Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 13:23:00
İtaliyadakı tələbəmiz- “Vəziyyət bərbaddır,  yaxınlarımız bizdən çox nigarandırlar"  

 

 “Həm tələbələr, həm də valideynlərimiz hər gün XİN, səfirlik və digər qurumlarla əlaqə saxlasa da, dəqiq  heç bir məlumat verilmir. Aldığımız cavab isə ya 3-4 günə təxliyyə olacaq, ya da məlumat yoxdur olur”.

 

Bu sözləri AzEdu.az-a  açıqlamasında İtaliyanın Milan Politexnik Universitetində magistr təhsili alan Rahib Kamal söyləyib.

 

Onun sözlərinə görə, tezliklə təxliyyə olunmadıqları təqdirdə virusa yoluxmaları qaçılmazdır:

 

“Təxminən, 20 gün öncə təşkil olunmuş çarter reys vasitəsilə gedə bilməyən 120 və bəlkə daha çox tələbə vətənə qayıtmaq istəyir. Həmvətənlərimiz, həqiqətən də, böyük ümidlə dövlətimizdən təxliyyə gözləyirlər.

 

Təxliyyənin baş tutması haqqında dəqiq məlumat verilməməsi biz tələbələrdə ümidsizlik və qeyri-müəyyənlik yaradır. Heç birimiz hələki virusa yoluxmamışıq, lakin bu hal qaçılmazdır, koronavirusun yayılma mərkəzində yaşamaq bizdə və yaxınlarımızda güclü stress və narahatlıq yaradır”.

 

Azərbaycanlı tələbə İtaliyada vəziyyətin son dərəcə ağır olduğunu, xəstəxanaların tamamilə dolduğunu bildirib:

 

“Hazırda İtaliyada və xüsusilə yaşadığım Milan şəhərində vəziyyət olduqca acınacaqlıdır. Ciddi karantin rejiminə baxmayaraq, hər gün  təxminən 5000 nəfər insan bu virusa yoluxur və gün ərzində 700-800 nəfər isə dünyasını dəyişir. Statistikaya baxdıqda vəziyyətin ciddiliyini anlamaq çətin deyil. Artıq xəstəxanalarda da yer yoxdur. Həkimlər tibbi avadanlıqlar kifayət etmədiyi üçün seçim etmək məcburiyyətində qalırlar, bəzən xəstələri ölümə tərk edirlər.

 

Karantin rejimi martın əvvəlindən tətbiq olunub. Hazırda şəhərə çıxmaq qadağandır. Sadəcə, ən yaxındakı market və apteklərə xüsusi icazə kağızı ilə gedə bilirik. Şəhərdə nə tibbi maska, nə də spirt tapmaq mümkün deyil”.

 

Həmyerlimiz İtaliyada karantində qalan tələbələrin həm maddi, həm də mənəvi cəhətdən çətinlik çəkdiklərini qeyd edib:

 

“Tələbələrin əksəriyyətinin həm maddi, həm də psixoloji durumları olduqca bərbaddır. Tələbələrin çoxunun ev yoldaşı getdiyi üçün kommunal xərcləri tək ödəmək məcburiyyətindədirlər. Bəzilərinin təqaüdləri gecikir,“part-time” işlər olurdu, tələbələr oradan aldıqları məvaciblə keçinirdilər, iş yerləri də bağlandığına görə artıq çıxılmaz vəziyyətdə qalıblar. Bütün iş yerlərinin bağlanmasını nəzərə alsaq, kommunal, ərzaq, ev kirayesi və s. xərcləri necə ödəyəcəkləri başlıca problemdir”.

 

“Bir aydır ki, evdən sadəcə iki dəfə ərzaq almaq üçün çıxmışam. Karantin qaydalarına maksimum əməl etməyə çalışıram. Mövcud vəziyyətin nə vaxta qədər davam edəcəyi bilinmir. Ona görə də vətənə qayıtmalıyıq. Ümid edirik ki, müvafiq qurumlar müraciətlərimizi nəzərə alacaq və yaxın günlərdə təxliyyə olunacağıq” – deyə Rahib Kamal əlavə edib.

 

Qeyd edək ki, ölüm sayının ən çox olduğu İtaliyada 115 min 242 nəfər koronavirusa yoluxub, 13 min 915 nəfər isə dünyasını dəyişib.