Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-09 15:37:00
Alimlər yeni virusların meydana gəlmə səbəblərini açdı

Beynəlxalq alimlər heyəti vəhşi təbiətdən istifadənin pandemiyaya təsir etdiyini qeyd edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Royal Society Publishing” elmi jurnalında dərc olunan araşdırmada deyilir.

 

Mütəxəssislər yeni yoluxucu xəstəliklərin yaranması və yayılmasını təbiətin insanlar tərəfindən məhv edilməsi ilə əlaqələndirib. Viruslar ilk növbədə heyvanlara hücum edir, lakin onlar tez-tez mutasiya edə və insan orqanizmində həyata uyğunlaşa bilər. Yeni ölümcül virusların ortaya çıxması ovçuluq, yaşayış yerlərinin deqradasiyası və urbanizasiya nəticəsində heyvan populyasiyalarının məcburi köçürülməsi ilə əlaqədardır.

 

İnsanlara uyğunlaşan vəhşi heyvan virusları ilə bağlı 2013-cü ildən əvvəl yayılan məlumatları müqayisə edən alimlər epidemiyanın ən çox məməlilər tərəfindən yayıldığını müəyyən edib. Xüsusilə ev heyvanları vəhşi nümayəndələrə nisbətən insanlara səkkiz qat daha çox virus ötürür. Yarasalar, gəmiricilər və primatlarsa zoonotik infeksiyaların tipik daşıyıcıları adlandırılıb.

 

Urbanizasiyanın və insan fəaliyyətinin planetdəki heyvanların müxtəlifliyini azaltmasına baxmayaraq, bəzi növlər son dərəcə çoxalıb. Alimlərin fikrincə, yarasalar da onlara aiddir, onlar insan davranışlarına yaxşı uyğunlaşıblar. “Vəhşi heyvanlarla təhlükəsiz şəkildə yaşamağın yollarını tapmalıyıq, çünki onlar bütün bəşəriyyət üçün infeksiya təhlükəsi yaradır”, - deyə Kaliforniya Universitetinin epidemioloqu Kristina Conson bildirib. (publika.az)