Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-06 13:24:00
ABŞ-ın azərbaycanlı müəllimi: "Hamı panikaya düşmüşdü, maska indi də tapılmır"

 

 

“Yaşadığım Vaşinqton  koronavirusun yayıldığı ilk ştat hesab olunur. Martın əvvəllərində Vaşinqton virusun yayılma sayına görə Amerikada birinci yerdə idi. İndi digər ştatlarla müqayisə etdikdə, vəziyyət bir qədər yaxşılaşmağa doğru gedir”.

 

 

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı ABŞ-ın Vaşinqton ştatında ibtidai sinif müəlliməsi olaraq çalışan Aytac Qasımova söyləyib.

 

 

Onun sözlərinə görə, ABŞ-da da virusun geniş arealda yayılmasının qarşısını almaq məqsədi ilə hökumət bəzi qadağalar tətbiq edib, küçəyə çıxmaq məhdudlaşdırılıb:

 

“Hazırda bizim ştat virusa yoluxan (6,595) və ölənlərin sayına görə (272) Amerikada 6-cı yerdədir. 

 

Martın 15-dən burada evdə qalmaq əmri verildi. Bu əmrə əsasən, ancaq birinci dərəcəli əhəmiyyət kəsb edən müəssisə və obyektlər fəaliyyət göstərə bilər.

 

Qadağaya görə, insanlar başqa insanlarla 2 metr məsafəni qorumaq şərti ilə  ancaq ərzaq almaq, həkim və ya aptekə getmək. idman etmək üçün evdən çölə çıxa bilərlər, 3 nəfərdən artıq insanın bir yerə toplanması qadağandır”.

 

Həmyerlimiz qeyd edib ki, virusun yayıldığı ilk ərəfələrdə mağazalarda qıtlıq yaranmışdı, hazırda isə eyni ərzaqdan məhdud sayda almaq mümkündür. Lakin maska  problemi ABŞ-da da mövcuddur:

 

“Mağazalarda vəziyyət əvvəlkinə nisbətən daha yaxşıdır. İlk bir həftə hamı panika ilə hər şeyi alıb, evə yığdı. Bu səbəbdən birinci həftə mağazalarda qıtlıq yaranmışdı, bəzi ərzaq məhsullarını əldə etməkdə çətinlik çəkirdik.

 

İndi isə hər şey boldur. Ancaq hər məhsuldan 2 ədəd almağa icazə verilir və mağazaya az sayda insan daxil ola bilər. Qeyd edim ki, əvvəlcə bu qadağalar aprelin ilk həftəsinə kimi qoyuldu, daha sonra mayın 4-nə kimi uzadıldı, ancaq bu vəziyyətin hələ uzun müddət davam edəcəyi gözlənilir.

 

Apteklərdə isə ilk vaxtlar bəzi soyuqdəymə və qripə qarşı dərmanlarda qıtlıq yaranmışdı, indi isə dezinfeksiyaedici əl gellərindən və maskalardan başqa demək olar ki, hər şey tapmaq olar. Heç bir yerdə maska tapmaq mümkün deyil. Ona görə də çox az sayda insanda maska görə bilərsiniz”.

 

Soydaşımız bildirib ki, virus öz əhatəsini genişləndirməzdən qabaq təhsil ocaqlarında dezinfeksiyaedici tədbirlər görülür, şagirdlər koronavirusa qarşı özlərini qorumaqla bağlı məlumatlandırılırdı. Hazırda isə məktəb və universitetlərdə tətil elan edilib, təhsil onlayn şəkildə davam etdirilir:

 

“Bizim ştatda bütün məktəblər, universitetlər və digər təhsil ocaqları ən azı may ayının 4-nə kimi bağlıdır. Dərslər dayandırılmamışdan əvvəl müntəzəm şəkildə məktəblər hər gün dezinfeksiya olunur və şagirdlərə müəyyən gigiyena qaydalarına əməl etmək ilə bağlı üçün xüsusi məlumatlar verirdik. Yoluxma sayının artmasının qarşısını almaq üçün isə bəzi məktəbləri bağladılar. Hansısa məktəbdə bir şagirdin ailə üzvü virusa tutularsa və ya virusa tutulan şəxslə əlaqədə olarsa, həmin tədris müəssisəsini də bağlayırdılar. Martın 13-də isə ştat üzrə bütün məktəblərdə tətil elan edildi.

