Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-14 17:00:00
Nazirlik yanında İctimai Şura təhsil ictimaiyyətinə müraciət etdi

 

 

Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarını dövlətin vətəndaşına, onun sabahına, gələcəyinə, intellektual gəncliyinə növbəti qayğısı kimi qiymətləndiririk. Dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası dövründə Prezident İlham Əliyev tərəfindən hər bir vətəndaşa göstərilən qayğı, fərqli sosial təbəqələrdən olan vətəndaşlarımızla bağlı konkret qəbul olunmuş qərarlar, yaranmış situasiyada dövlətimizin insanların yanında olmaq istiqamətində atdığı hər bir addım cəmiyyət tərəfindən rəğbətlə qarşılanır, eyni zamanda, dövlət-vətəndaş birliyini təcəssüm etdirir.

 

 

Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qeyd etdiyimiz dövlət qayğısının tərkib hissələrindəndir. Təxminən 20 mindən artıq gəncimizə ünvanlanmış bu qərarın icrasına dövlət büdcəsindən 40 milyon manat vəsaitin ayrılması müstəqil dövlətimizin məhz sosial baxımdan aztəminatlı ailələrdən olan tələbələri narahat edən qayğılara dövlətin strateji xəttində ardıcıl olaraq yer verildiyinin növbəti  nümayişidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbələrin təqaüdlərinin artırılması ilə əlaqədar ardıcıl sərəncamları, dövlət sifarişli yerlərin sayının artırılması, tələbələrin təqaüdlərinin artırılmasında akademik göstəricilərin, qazanılan təhsil nailiyyətlərinin başlıca faktor kimi götürülməsi dövlət qayğısının sadəcə sosial təminat olmayıb, həm də, bilik və bacarıqların, mütəxəssis hazırlığının daim yüksəldilməsinə hesablanmış motivasiya, ölkəmizdə yüksəkixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinin daha da yüksəldilməsinə təsir edən faktorlar olaraq məqsədli və düşünülmüş addımlar kimi qəbul edilməlidir.

 

Əminik ki, dünyanı bir nömrəli problem olaraq narahat edən pandemiya təhlükəsinə ölkə rəhbərliyinin xalqımızı, dövlətimizi yaranmış situasiyadan itkisiz, daha az ziyanla çıxması istiqamətində səylərinə vətəndaş həmrəyliyi ortaya qoymaqla, dövlətimizin bu istiqamətdə tövsiyələrinə əməl olunmasında insanlarımızın nümayiş etdirdikləri yüksək nizam-intizamla tez bir zamanda qalib gələcəyik. 

Biz birlikdə güclüyük!