Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-12 17:32:00
Kurikulum sisteminin Kanada modeli-İbtidai siniflər üçün dərsliklər yoxdur

İnkişaf etmiş dünya ölkələrinin təhsil sahəsində bir-birinə yaxınlaşması, təhsil müəssisələrinin, təlim-tərbiyə prosesinin qarşılıqlı inteqrasiya olunması təhsilin müasir inkişaf tendensiyalarının əsasını təşkil edir. Elə buna görə də Azərbaycanda həyata keçirilən təhsil islahatının başlıca məqsədi onu dünya standartları çərçivəsində irəli aparmaqla qabaqcıl ölkələrin sırasına çıxarmaqdan ibarətdir. Bunun üçün, ilk növbədə, dünyanın sivil ölkələrinin təhsil təcrübələrini öyrənib ümumiləşdirmək, ən faydalı olanlardan istifadə etmək zəruridir. Kanadanın təhsil sisteminə qısa nəzər salaq:

 

“Burada təhsil üzrə federal idarə sistemi yoxdur”

 

Kanada öz ərazisinə görə dünyanın ikinci ən böyük ölkəsidir. ABŞ-la qonşuluğu, üç okean suları ilə əhatə olunması onun sərhədlərini xarakterizə edən əlamətlərdir.

 

Kanada təhsil siyasətinin müəyyən olunması və onun həyata keçirilməsində demokratik prinsiplərə əsaslanan inkişaf etmiş ölkələrdən biridir. Burada təhsil üzrə federal idarə sistemi yoxdur. Təhsil federal səlahiyyət bölgüsünə uyğun olaraq idarə edilir. Bu məsələ Kanadanın 1867-ci ildə qəbul olunmuş Konstitusiya aktında təsbit olunmuşdur. Orada göstərilmişdir ki, “Hər bir əyalətin qanunverici orqanı həmin əyalətin təhsil qanunlarını müstəsna qaydada qəbul edə bilər”.

 

Dövlət kanadalıları pulsuz ibtidai və orta təhsillə təmin edir, müxtəlif yaşdan olan və müxtəlif yerlərdə yaşayan insanların tələbatlarını ödəyir. Hər əyalətdə və ərazidə olan təhsil nazirliyinə ərazinin qanunverici orqanının seçilmiş üzvü başçılıq edir.

 

Təhsil sisteminin yerli səviyyədə idarə olunması məktəb şuraları, məktəb dairələri, məktəb şöbələri və ya təhsil şuraları tərəfindən həyata keçirilir. Onların üzvləri ictimai səsvermə yolu ilə seçilir. Ümumiyyətlə, Kanadada 15 500 məktəb fəaliyyət göstərir. Onlardan 10000-i ibtidai, 3400-ü orta məktəbdir və 2000-i isə (ibtidai və orta məktəbdir) qarışıqdır. Orta hesabla hər məktəbdə 351 şagird oxuyur.

 

“Təhsil insanların ehtiyaclarını ödəyir, ya yox?”

 

Hələ  ötən əsrin 90-ci illərində kanadalıları belə bir sual düşündürürdü: “Təhsil insanların ehtiyaclarını ödəyir, ya yox?” Onlar suala cavab tapmaq üçün araşdırmalar aparmış, ilk növbədə, kurikulumların yeniləşdirilməsinin vacibliyini müəyyən etmişlər. 90-ci illərin ortalarına doğru islahatlara başlamışlar. 1997-ci ildə nəticəyönümlü kurikulumların ilkin nümunələrini hazırlamışlar.

 

Yeni kurikulumların tətbiqi vəziyyəti ölkənin ayrı-ayrı əyalətlərində müxtəlif cür olmuşdur. Məsələn, Ontario əyalətində bütün siniflər üzrə yeni kurikulumların tətbiqi başa çatmışdır. Kvebek əyalətində isə tədrici həyata keçirilən bu proses tamamlanmamışdır. Yalnız I-VIII siniflərdə yeni kurikulumların tətbiqi mümkün olmuşdur.

 

“İbtidai siniflər üçün konkret dərsliklər yoxdur”

 

Kurikulumların tətbiqi təbii olaraq müəyyən çətinliklərlə müşayiət olunmuşdur. İlk növbədə, təhsildə olan yeniliklərin dərk edilməsində çətinliklər yaranmışdır. Bundan əlavə, müəllimlərin yeni təlim strategiyalarına yiyələnmələrində ləngimələr olmuşdur. Yeni tələblərə uyğun resursların yaradılması işi də asanlıqla başa gəlməmişdir. Bütün bu çətinliklər çox halda mühafizəkarlıqdan irəli gəlmiş, səriştəsizlik şəraitində qüvvətlənərək maneələrə çevrilmişdir. Yeniliyə inam, pedaqoji innovasiyaların imkanlarından səmərəli istifadə olunması həmin çatışmazlıqların zəifləməsinə, əriyib yox olmasına gətirib çıxarır.

 

Kanadada təhsil standartları 7 ildən bir yeniləşdirilir. Kanadada Kurikulum Şurası fəaliyyət göstərir. 11 nəfərdən ibarət müəyyən olunmuş məsləhət şurası ona rəhbərlik edir. Kanadanın müxtəlif əyalətlərində dərsliklərin hazırlanması üzrə işlər aparılır. İki mühüm sənəd (dərsliklər üçün meyarlar; nəşriyyatın fəaliyyəti ilə bağlı tövsiyələr) Təhsil Nazirlilikləri tərəfindən təsdiq olunur.

 

İbtidai siniflər üçün konkret dərsliklər yoxdur. Onları əvəz edən çoxlu sayda resurslar vardır. Qalan siniflər üçün isə variativ dərsliklər mövcuddur. Bir dərslik ən azı 18-24 ay müddətində hazırlanır. Belə böyük nailiyyətləri olan bir ölkənin təhsil sahəsindəki təcrübəsini bir səfərlə öyrənmək, bir məqalədə əhatə etmək mümkün deyildir. Bunun üçün sistemli araşdırmalar aparmaq, zəngin təhsil ənənələrini ardıcıl şəkildə öyrənmək tələb olunur.

Qeyd: Mənbə: ƏNVƏR  ABBASOV-“İnkişaf etmiş xarici ölkələrdə təhsil”

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları