Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-14 12:51:00
Kimlərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək?- Yaranan çaşqınlıqlar və izahlar

 

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Nazirlər Kabinetinin qəbul etdiyi qərarı birmənalı olaraq alqışlayıram. Bu qərar hazırki dövr üçün olduqca əhəmiyyətlidir”.

 

Bu fikirləri tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib. O, verilən qərarda vətəndaşlarda çaşqınlıq yaradan bəzi nüansları şərh edib:

 

“Bu günədək həyata keçirilən qanunvericilik aktlarının əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr mütəmadi olaraq təhsil alsınlar və maddi vəziyyətlərinin ağır olması səbəbindən təhsildən yayınmasınlar. Nazirlər Kabinetinin dünən verdiyi qərar da məhz bu baxımdan təqdirəlayiqdir. Verilən qərara əsasən, biz təhsil haqqından azad olunma hüququ üzrə yeni kateqoriyaları görürük.

 

Həmin kateqoriyalar  görə ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri işsiz kimi qeydiyyatda olanlar,  yaşa görə əmək pensiyaçıları olanlar,  yaşa görə sosial müavinət alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər təhsil haqqı xərclərinin ödənilməsi şamil olunur.

 

Burada I və II dərəcə əlilliyi olanlarla bağlı verilən qərar vətəndaşlarda çaşqınlıq yaradır. Ona görə də bu hissəni şərh edirəm. Əvvəlki imtiyazlarda  birinci bölmədə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslərin övladları təhsil haqqından azad idisə, indi tək valideyni, habelə qanuni nümayəndəsinin (himayədar) I və II dərəcə əlilliyi varsa, o zaman tələbə təhsil haqqından 2020-ci ilin yarımillikləri üzrə azaddır və bunu dövlət qarşılayır.

 

Həmçinin, əvvəlki imtiyazlarda 2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunanlarla indi qeyd olunan I və II dərəcə əllilik məsələsi qarışdırılmamalıdır. Bunlar fərqli anlayışlardır”.

 

Təhsil eksperti  qərarın hansı tələbələrə  şamil olunmayacağını  da diqqətə çatdırıb:

 

“Bu qərardan kənarda kimlərin qalacağına da aydınlıq gətirərək  təsnifatlaşdırmaq olar:

 

İkinci dəfə ali təhsil və ya orta ixtisas təhsili  alan,  yuxarıda təhsil haqqından azad olunanlar üçün müəyyən edilmiş kriteriyalara aid olmayan,  qiyabi formada təhsil alan şəxslərə qərar şamil olunmur.

 

Qeyd edim ki, bu qərara əsasən, qərarın şamil olunduğu şəxslər 2019-2020 tədris ilinin 2020-ci il üzrə düşən II yarımil-Yaz semestrinə görə (fevral-iyun), həmçinin 2020-2021 tədris ilinin I yarımil-Qış semestri üzrə (sentyabr-yanvar) düşən təhsil haqlarından azaddırlar.

 

Məsələn, ali məktəb tələbəsi 2000 AZN təhsil haqqı ödəyəcəkdisə, 1000 AZN ödəyəcək. Həmçinin qərara görə orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin də illik təhsil haqqının 50 faizi miqdarı dövlət büdcəsi hesabına ödəniləcək”.

 

O, subbakalavrlar, həmçinin cari ildə ilk dəfə ali təhsil alan şəxslərin də təhsil haqqı xərclərinin ödəniləcəyini vurğulayıb.  Qərarın üstünlüklərindən danışan təhsil eksperti yeganə çatışmazlığı  magistr tələbələrinə şamil edilmədiyində görür:

 

“Verilən qərar subbakalavr dərəcəsi olan və ilk dəfə ali təhsil alan şəxslərə də şamil olunur. O halda ki, qeyd olunan kriteriyalara uyğun gəlsinlər.

 

Bundan əlavə qeyd edim ki, cari ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələr də qeyd olunan meyarlara görə bu qərardan faydalana bilərlər. Yəni 2020-2021 tədris ilinin I yarımil-Qış semestri üzrə (sentyabr-yanvar) düşən təhsil haqqından azad oluna bilərlər. Və nəhayət qərarın üstünlükləri çoxdur və bu dövlətin əhalinin həssas təbəqəsinə maddi və mənəvi dəstəyi deməyidir.

Yeganə sezdiyim əskiklik və ya çatışmazlıq magistratura səviyyəsində təhsil alanlara şamil olunmamasıdır”.

 

Onun sözlərinə görə,  əvvəlcədən təhsil haqqını ödəyən qərarın şamil olunduğu tələbələrin ödənişi geri qaytarmalıdır.

 

“Xüsusi olaraq bildirim ki,  əgər  tələbələr qeyd olunan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvüdürlərsə,  II semestr üçün təhsil haqqı ödəyən tələbələrin təhsil haqqı geri qaytarılmalıdır. Belə ki, bu qərar 20000 tələbəni əhatə edir və buna görə dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılacaq. Və nəhayət qərarın üstünlükləri çoxdur və bu dövlətin əhalinin həssas təbəqəsinə maddi və mənəvi dəstəyi deməyidir”.

 

Sonda təhsil eksperti E. Əfəndi bu günədək təhsil haqqından azad olunan tələbələrin kateqoriyalarını da xatırladıb.

 

 Bu günədək kimlərin təhsil haqqından azad olunmasına  da aydınlıq gətirim.  "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət və özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar.

 

“Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri bakalavr və magistratura səviyyəsində, habelə AMEA-nın magistratura səviyyəsində təhsil alarkən dövlət hesabına təhsil haqqından azad olunurlar.

 

Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar.

 

Məcburi köçkünlər dövlət təhsil müəssisələrində təhsil alarkən Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda təhsil haqqından azad edilirlər.  2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunurlar”.

 

“Buradan göründüyü kimi bütün bu qanunvericilik aktlarının əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr mütəmadi olaraq təhsil alsınlar və maddi vəziyyətlərinin ağır olması səbəbindən təhsildən yayınmasınlar”-deyə E.Əfəndi sözlərinə əlavə edib.