Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 14:45:00
“Teledərs” layihəsinin müəllimi – “Hələlik distant təhsilə hazır deyilik”

 

 “Mən ucqar dağ kəndində işləyirəm. Bakıda yaşadığım üçün internet imkanlarım online dərslər üçün lazımlı səviyyədə olur. Ancaq şagirdlərimin yaşadığı kənddə bu təəssüf ki, mümkün deyil”.

 

Bu fikirləri onlayn dərslər haqqında AzEdu.az-a İsmayıllı rayon ucqar kənd məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı deyib. O, hələlik distant təhsilə hazır olmadığımızı vurğulayıb.

 

“Distant təhsilin nə qədər vacib olduğunu məlum hadisələr göstərmiş oldu. Sadəcə etiraf etməliyik ki, ölkə olaraq  buna tam hazırlıqlı deyildik.

 

Mən ucqar dağ kəndində işləyirəm. Bakıda yaşadığım üçün internet imkanlarım online dərslər üçün normal səviyyədə olur. Ancaq şagirdlərimin yaşadığı kənddə bu, təəssüf ki, mümkün deyil.

 

Dərslər dayandığı zaman ilk olaraq vatsap vasitəsi ilə iş görməyə çalışdıq. Şagirdlərimin azyaşlı olması, valideynlərin internetə çıxış imkanlarının məhdudluğu buna belə imkan vermədi. Ona görə də onları teledərs layihələrini izləməyə səslədim. Qarşılaşdıqları çətinliklərdə isə telefonla əlaqə yaratmalarını istədim. Ucqar kəndlərdə onlayn dərs imkanları ölkədə internet gücünün, qiymətlərinin və valideynlərin sosial problemləri səbəbindən çox aşağıdır”.

 

O, tədrisdə yaranan boşluqları doldurmaq üçün teledərslərin əhəmiyyətini, bunun şagirdlər üçün daha əlçatan olduğunu da  vurğulayıb.

 

“Hazırda Nazirliyin "Teledərs" layihəsində iştirak etdiyim üçün günün böyük hissəsini buna ayırmalı oluram.

 

Teledərslər ölkənin istənilən nöqtəsində TV yayımı mümkün olduğu üçün heç bir məhdudiyyət olmadan şagirdlərin diqqətini çəkə bildi. Hazırda müxtəlif bölgələrdən dərsləri izləyən bir çox insandan müsbət mesajlar alıram. Təbii olaraq sinif mühitini tam əvəz etməsi mümkün deyil. Ancaq fors major hallar üçün gənc dövlətin verdiyi reaksiya yaxşı alındı.

 

Onlayn dərslərdən fərqi isə şagirdlə qarşılıqlı ünsiyyətdə ola bilməməsidir. Bunu isə dərs zamanı müəyyən üsullarla aradan qaldırmağa çalışırıq”.