Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 12:14:00
Tanınmış təhsil bilicisi 94 yaşında  vəfat etdi - Akademik Hüseyn Əhmədov  

 

Bu gün Azərbaycan pedaqoji ictimaiyyətinə ağır itki üz verdi. Prezident təqaüdçüsü, Əməkdar ali məktəb işçisi,  akademik Hüseyn Əhmədov vəfat etdi”.

 

AzEdu.az xəbər verir ki, bu barədə pedaqoq-alim Fərrux Rüstəmov məlumat verib:

 

Hüseyn Əhmədovun təhsil həyatı haqda məlumatları təqdim edirik:

 

Hüseyn Mustafa oğlu Əhmədov17 iyul 1926-cı ildə Qərbi Azərbaycanda  anadan olub. Ailəsi ilə birlikdə 1936-1940-cı illərdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndinə köçüb, 1939-cu ildə orada 7-ci sinfi, Kənkan kəndində 8-ci sinfi bitirib. 1943-cü ildə IX sinfi bitirdikdən sonra Toxluca kənd məktəbinin ibtidai siniflərində dərs deyib. 1947-1951-ci illərdə H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda təhsil alıb. 1958-ci ildə prof. Əhməd Seyidovun rəhbərliyi ilə "İbtidai məktəb şagirdlərinin kommunist əxlaqı tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları" mövzusunda namizədlik dissertasiyası, 1972-ci ildə akademik Mehdi Mehdizadənin elmi məsləhətçiliyi ilə "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-2014-cü illərdə professor vəzifələrində çalışıb. Pedaqoji və elmi pedaqoji kadr hazırlığında müstəsna xidmətləri var. Elmi rəhbərliyi ilə 60-a yaxın tədqiqatçı namizədlik, 3 nəfər doktorluq dissertasiyası müdafiə edib. 1997-2010-cu illərdə ABU-nun birinci prorektoru vəzifəsində çalışıb. "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı xüsusi kursun Azərbaycan və rus dillərində proqramının və dərsliyinin hazırlanması və nəşri onun adı ilə bağlıdır. Onun “İbtidai məktəb şagirdlərinin kommunist əxlaqi tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları” (1958), “Uşaqların tərbiyəsində valideynin şəxsi nümunəsi” (1962), “Pedaqogikaya giriş” (1973), "100 yaşlı Yuxarı Salahlı kənd məktəbi" (1978), “N.Nərimanovun pedaqoji fikirləri” (1979), "100 yaşlı Qarğabazar məktəbi" (1983), "XIX əsr Azərbaycan məktəbi" (1985, 2000), “N.Tusi” (1992, 2001), “N.Nərimanovun pedaqoji fikirləri” (2000), “İdarəetmənin pedaqogika və psixologiyası” (2001, 2004), “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (I hissə) (2001), Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (2014) monoqrafiya, dərslik və dərs vəsaitləri, 600-dən artıq elmi və publisistik məqaləsi nəşr olunub.

 

2007-ci ildən Prezident təqaüdçüsüdür. Müharibə və əmək veteranı olan Hüseyn Əhmədov “Böyük Vətən müharibəsində (1941-1945-ci illər) rəşadətli əməyə görə” (1946) medalı, “Böyük Vətən müharibəsində qələbənin 50 illiyi” döş nişanı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. 1999 və 2004-cü illərdə Binəqədi rayon Bələdiyyəsinə üzv seçilib.

Allah rəhmət eləsin!

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları