Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-15 12:11:00
“Biz infeksionistlər oxşar xəstəliklərlə çox rastlaşıb,  alnıaçıq da çıxmışıq” -ATU-nun dosenti ilə pozitiv müsahibə

 

 

COVİD-19-la mübarizənin ön cəbhəsində duran şəxslər şübhəsiz ki, tibb işçiləridir. Onların sırasında əsas yeri isə infeksionistlər tutur.

 

AzEdu.az Azərbaycan Tibb Universitetinin dosenti,  yoluxucu xəstəlilər üzrə mütəxəssis Elza Orucova ilə müsahibəni təqdim edir.

 

“Bu yanlışlıq insanları koronafobiya və koronapsixoza sövq edir”

 

-Hazırda  dünyada baş verən pandemiyanın təhlükəlilik vəziyyətini necə qiymətləndirirsiniz?

 

 - Bugünə qədərki rəsmi məlumatlara nəzər yetirsək, mənzərə ürək açan deyil. Dünya üzrə ümumi yoluxma 1867129, ölüm 115278, sağalanlar 434098, aktiv xəstələrin sayı isə 1317753 nəfəri təşkil edir.  (rəqəmlər müsahibə alınan günün statistic göstəricisidir -red.)

 

İstər Ümumdünya Səhiyyə Təşkilatı, istərsə də Dünya  Statistika Təşkilatının  rəsmi saytlarında sıralamada ümumi yoluxanlardan sonra dərhal ikinci yeri ölən şəxslər tutur. Halbuki, məntiqə uyğun olaraq, bu pillə xəstəlikdən sağalanlara, üçüncü mövqe  isə ölüm statistikasına  ayrılmalıdır. Çünki xəstəlikdən sağalanlar sayca ölüm hallarından nəzərə çarpacaq dərəcədə yüksəkdir. Fikrimcə, statistik məlumatlarda  ardıcıllığa riayət edilmədiyindən ölüm  daha tez gözə çarpır, nəinki aparılan müalicə… Bu da nəticə etibarı ilə  insanları koronafobiya və koronapsixoza sövq edir. Üstəlik, əksər sosial şəbəkələrdə koronavirus infeksiyası ölümün  sinonimi kimi eyniləşdirilir və ya ona bərabər tutulur. İnsanlarda elə təsəvvür formalaşır ki, sanki bu infeksiya  ölümün ekvivalentidir. Bu yanlış səbəbin doğurduğu nəticə  sağlamların  psixoloji dəstəyə ehtiyacını zəruri edir. Sosial mediyada müxtəlif konspiroloji fikirlərin də yer aldığının fərqindəyəm.

 

 Bu yerdə qeyd etməyi vacib sayıram ki,  ən son zamanların gündəmində olan 2 terminin adı  əksər hallarda səhv yazılır (virus COVİD-19 və ya korononavirus COVİD-19). “Taksonomiya üzrə Beynəlxalq Komitənin” məlumatına görə bu və ya digər adlar məqbul sayılmır. Buna görə də 11.02.2020-ci ildə isə ÜST xəstəliyin və virusun  düzgün olan rəsmi adını açıqlayıb: COVİD-19 - xəstəlik, xəstəliyi törədən virusun adı isə  SARS-CoV-2.

 

 Belə ki, hər dəfə dünya xəritəsində  pandemik  mənzərəyə cəmləşən diqqətim məni bir anlığa  “Ucadan baxan göz deyil” fikrinin sahibi, dünyanın tərcüman şairi Yunis Əmrəyə yönəldir. O, Tanrı ucalığından başqa bir ucalıq tanımır, insanın bir-birindən üstün ola biləcəyi ehtimalını rədd edir, insanı insanın yanında görməyi arzulayır, çünki eyni mayadan, eyni qətrədən yaranan insanın bir-birinə yuxarıdan aşağı baxmasını fənalıq, yazıqlıq sayır. Bir sözlə, o, insanları  insanlığa səsləyir. Mənim də sözümün qayəsi odur ki, dünyanı zəbt etmiş  bu virus müsəlman-xristian, işğalçı, istismar edən və işğala, istismara məruz qalan tərəf, hegemon-zəif dövlətlər, vəzifəli-vəzifəsiz, varlı-kasıb, sadə-təkəbbürlü, yaşlı-uşaq, yaxşı-pis, məsum-qəddar və bu kimi anlayışları tanımır. Bizə həyat dərsi verən, ibrət götürəcəyimiz yeni virus kimi ortaq düşmənimiz var, lakin  ona qarşı ortaq insanlığımız yoxdur (“insan çoxdur, insanlıq azdır”). Gəlin, insanlığı əbədi həyat tərzinə çevirək və ortaq  düşmənimizdən qat-qat güclü olaq.

