Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-01 15:55:00
"Mənbəyi bəlli olmayan məlumatları yaymamağı xahiş edirik" - Nazirin müşaviri

“Sosial şəbəkələr doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müşaviri Elnur Məmmədov şəxsi facebook səhifəsində yazıb.

 

O,  təhsillə bağlı xəbərlərin   kütləvi xarakter daşıdığını və hər bir Azərbaycan ailəsinə təsir etdiyini vurğulayıb. Bu səbəbdən, bəzi məsələlərdə diqqətli olmağın vacibliyini qeyd edib:

 

“Mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən Nazirlər Kabinetinin və Təhsil Nazirliyin rəsmi saytından “skrinşotlar” və s yayılıb.

 

Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulayıb. Bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılması halları qeydə alınır.

 

Bu hərəkətlərin arxasında duran insanlardan cəmi 2 xüsusiyyət tələb olunur:  İnternetə çıxışın olması, vicdanın olmaması.

 

Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Sağlamlıq həm fiziki, həm də psixi xarakter daşıyır. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir”.

 

Elnur Məmmədov həmrəyliyin təzahürü olaraq,  mənbəyi bəlli olmayan (skrinşot, səs yazısı, elektron yazışma və sair) məlumatları yaymamağı xahiş edir:

 

”Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu sms-lərə, Facebook, Votshapp və İnstagramda paylaşmayın. Bunu etməklə, siz təxribatı törədən şəxsin  alətinə çevrilir və bu prosesdə özünüz bilmədən fəal iştirak edirsiniz.

 

Məlumatın doğru olub-olmamasını dərhal yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkədəki səhifələrinə istinad edin. Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslara yerləşdirilir.

 

Bu çətin dövrdə əməkdaşlığınıza və məsuliyyətli davranışınıza görə sizə öncədən təşəkkür edirəm”. 

 

Qeyd edək ki, ölkəmizin təhsil müəssisələrində tədris prosesi 20 aprelədək dayandırılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları