https://www.zirve.edu.az/
09.04.2020 17:54
Tanınmış azərbaycanlı alim vəfat etdi
Çap et

AzEdu.az xəbər verir ki, petrologiya sahəsində tanınmış alim, "Şöhrət" ordenli, Azərbaycan Respublikasının Əməkdar geoloqu, Əməkdar elm xadimi, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Arif İsmayılzadə aprelin 9-da 82 yaşında vəfat edib.

 

Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-geoloq ixtisası üzrə bitirib. 1968-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1990-cı ildə elmlər doktoru alimlik dərəcələrini almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

 

Alim 1959-cu ildən Geologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ali Attestasiya Komissiyasının Yer elmləri şöbəsinin eksperti olub. 2005-ci ildə AMEA Geologiya İnstitutunun Petrologiya və metallogeniya seksiyasının rəhbəri təyin edilib. 2007-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi olub. 1995-ci ildən Azərbaycan Geoloqları Milli Komitəsinin icraçı-katibi idi.

 

A.İsmayılzadə 2001-ci ildən AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) və “AMEA Geologiya İnstitutunun Əsərləri” jurnallarının redaksiya heyətinin üzvü olub.

 

O, 2002-ci ildən Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Faydalı qazıntılar kafedrasında magistrlərə seçmə fənnləri tədris edirdi.

 

Akademikin elmi maraq dairəsi yer qabığı hissəciklərinin struktur və faza vəziyyətinin, yuxarı mantiyanın və proseslərin modelləşdirilməsi, litosfer plitələrinin destruktiv sərhədlərindəki müxtəlif geodinamiki rejimlərdə inkişaf edən yer qabığı-mantiya problemlərinə həsr edilib

 

Geoloq alimin tədqiqatlarının nəticələri 5 monoqrafiya, o cümlədən 170-dən artıq elmi əsərdə öz əksini tapıb. Onların sırasında “Azərbaycan geologiyası” səkkiz cildli fundamental əsərin “Maqmatizm”, “Tektonika”, “Faydalı qazıntılar” cildləri, “Talışın geologiyası və vulkanizmi”, “Paleogen təkamülü və Cənubi Xəzər hövzəsinin çökmə kompleksləri”, “Qabbro-hiperbazitlər və Kiçik Qafqaz ofiolitlərinin problemləri” kitabları xüsusi qeyd olunmalıdır.

 

O, Azərbaycan elmini dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, simpozium, konfrans və yığıncaqlarda ləyaqətlə təmsil edib.

 

A.İsmayılzadənin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və o, Azərbaycan Respublikasının Əməkdar geoloqu, Əməkdar elm xadimi fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülüb.

 

Şərəfli ömür yaşamış Arif İsmayılzadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.