 

 “Hər kəs özünü qorusa, heç kimin  qorunmağa ehtiyacı olmayacaq”

 

-İnfeksionist olaraq, bu vəziyyətdən az itki ilə çıxmağımız üçün nələri tövsiyə edərdiniz?

 

 -İnfeksion xəstəliklərin diaqnostik prinsipi  onun erkən və dəqiqliyidir. Bu baxımdan  maksimal konkret diaqnoz vaxtında  səmərəli və effektli müalicənin  də  aparılmasına  zəmin yaradır.

 

”Ən yaxşısı xəstəliyin qabağını almaqdır, nəinki müalicə etmək” kimi təbabətin qızıl  qaydasını hər kəs yaxşı bilir və hörmət edir, amma əfsuslar olsun ki, buna az riayət olunur.

 

 ÜST-ün sözügedən infeksiyaya dair bir neçə önəmli şüarlarından biri də  budur ki, “özünü qorumaq başqasını qorumağa bərabərdir”. Məhz bu yerdə erudit bilikli Pərviz Məmmədov adlı tələbəmin bu mövzuda  özünəməxsus aşıladığı fikri təqdim edirəm: “Hər kəs özünü qorusa, heç kimin  qorunmağa ehtiyacı olmayacaq”. Qeyd edilən fikirləri nəzərə alaraq hazırki situasiyadan az itki ilə qurtarmağın ən sadə yolu elə bu infeksiyaya  mübtəla olmamağa çalışmaqdır. Bunun da sadə düsturu var, belə ki, mövcud qaydalara bütünlüklə riayət edilməlidir: evdə qalmaq, sosial izolyasiya, şəxsi gigiyena. Bu aralarda insanlarla görüşməmək “Sənə hörmət edirəm, səni əziz tuturam” anlamına gəlməlidir.

 

 -Vaksinin tez bir zamanda tapıla bilməməsinin sizcə, əsas səbəbləri nədir?  

 

 -Dünyanın aparıcı laboratoriyaları bu istiqamətdə fəaliyyətlərini tezləşdirməlidir. Məlumdur ki,  Amerika,  Almaniya,  Çin,  Yaponiya və İngiltərə  bu  işləri aparır. Fikrimcə, ilk olaraq bugünə kimi əldə edilən təcrübələrdən istifadə edilməlidir. Dünya ölkələri bu işdə həmrəy olmalı, bir-birinə yardım etməlidir. Artıq COVİD-19-la  ilə bağlı dünya ölkələri öz qüvvələrini səfərbər etməklə təhlükəsizlik, iqtisadi, sosial və səhiyyə sahəsində bütün lazımi addımlar atıblar. Əgər bu tədbirlər həyata keçirilməsəydi, indiki vəziyyət qat-qat ağır olardı. Hamımıza məlumdur ki, cəmi 3 aydan bir az artıq zaman kəsiyində qlobal səviyyədə bütün çətinlikləri dəf etmək olmur. Dünya səhiyyəsi xeyli inkişaf edib, bir çox hallarda mümkünsüz olanı mümkün edib. Lakin bütün nailiyyətlər səbr və yüksək peşəkarlıqla əldə edilib. Belə bir virusun vaksininin tapılması işində biz səbr edib, o müddət ərzində lazımı preventiv tədbirləri görməliyik.

 

“Təhminlərə görə, vaksin yarım ilə başa gələcək”

 

 -Texnologiyanın bu dərəcədə inkişaf etdiyi bir zamanda  yoluxucu, qrip  simptomlarına malik infeksiyanın çarəsini tapmaqda dünya səhiyyəsi niyə acizdir?

 

 -Vaxtı ilə “ispan  qripi”ndə ölüm elə sürətlə baş verirdi ki, insan  səhər tezdən tamamilə sağlam ola bilər, günorta bir dəfə asqıra və  gecəyə yaxın isə tabut sifariş edə bilərdi. Bəşəriyyətə çoxdan məlum olan, 25-30 % hallarda ölümə cavabdeh olan çoxsaylı ağırlaşmaları ilə daha çox tanınan qripin  - qrip birdir, ağırlaşmaları mindir - A tipinə qarşı vaksin hazılansa da, bu virusun digər tiplərini, yeniləşən yarımtiplərini  qorumur.

 

Həmçinin, əhalinin xəstələnmə strukturunda bütün infeksion patologiyanın əksər hissəsini təşkil edən və 200-dən çox infeksion agentin səbəb olduğu digər kəskin respirator virus infeksiyalarına (KRVİ), o cümlədən paraqrip, adeno-rino-, reo-, respirator-sinsitial virus infeksiyaları, quş qripi, Meksika qripi, SARS, MERS və s-yə  qarşı hələki effektiv spesifik  profilaktika vasitələri yoxdur.

 

 Yeni koronavirus infeksiyası da KRVİ-nin tipik nümayəndəsidir, yenicə öyrənilməyə başlanılıb,  kölgəli aspektləri çoxdur. Üstəlik, “Təbabət həyat kimi həm sadə, həm də mürəkkəbdir”. Bu oxşar izahı vaksin sahəsində problemin mürəkkəbliyini əks etdirən COVİD-19-a da tamamilə şamil etmək olar. Fikrimcə, vaksin yönümdə alimlərin səyini çətinləşdirən bir sıra amillər mövcuddur. Belə ki, dünyada koronovirusun bir neçə növ müxtəlifliyi ola bilər. Eyni zamanda təcrübələr göstərir ki, bu infeksiyadan sağalanlardan götürülən analizlərdə 2-ci dəfə virusun mövcudluğu ortaya çıxıb.

  

 Bir sıra ölkələrdə  COVİD-19-a qarşı vaksinin bir neçə variantı hazırlanıb. Hazırda ilkin mərhələ olaraq  heyvanlar üzərində testdən keçirilir. Əgər testlər uğurla olsa, onda növbəti mərhələ sınağın insanlar üzərində aparılması olacaq. Təhminlərə görə, vaksin yarım ilə başa gələcək. Artıq Çin höküməti koronovirusa qarşı inaktivizasiya olunmuş vaksinin klinik təcrübəsini sanksiyalaşdırıb. Bu, ölkədə 2-ci, dünyada isə 3-cü vaksin olacaq, hansı ki klinik sınaq mərhələsinə keçid alıb.  Xoş xəbərdir.

 

 “Biz infeksionistlər oxşar xəstəliklərlə çox rastlaşmışıq”

 

-Azərbaycan infeksionistləri COVİD-19 istiqamətində hansı tədbirlərə əl atır?

 

 -Azərbaycan səhiyyəsi peşəkar həkimlərin, o cümlədən  infeksionistlərin əlindədir, bu, həqiqətən belədir. Ön cəbhədə fədakarcasına vuruşan, həyatını, sağlamlığını riskə atan, gecə-gündüz rahatlıq bilməyən dəyərli həmkarlarımız var. TƏBİB-in  işi olduqca təqdirəlayiqdir. Əsas tədbirlər hazırda bu qurumun üzərinə düşür. Biz infeksionistlər oxşar xəstəliklərlə çox rastlaşmışıq. Vaxtilə ölkəmizdə  geniş yayılmış xəstəliklərə (difteriya, malyariya və s.) qarşı səhiyyəmiz ciddi tədbirlər görüb. Mən də bir həkim kimi proseslərin mərkəzində olmuşam. Hər zaman Azərbaycan həkimi  infeksion xəstəliklərə qarşı mübarizədə alnıaçıq çıxıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları