Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-14 15:23:00
“Kasıblara yardım edilir, kommunal xərclər aradan qaldırılıb” - Gürcüstandakı tələbəmiz

 

Çində meydana gəldikdən sonra qlobal problemə - pandemiyaya çevrilən koronavirus dünyanı öz təsiri altına almaqda davam edir. Hazırda 1 milyon 929 min 633 nəfər bu virusa yoluxub, 119 min 785 nəfər isə dünyasını dəyişib.

 

Qonşu ölkələrimizdə də virusa yoluxan və ölənlərin sayı sürətlə artmaqdadır.

 

Bəs maraqlıdır, görəsən, 200 mindən çox azərbaycanlının yaşadığı qonşu Gürcüstanda ümumi vəziyyət necədir ? Hökumət virusun qarşısını almaq məqsədilə ölkə ərazisində nə kimi tədbirlər görür ?

 

Tbilisi Dövlət Universitetinin tibb üzrə bakalavr pilləsində təhsil alan Sumaya Həsənova AzEdu.az-ın sualını belə cavablandırıb:

 

“Gürcüstanda virusun yayılması ilə bağlı vəziyyət digər ölkələrlə müqayisədə daha yaxşı olsa da, hökumət martın 23-dən aprelin 30-na kimi fövqəladə hal elan edib, komendant saatı tətbiq olunur – səhər saat 6-dan axşam saat 9-a kimi küçəyə çıxmaq mümkündür. Karantin rejimi və komendant saatının mayın 15-nə kimi uzadılması gözlənilir.

 

Aptek və marketlərdən başqa bütün iş yerləri bağlıdır. Məktəb və universitetlər qapadılıb, hər iki təhsil müəssisəsində dərslər onlayn şəkildə davam etdirilir”.

 

Soydaşımız azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında virusla əlaqədar durumun daha kritik olduğunu, hökumətin sərt qadağalar tətbiq etdiyini qeyd edib:

 

“Marneuli və Bolnisi bələdiyyələrində, xüsusilə də bizim yaşadığımız Marneulidə vəziyyət daha gərgindir, virus burada çox sürətlə yayılır.  Bu səbəbdən Marneulidə Gürcüstanın digər rayonlarına nisbətən daha ciddi qadağalar qoyulub. Küçəyə ancaq ərzaq məhsulları və dərman almaq, xəstəxanaya getmək üçün çıxa bilirik.

Bayıra toplu halda (2 nəfərdən artıq), maska taxmadan çıxdığınız, o cümlədən maşında 2 nəfərdən artıq oturduğunuz təqdirdə 3000 lari (1600 manat) ilə cərimə olunursunuz. İnsanlar məbləğin bu qədər artıq olması ilə bağlı narazıdır”.

 

Həmyerlimiz bildirib ki, Gürcüstanda ərzaq qıtlığı olmasa da, maska əldə etməkdə çətinlik çəkirlər:

 

“Gürcüstanda mağazalarda ərzaq qıtlığı yoxdur, hər hansı məhsulu tapmaqda heç bir çətinlik çəkmirik. Hökumət virusla əlaqədar kasıb ailələrə vaxtaşırı ərzaq məhsulları paylayır, kommunal xidmətlər 2 aylıq pulsuz elan olunub. Azərbaycanlı deputat Zaur Darğallı da bu məsələ ilə bağlı soydaşlarımızın qayğısına qalır.

 

Ancaq apteklərdə maska tapmaq mümkün deyil. Tibbi ləvazimatları almaq üçün səhər saatlarında aptekə getməlisən, belə olduğu təqdirdə isə 7 aptekdən birində maska almaq mümkündür”.

 

“Virusa yoluxanlar arasında həmyerlilərimiz də var. Bir azərbaycanlı ailənin 3 üzvündə koronavirus aşkarlandı, onlar müalicə olunaraq evə buraxıldılar. Bir nəfər 83 yaşlı azərbaycanlı xanım isə koronavirusdan vəfat etdi”, - deyə Sumaya Həsənova əlavə edib.

 

Azərbaycanlı tələbə dərslərin onlayn şəkildə davam etdiyini, ancaq tibb fakültəsində oxuduqlarına görə təhsilin qənaətbəxş olmadığını söyləyib:

 

“Qeyd etdiyim kimi, dərslərimiz martın 23-dən etibarən onlayn şəkildə keçirilir, aprelin 2-dən isə imtahanlarımız başlayıb. İmtahanları da internet vasitəsilə veririk.

 

Ancaq dərslərin və imtahanların onlayn şəkildə keçirilməsinə razı deyilik, çünki müəyyən saatlarda hər kəs eyni vaxtda internetdən istifadə edir, bu zaman isə internetdə çöküş olur, mühazirələri tam şəkildə dinləyə bilmirik. Həmçinin, tibb fakültəsinin tələbələri olduğumuz üçün bu cür təhsil bizi qane etmir. Çünki tibb fakültəsində oxuduğumuz və sonuncu kursda təhsil aldığımıza görə praktika bizim üçün çox vacibdir, belə olduğu halda tam təhsil ala bilmirik.

 

Xəstəxanalara praktikaya getmək, koronavirusla mübarizənin olduğu bu günlərdə biz də könüllü kimi çalışmaq istəyərdik, ancaq bakalavr pilləsində təhsil alanlar üçün bu qadağandır. Yalnız universiteti bitirmiş, təhsilini rezidenturada davam etdirən məhdud sayda tələbə hazırda xəstəxanalarda könüllü kimi işləyə bilir. Bizim universitetdən də bir tələbəyə xəstəxanaya çalışmağa icazə veriblər”.

 

Tbilisi Dövlət Universitetinin tələbəsi Sumaya Həsənova gələcəyin həkimi kimi insanlara virusdan qorunmaq üçün öz tövsiyələrini də verib:

 

“Gürcüstanda əhali vəziyyətin ciddiliyinin fərqindədir. Yaşlılarda qorxu və həyəcan həddən artıqdır. Buna görə də insanlar karantin rejiminin qaydalarına çox ciddi əməl edirlər. Camaat lazım olmadıqca bayıra çıxmamağa çalışır, demək olar ki, küçədə maskasız və əlcəksiz adama rast gəlmək mümkün deyil.

 

Mənim koronavirus haqqında fikir bildirməyim düzgün deyil. Ancaq dərslərində iştirak etdiyim professorlarımızın fikrincə, bu virus bioloji silahdır, dünyanı iqtisadi baxımdan çökdürmək üçün yayılıb. Ümid edirəm ki, tezliklə virusun qarşısı alınar və normal həyatımıza geri dönərik. Bunun üçün isə mümkün qədər özümüzü virusdan qorumalıyıq. Özünütəcrid mütləq ki, vacibdir, lazım olmadıqca küçəyə çıxmamalıyıq, sosial məsafəni qorumalıyıq. Təmizlik qaydalarına riayət etmək, gün ərzində bol maye qəbul etmək, hər 20 dəqiqədən bir ilıq su içmək çox vacibdir. Fikrimcə, bütün bu qaydalara və hökumətin qoyduğu qadağalara riayət etməklə virusa qalib gələ bilərik”.

 

Qeyd edək ki, Gürcüstanda 296 nəfər koronavirusa yoluxub, 3 nəfər isə dünyasını dəyişib.