Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-17 11:37:00
Mingəçevir Dövlət Universitetinin rektorunun tələbələrlə növbəti görüşü

2020-ci ilin 16 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “Mühəndislik” fakultəsinin qrup nümayəndələri ilə görüş keçirib.

 

 AzEdu.az  xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi mövcud şəraitdə tədris prosesinin təşkili ilə bağlı tələbələrin rəy və təkliflərinin öyrənilməsindən, onları maraqlandıran sualların cavablandırılmasından ibarət olub.

 

Görüşü açan Ş.Bayramov tələbələrin karantin dövrünün tələblərinə riayət etməsinin vacibliyini xatırladıb və koronavirusla mübarizə sahəsində dövlətimiz tərəfindən görülüən işlərdən danışıb. O, tələbələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2020-ci il tarixli “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı barədə geniş məlumat verib.

 

Ş.Bayramov MDU-da “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən, eləcə də “Videodərslər” vasitəsilə keçirilən dərslərdə fəal iştiraka görə fakultənin tələbələrinə təşəkkürünü bildirib və onları hər üç metodla keçirilən virtual dərslərdən faydalanmağa dəvət edib.

 

Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə keçirilən dərslərdən məmnun qaldıqlarını bildirən tələbələr yaradılan şəraitə görə universitet kollektivinə təşəkkürlərini bildiriblər. Tələbələrin karantin dövrünün nə zaman bitməsi, sərbəst işlərin yazılması, istehsalat təcrübəsinin keçirilməsi, imtahanların təşkili, yay məktəbi, akademik borcların ləğv olunması və digər məsələlərə dair çoxsaylı sualları rektor tərəfindən cavablandırıb.

 

Görüşün MDU-da tədris prosesinin təkmilləşdirilməsi baxımından faydalı olduğunu diqqətə çatdıran Ş.Bayramov koronavirusla mübarizənin uğurla başa çatacağına, tələbə və müəllimlərin tezliklə doğma auditoriyalara qayıdacağına əminliyini bildirib.