 

Bir qayda olaraq, təhsil hər yerdə onlayn formatda tədris olunur. Ancaq bəzi uşaq qayğı mərkəzləri həkimlərin, tibb bacılarının , tibb və ya digər vacib əhəmiyyət kəsb edən sahələrdə çalışan insanların uşaqları üçün fəaliyyət göstərir”. 

 

Azərbaycanlı xanım müəllimin fikrincə, ibtidai sinifdə oxuyan şagirdlərə təhsili onlayn şəkildə tədris etmək olduqca çətindir:

 

“Bir ibtidai sinif müəlliməsi kimi fikirləşirəm ki, distant təhsil orta və yuxarı məktəb şagirdləri üçün o qədər də çətin və fərqli proses deyil.

 

Müəllim tapşırığı verir və şagirdlər də müstəqil şəkildə bu tapşırıqları yerinə yetirirlər. İbtidai sinfə gədikdə isə bu proses bir az çətinləşir. Şagirdlər müntəzəm olaraq müəllim qayğısı və diqqəti tələb edir. Belə bir şəraitdə müəllim şagirdlərlə davamlı münasibət yaratmalı, onların gündəlik dərslərdən əlavə, qayğıları ilə maraqlanmalı və bu çətin stressli bir vaxtda şagirdlərə həm də psixoloji yardım etməlidir. 

 

Deyərdim ki, distant təhsil şəxsən mənim üçün çox çətindir. Kompüterin arxasında nə qədər də çalışsan, effektiv şəkildə məlumat, bilik ötürmək o qədər də asan deyil. Yenə vurğulamaq istəyirəm ki, bu proses yuxarı sinif sagirdləri ilə işləyənlər üçün bəlkə də  mürəkkəb olmaz”. 

 

 

“Qeyd etdiyim kimi, burada vəziyyət artıq yaxşılığa doğru gedir. Bu ancaq və ancaq insanların evdə oturma əmrinə və insanlarla məsafəni qoruduğu üçün baş  verdi. İnsanlar qadağalara maksimum dərəcədə əməl edirlər. Bu qaydaya əməl etməyənlərə isə cəza yoxdur, amma ictimai qınaq var. Ona görə də hər kəs riayət edir və təcrübə də göstərdi ki, bu qaydalar işə yarayır. 

 

İnsanlarda virusla əlaqədar əvvəllər qorxu var idi, ancaq indi isə daha çox ehtiyat var. Hər şeydən ehtiyat edirlər və ona əsasən hərəkət edirlər. Bu vəziyyət burada artıq normal həyat tərzinə çevrilib. Doğrudur, vəziyyət çox çətindir. Ən əsası isə bir-iki aya necə olacağını bilməmək insanlarda daha çox stress yaradır”, -  Aytac Qasımova əlavə edib.

 

ABŞ-ın azərbaycanlı müəllimi vəziyyəti son dərəcə sakit qarşıladığını, orada fəaliyyət göstərdiyinə görə Azərbaycana qayıtmaq fikrinin olmadığını qeyd edib:

 

“Mən isə  burda yaşayıb, işlədiyim üçün Azərbaycana qayıtmağı düşünmürəm. Sakitliyimi qorumağa çalışıram. Daimi olaraq ailəmlə , dostlarımla danışıram. Burada yaşayan azərbaycanlılar ilə də münasibətim yaxşıdır. Bir-birimizlə hal-əhval tuturuq. Martda bir yerə yığışıb, hər il olduğu kimi Novruz bayramını qeyd etmək istəyirdik, amma bu il qadağa ilə bağlı təxirə salmalı olduq.

 

Qaydalara əməl etməklə virusun yayılmasının qarşısını almaq olur. Həmvətənlərimi qadağalara riayət etməyə və evdə oturmağa səsləyirəm”. 

 

Qeyd edək ki, virusun yayılma sayına görə ikinci yerdə olan ABŞ-da 336 min 851 nəfər koronavirusa yoluxub, 9 min 620 nəfər isə dünyasını dəyişib.