Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-17 11:05:00
Virtual dərslər şagirdləri necə qane edir? – “Heç yorulmuruq”

 

Artıq xeyli müddətdir, koronavirus pandemiyası təhlükəsinin qarşısının alınması üçün məktəblərdə tədris dayandırılıb.

 

Təhsilin fasiləsizliyini təmin etmək üçün müəllimlər onlayn, videodərslərə üstünlük verir, bunu yeganə çıxış olaraq görürlər.

 

Bəs şagirdlərimiz onlayn dərslər haqqında nə düşünür? Bu dərslərdən yararlana bilirlərmi?

 

Hədəf STEAM Liseyinin  şagirdi Aqşin Əhmədli öz təəssüratlarını AzEdu.az-la bölüşüb. O, onlayn dərslərin məktəbdəki qədər keyfiyyətli olmasa da, əhəmiyyətli olduğunu vurğulayıb:

 

“Oxuduğum liseydə demək olar dərslərin çoxu –tarix, kimya, fizika, riyaziyyat, Azərbaycan dili, ingilis dili, biologiya və s. kimi fənlər onlayn qaydada” Microsoft teams”  proqramı vasitəsilə tədris olunur. 

 

Dərslərə qoşulmaqda yaranan çətinliklər mənim şəxsi problemlərimdən qaynaqlanır. Yəni arada internetdə, şəbəkədə  və ya kompüterdə, telefonda yaranan texniki problemlər səbəb olur.  

Ancaq liseyin dərsləri qurmasında   heç bir problemlə rastlaşmamışam.  Dərsin keyfiyyəti məktəbdə olduğu qədər yüksək olmasa da, pis də deyil. Hətta onlayn olmasına baxmayaraq, çox yaxşıdır”.

O, həmçinin onlayn dərslərin üstünlüklərindən də danışıb.

“Əsas üstünlüyü odur ki, dərslərə evimizdən qatılırıq. Məncə, buna görə daha rahat olur.

Yəni məni olduqca qane edir. Dərslərə evdən onlayn qoşulduğumuza görə məktəbdə günün sonunda hiss etdiyimiz yorğunluq indi yoxdur. Bu səbəbdən  daha yaxşıdır.

 

Təhsil Nazirliyin təqdim etdiyi  “Virtual məktəb” layihəsindən istifadə etmirəm. Müəllimlərimiz bütün dərsləri keçdiyinə görə onlara baxmaqla kifayətlənirəm. Bir neçə dəfə Nazirliyin videodərslərinə də baxmışam. Onlardan da öyrənmək olar”.

 

Tərtər rayonunun ucqar kənd məktəbinin 9-cu sinif şagirdi Raul Şahidoğlu isə onlayn dərslərə qoşulmadığını, çətinlik çəkdiyini bildirib.

 

“Mən kənd məktəbində oxuyuram. Sinif yoldaşlarımın hamısında, hətta müəllimlərimizdə də  ev telefonu, intnernet yoxdur. Ona görə  də onlayn dərslər keçmirik. Müəllimlərimiz vatsap qrupları üzərindən tapşırıq verir, nələrisə izah edir.  Buraxılış sinfi  olduğuma görə əsas Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərini çox oxuyuram. Bacım, qardaşım bilmədiklərimi izah edir. 

 

“Virtual məktəb” layihəsi haqqında məlumatım var,  sinif rəhbərimiz hamımızı qeydiyyatdan keçirib ki, biz sadəcə qoşulub yararlanaq. Düzü, hələ də istifadə etməmişəm. Teledərslərə baxıram, Dövlət İmtahan Mərkəzinin “Youtube”dakı videolarından yararlanıram, bir də evdəkilər kömək edir.

 

Amma çox çətinliklə nəsə edə bilirik, ya internet olmur, ya da hansısa səbəbdən işiqlar sönür. Həm də telefona çox baxdığıma görə yoruluram.  Yenə də boş dayanmayıb, imtahanlara hazırlaşıram”.

 

Qeyd edək ki, onlayn dərslər könüllülük prinsipinə əsasında həyata keçirilir.