Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 14:08:00
RTŞ müdirləri “Virtual məktəb”dən danışdılar: “Mobil operatorlar güzəşt  etməlidirlər”-PROBLEM

 

 

Məlum olduğu kimi Təhsil Nazirliyi aprelin 2-dən etibarən “Virtual məktəb” layihəsi həyata keçirir.

 

Layihəyə əsasən  hər bir şagird qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara əsasında  hazırlanmış ev tapşırıqlarını yerinə yetirə bilər.

 

Bəs şagirdləri bu barədə maarifləndirmək üçün hansı  işlər görülür?

 

“Maraq var, amma şərait yoxdur”

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmov  layihəyə qoşulmaqda  şagirdlərin çətinlik yaşadıqlarını bildirib:

 

“Bu məsələ ilə bağlı nazirliklə də müzakirələrimiz oldu.  Bildiyiniz kimi, layihə bütün şagirdləri əhatə eləmir, könüllülük prinsipi ilə həyata keçirilir. Rayon kəndlərində yaxşı nəticə vermir. Bakı, Sumqayıt kimi şəhərlərlə müqayisədə Tərtər rayonunun imkanları azdır. Cəbhə bölgəsidir, ucqar rayondur, kəndlərin çoxu telefon xətti ilə təmin olunmayıb.  Ev telefonu olmayanda da, internet yoxdur.

 

Mobil telefonlarla internetə qoşulmaq üçün xeyli vəsait tələb olunur.  Mobil operatorlar müəyyən güzəştlər etsələr, bu problem qismən həll olunar. Mənim yadımdadır ki,  2016-ci il Aprel döyüşləri ərəfəsində Tərtər rayonuna ödənişsiz danışıq, balansa  pul  əlavəsi kimi güzəştlər olunmuşdu.

 

Operatorlar indi də güzəştlər etsələr, daha çox şagird layihəyə qoşula bilər.  İndiki halda,limitli internet paketlərindən istifadə edirlər, o da video dərsləri açan kimi 5 dəqiqəyə 1 manat, 100 mb və ya daha çox sərf olunur.

Yəni layihəyə kifayət qədər maraq var, amma şərait yoxdur. Bunla bağlı, müsbət  addımlar atılsa,  əksəriyyəti əhatə edə bilər”.

 

O, həmçinin şagirdlər və valideynlər arasında maarifləndirmə işlərinin aparılması ilə əlaqəli direktorlara təlimat göndərildiyini də qeyd edib.

“Təhsil şöbəsinin vatsap qrupu var ki, burada şagirdlər, valideynlər arasında  maarifləndirmə işlərinin aparılması tövsiyə olunub. Tutalım mənim evimdə internet var, övladım qeydiyyatdan keçir, qonşunun uşağı da keçmək istəyir.   Bir yerə yığışsalar kütləvilik yaranır. Vəziyyətlə əlaqəli olaraq, biz təbliğat aparırıq ki, kimin imkanı varsa, onlar qeydiyyatdan keçsin. Uşaqlar bir yerə yığışıb dərs hazırlamasın, kütləvilik yaranmasın.

Bildiyiniz kimi bu layihəyə  könüllü dərs keçən müəllimlər də qoşulub.  Hazırda evində şəraiti, internet  olan 39 müəllimimiz layihəyə qoşulub. Amma yenə də qeydiyyat davam edir, belə müəllimlərimizin sayı artacaq”.

 

Y. Məhərrəmov distant təhsilin əhəmiyyəti barədə də danışıb. Onun sözlərinə görə, bu təhsil formasının reallaşması üçün işlər təkmilləşdirilməlidir:

 

“Distant təhsil Qanunda vardı, amma bu sahədə işlər aparılmamışdı  Mövcud vəziyyət bir daha göstərdi ki, bu təhsil formasına sürətlə keçməliyik.  Lakin əvvəlcə ailələr lazımlı  avadanlıqlarla təmin olunmalıdır. Fikrimcə, belə bir layihə olmalıdır ki, valideynlərə güzəştli kredit şərtləri ilə kompüterlər, internet və s. təklif olunsun.  Kompüterləşdirmə aparılsın və sonra distant təhsilə keçək. Bu, həmişə lazımdır. Tutalım, şagirdlərdən biri 5 gün xəstələnsə, müəllim ona evində dərs keçə bilər. Yəni istənilən şəraitdə distant təhsil davam etdirilməlidir”.

 

 

 Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov   da  şagirdlərə bu barədə məlumat verildiyini bildirib:

 

“Bu layihəni çox yüksək qiymətləndirirəm.  Şagirdlərə də tövsiyə olunub ki,  kim istəyir, qeydiyyatdan keçə bilər. Təbii ki,  məcburiyyət yoxdur.  Amma şagirdlər arasında böyük maraq var. Qeydiyyatdan keçməkdə  çətinlik çəkənlərə də RTŞ-də bir əməkdaşımız müvafiq köməkliyi göstərir.  Valideynlərdən mahiyyəti başa düşməyənlər də var.  Onlara da əməkdaşımız izahat verir”.

 

Xatırladaq ki, aprelin 2-dən sistemə qoşulmaq üçün qeydiyyat başlasa da, bəzi valideynlər qeydiyyatdan keçə bilmədiklərini açıqlamışdılar.