Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-06 17:06:00
Müəlliflərin “MİQ sualları mənim kitabımdan  düşür” söhbəti çox gülməlidir”-Direktor müavini

 

 

“Müəllimin metodika və pedaqogika ilə bağlı ədəbiyyat siyahısı böyük problemə çevrilib.  Əslində “ suallar mənim kitabımdan  düşür” söhbəti çox gülməlidir. Çünki metodika,pedaqogika bir elmdir. Yəni onların anlayışların kimsə dəyişdirə bilmir. Didaktika, pedaqogika sözlərini başqa cür necə izah etmək olar? Nə var onu yazıblar. Özüdə azərbaycanlı pedaqoqlar, metodistlər bunları uydurmayıb ki, dünya elmində qəbul olunan qaydalardır”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva deyib. O, vahid ədəbiyyat siyahısı barədə problemlərdən danışıb.

 

“Müəllimlərin çoxu istərdi ki, hansı sahə üzrə imtahan verəcəklərsə, onların kurikulumun hazırlayaq, mövzuları  verək.

 

Hazırda çoxlu sayda ədəbiyyat var. Amma nəzərə alaq ki, metodika və pedaqogikadan 10 müəllif kitab yazsa da,  məsələn təlim stratergiyası anlayışının açılışı ancaq bir cürdür.  Yəni hansı kitabdan oxuyursan oxu, fərqi yoxdur. Mahiyyət dəyişmir. Biz indiki halda çox çalışırıq ki, müxtəlif resurslar tərcümə edib internetə yerləşdirək. TİPİİ-nin facebook səhifəsində, saytda xeyli tərcümə edilmiş məqalələr var. Biz bu resursları yaradırıq ki,¸həm müəllimlər, həm də müəllim olmaq istəyən namizədlər yararlansınlar. Düzü, mən bilmirəm nə dərəcə yararlanırlar”. 

 

O qeyd edib ki, klassik pedaqogika və metodikadan kifayət qədər elmi ədəbiyyat olduğu halda, müasir dövrün tələblərinə cavab verən belə elmi ədəbiyyat yoxdur.  Ona görə tərcümələr yeganə mənbəyə çevrilir.

 

“Biz çox arzu edərdik ki, müəllim olmaq istəyən kadrlar heç olmasa bir xarici dil biləydilər. Bu informasiyaya çıxış deməkdir.  Təbii ki, ölkədə bunu prioritetə çevirə bilmərik.

 

Klassik pedaqogikadan Azərbaycan dilində kifayət qədər ədəbiyyat var, amma müasir pedaqogikadan belə ədəbiyyat yoxdur. Ona görə də ədəbiyyat siyahısı göstərə bilmirik”.

 

Direktor müavini dəqiq fənlərə bağlı belə problemlərin yaranmadığını bildirib.

 

“Digər fənlərdə bu problem yoxdur. Məsələn, fizika müəllimi bir məsələnin mahiyyətinə varmaq üçün hansı kitabı açıb oxusa, o məsələlənin izahı eyni olacaq.  Başqa sözlə, necə izah olunur olunsun, məsələnin cavabı dəyişməyəcək. Çünki dəqiq fəndir.

 

Dəqiq fənlərlə bağlı nə ədəbiyyat siyahısına, nə də mövzulara ehtiyac yoxdur.  Əgər müəllim bilirsə, ümumtəhsil proqramından kənara çıxılmır,  özü istədiyi ədəbiyyatı seçib rahat hazırlaşa bilir. Əksinə biz ədəbiyyat siyahısı verməklə, böyük problem yarada bilərik.  Təsəvvür edin, bir fəndən 20-25 ədəbiyyat siyahısı veririk. Onların da sözsüz çoxu rus, ingilis dilində olur və müəllimlərin də arasında narahtlıq yaranır ki, biz bunları necə öyrənək.

 

Bir də var ki, müəllim ümumtəhsildə olan mövzuları hansı ədəbiyyatdan istəyir ondan oxusun. Onsuz da ədəbiyyatlarda olduğu kimi soruşulmur. O məsələlərin hansısa bir situasiyada tətbiqi soruşulur”

 

N. Mehdiyeva ədəbiyyat və tarix fənlərində daha çox problem yarandığını vurğulayıb:

 

 “Ədəbiyyat və tarix  fənni problem yaradır. Burda müəllim bir şeyi nəzərə almalıdır ki, hansı əsər orta məktəbdə keçirilirsə, onu bütövlükdə oxumalıdır. Tarix fənni üzrə biz ədəbiyyat siyahısı versək, hər dövr üçün gərək azı 5-6 kitab qeyd edək. Müəllim əməli-başlı özünü itirəcək və bu qədər ədəbiyyatın hamısını oxumaq lazım olacaq. Hər müəllifin də bir münasibəti var.  Onlar ayrı-ayrı müəlliflərin münasibətləri arasında çaşbaş qalacaqlar. Amma qeyd edim ki, məntiqi təfəkkürü güclü olan, hansı ki, bizə məhz elə müəllim lazımdır, onlar bir-iki ədəbiyyatdan mövzunu oxuyaraq qarşılaşdırma aparır, müqayisə təhlil edir və onlara verilən suallara rahat cavab verirlər”.