Romada virusun yayılması səngidiyinə görə hər şey öz axarı ilə gedir. İnsanlar vahimə içində deyil, amma təbii ki, ümumi narahatlıq hər kəsdə var. Ümid edirik ki, may ayının 3-ü bizim üçün, 4-ü də Azərbaycan üçün karantinin son günü olar”, - deyə Elmar Əliyev əlavə edib.