Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 10:02:21
“Azərbaycanın ilk qadın beyin cərrahı mən olacağam" – 700 bal toplayan Rəna

Məlum olduğu kimi, mayın 20-də keçirilmiş I və IV ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 3 nəfər 700 bal toplayıb.  

Onlardan biri də Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu Rəna Əliyevadır. Rəna IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən yeganə abituriyentdir. O, 10-cu sinifdən etibarən qəbul imtahanına “Hədəf” kurslarında hazırlaşıb.

- Rəna, imtahan necə keçdi?

- İmtahan çox yaxşı keçdi. Soyuqqanlı olmağım, suallara daha diqqətlə yanaşmağıma səbəb oldu. Bununla da 700 bal toplaya bildim.

- Hansı fənlərdən olan sualları cavablandırmaqda çətinlik çəkdiniz?

- Hər fəndən kifayət qədər çətin, düşündürücü suallar var idi. Sadəcə bir fəndən çox çətinlik çəkdiyimi deyə bilmərəm.

- Bəziləri bir insanın 700 bal toplaya biləcəyinə inana bilmirlər...

- 700 bal toplamaq əslində, şans işidir. 1-2 sualı səhv edib  690 bal toplayan abituriyent heç də  700 bal yığandan az oxumur. Sadəcə diqqətsizlik ucbatından səhv edə bilərlər. Məsələyə bir az soyuqqanlı yanaşsaq, hər şey yaxşı olar.

- Qəbul imtahanına qədər heç bir sınaq imtahanında maksimum nəticə göstərməmisiniz...

- Bəli, amma sınaqlarda 650 baldan da aşağı nəticə göstərməmişəm.

- 700 bal toplayacağınızı gözləyirdinizmi?

- Bu nəticəni məndən daha çox müəllimlərim gözləyirdi. Onların mənə inamı sayəsində özümə olan inancım artmışdı. Sınaq imtahanlarından yüksək nəticə göstərməyim də özümə inamımı daha da artırdı.

- Həyatda da özünə inamlı birisiniz?

-Bəli.

-Bəzi abituriyentlər qəbul imtahanına hazırlaşmaq üçün  həm hazırlıq kursuna, həm də əlavə repetitor yanına gedirlər. Bunu da  onla əsaslandırırlar ki, hazırlıq kursu abituriyenti qəbul imtahanlarına lazımi səviyyədə hazırlamır...

- 10-cu sinifdən etibarən hazırlıq kursuna getmişəm, ancaq əlavə müəllimə müraciət etməyə ehtiyac duymamışam. Əslində, uşağın özündən çox şey asılıdır. Müəllim  səni, sadəcə  yönləndirə və dərs barədə vacib nüansları bildirə bilər. Sən öz qarşına məqsəd qoyduqdan sonra buna özün nail olmalısan. 700 bal toplamaqda müəllimlərin rolu, sadəcə 20 %-dir. 80 % sənin öz öhdənə düşür.

- Bu nailiyyətinizdə məktəbin rolu nə qədərdir?

- Mənim təməlim məktəbdə qoyulub. Çox şanslıyam ki, bu cür müəllimlərim var və bu cür liseydə oxuyuram. Belə bir söz var ki, insanın həyatda ən böyük şansı yaxşı müəlliminin olmasıdır. Özümü bu barədə çox şanslı hiss edirəm.

- Artıq tələbə adını qazanmısınız. Ancaq orta məktəbdə dərsləriniz hələ də davam edir. Həm şagird, həm də tələbə olmaq necə bir hissdir?

- Çox qəribə hissdir. Ancaq buna baxmayaraq, yenə də dərslərimi davam etdirirəm.

- Yəqin ki Tibb Universitetini seçəcəksiniz...

-Bəli.

- “Mənim qızım həkim olacaq” deyimi ilə böyümüsünüz?

- Xeyr. 10-cu sinifdə həkim olmağa qərar vermişəm. Məktəb vaxtı bütün fənləri yaxşı oxumuşam. İxtisas fənnlərimdir deyə sırf biologiya və ya kimyaya üstünlük verməmişəm. Sadəcə o dövrdə tam dəqiq ixtisas seçə bilmirdim. Çünki  o vaxtlar insan daha aşağı yaş qrupuna aid olduğu üçün özünün nə istədiyinə dəqiq qərar verə bilmir. Amma 10-cu sinifdən dedim ki, mən həkim olmaq istəyirəm. Valideynlərim də mənə hörmət göstərdilər.

- Azərbaycan Tibb Universitetinin verdiyi tibb təhsili barədə məlumatlısınız?

- O qədər də dərin məlumata sahib deyiləm. İstəyirəm ki,  2-ci kursdan etibarən təhsilimi Almaniyada davam etdirim, bitirdikdən sonra isə yenidən Azərbaycana qayıdım.

-Tibb Universitetində oxuyan bir çox tələbə rezidentura oxumaq üçün 6-cı kursu başa vurduqdan sonra Almaniyaya gedir. Bəs sizin 2-ci kursdan Almaniyanı seçməyinizin əsas səbəbi nədir?

- Azərbaycanda  universitet oxuyub Almaniyada rezidenturanı seçənlər, Almaniyada həm bakalavr oxuyub, həm də rezidenturanı seçənlərdən daha geridə qalır deyə düşünürəm. Ona görə də universiteti də orada oxumaq istəyirəm.

- Azərbaycanda tibb təhsilini necə qiymətləndirirsiniz?

-Digər ölkələrə nisbətən bu sahədə daha geridəyik. Ona görə tibb təhsilində və səhiyyə sistemində inkişaf mütləqdir.

-İnkişafı təmin etmək üçün hansı addımlar atılmalıdır?

-Təhsilin üzərində çox durmaq lazımdır. Azərbaycanda tibb təhsili təcrübə baxımından o qədər də inkişaf etməyib. Tibb universitetində digər ədəbiyyatlara, xüsusən də rus ədəbiyyatına çox üstünlük verilir. İstərdim ki, Azərbaycan dilində də tibbi vəsaitlər çox olsun.

-Həkimliyin hansı istiqaməti sizi daha çox cəzb edir?

-Mən beyin cərrahı olmaq istəyirəm.

- Məlumdur ki, bir qadının cərrah ola bilməsi üçün çox böyük əziyyət tələb olunur. Hətta bir çox mütəxəssis hesab edir ki, cərrah qadın peşəsi deyil..

-Çətinliklərini bilirəm, ancaq buna hazıram. Həvəsim çox böyükdür. Həkimliyə çox böyük istəklə, arzuyla bağlıyam. Məni özünə bu qədər çəkən başqa bir ixtisas yoxdur.

- Azərbaycanda demək olar ki, tanınmış qadın beyin cərrahı  yoxdur..

-Bəli, yoxdur, olsa belə o qədər də tanınmayıb.  Mən Azərbaycanda ilk tanınmış beyin cərrahı olmaq istəyirəm.

- Rəna, hobbiləriniz nələrdir?

- Vaxt olduqca bədii ədəbiyyat oxumağa və musiqiyə qulaq asmağa üstünlük verirəm. Xarici ədəbiyyata daha çox meyilliyəm. Tolstoy, Dostoyevskinin əsərlərini daha çox bəyənirəm. Ən sevdiyim əsər isə “Ovod”dur.

- İxtisas qrupundan əlavə digər fənn bilgilərinin də yaxşı olduğunu qeyd etdiniz. Sizcə, həm öz dərsləri, həm də əlavə dərslərlə məşğul olmaq abituriyentə nə qədər çətinlik yaradır?

- Mümkünsüz deyə bir şey yoxdur. İstəyən adam əlavə dərslərə də  vaxt ayıra bilər. Bu tamamilə mümkündür.

- Ən çox sevdiyiniz fənn hansı olub?

-Ən çox sevdiyim fənn riyaziyyat olub.

- Yəqin ki bunun bir səbəbi var...

- Müəllimim sayəsində bu fənni sevmişəm. Həm də digər fənnlərə nisbətən daha  maraqlı gəlib.

- Amma bayaq vurğuladınız ki, müəllimlərin abituriyent üzərində rolu sadəcə 20 %-dir...

- Mən  bunu dərs oxumaq barəsində deyirdim. Müəllim məni həvəsləndirirsə, sadəcə müəllimin danışdıqları ilə kifayətlənməməliyəm. Özüm də əlavə materiallar oxumalıyam, özümü inkişaf etdirməliyəm.

-IV ixtisas qrupunda ingilis dili yoxdur. Bu dil bilgilərinizin zəif olmasına səbəb olubmu?

-Bəli, dil bilgilərim zəifdir. Tələbəlik illərimdə alman dilini mükəmməl öyrənməyi düşünürəm.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları