Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-01 15:19:00
Rektordan müəllimlərə müraciət - "Tələbələrimizi evdə boş buraxmamalıyıq"

“Dəyərli müəllimlər, iş elə gətirib ki, auditoriyadan kənarda, tələbələrimizdən uzaqda qalmışıq, lakin dövrümüz kompüter, elektron vasitələr əsridir, məhz belə texniki imkanlar bizi tələbələrimizə yaxınlaşdıra bilir, onlar evlərində oturub bizi dinləyə bilirlər, bu nöqteyi nəzərdən mart ayının 18-dən Aqrar Universitet ölkə universitetləri arasında birinci olaraq onlayn dərslərə başlayıb, hər gün müxtəlif fənlər üzrə 6 mühazirə söylənilir, əlbəttə ki, bu kifayət deyildir

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov öz şəxsi “Facebook” səhifəsində yazıb.

 

Rektor müəllimlərə müraciət edərək onları tələbələrlə daim əlaqədə olmağa çağırıb:

 

“Kiçik qruplarda skayp vasitəsilə dərslər deyilməli, mühazirə və seminar, laboratoriya mövzularının elektron variantları bütün tələbələrə göndərilməlidir, iş başlayanda hər bir müəllim karantin dövründə evdə oturaraq gördüyü işlər haqqında hesabat verəcəkdir. Dövlət üzərinə düşən bütün işləri yerinə yetirir, tələbənin təqaüdü, müəllimin maaşı bir gün yubanmadan belə verilir.

 

Bu məsuliyyət və vicdan zamanıdır, tələbələrimizi evdə boş buraxmamalıyıq və bütün imkanlardan səmərəli istifadə etməliyik. Bu arada onlayn dərs deyən bütün həmkarlarıma təşəkkür edir, digərlərini bu dərsləri deməyə dəvət edirəm, bu sınaq meydanıdır, gəlin bu sınaqlardan şərəflə çıxaq”.