Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 12:03:00
“Elmi fəaliyyətdə də davamlılıq təmin olunmalıdır”  

Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların növbəti elmi-nəzəri konfransı işə başlayıb. “Elm Günü”nə həsr edilən  konfrans “ZOOM” platforması üzərindən online formatda təşkil olunub.

 

MDU-nun rektoru Şahin Bayramov karantin dövründə MDU-da tədris prosesi ilə yanaşı, elmi fəaliyyətdə də davamlılığın təmin olunmasının vacibliyini diqqətə çatdırıb. Magistrantların dissertasiya işlərini vaxtında və keyfiyyətlə yaza bilmələrinə zəruri dəstəyin göstərilməsi üçün aidiyyəti kafedralara müvafiq tapşırıqlar verildiyini vurğulayan rektor virtual konfransın bu sahədə mövcud durumun monitorinqi baxımından yaxşı fürsət olduğunu bildirib. Konfransın təşkilində əməyi olan əməkdaşlara və magistrantların elmi rəhbərlərinə təşəkkür edən Ş.Bayramov məruzə ilə çıxış edəcək magistrantlara və konfransın işinə uğurlar arzulayıb.

 

MDU-nun  elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov konfransın plenar iclasında yeddi, 21 aprel tarixində keçiriləcək bölmə iclaslarında isə 15 məruzənin təqdim ediləcəyini bildirib.

 

Sonra konfransda məruzələr dinlənilib. Magistrantlardan Aydın Könül “Bir daha Cəlil Məmmədquluzadə realizmi haqqında” , Azər Qasımlı “Ölkənin neft sənayesinin inkişafının mövcud vəziyyəti və dinamikası”, Validə Nuriyeva “Paketlər arasında fasilələrin müddətini tənzimləyərək verilənlər axınının idarə edilməsi”, Şahnaz Bəhmənli “Ənənəvi və müasir dərslərin oxşar və fərqli cəhətləri” , Mehriban Fərəcova “Kür çayının kimyəvi çirklənməsi problemləri”, Ceyran Sultanova “Dərman metabolitlərinin əsas ekoloji xüsusiyyətləri” və Rima Məmmədova “Kombinatorika məsələlərini necə həll etməli” mövzularında məruzələrlə çıxış ediblər.