Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-01 13:40:00
“Qiymətləndirmə ekspertlərinin onlayn təlimi” pilot layihəsi davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) “British Council” ilə əməkdaşlıq çərçivəsində öz işçiləri və Mərkəzlə əməkdaşlıq edən ingilis dili müəllimləri üçün nəzərdə tutulan “İngilis dili bacarıqlarının qiymətləndirilməsi üzrə beynəlxalq onlayn pilot təlimlər”in təşkilini uğurla davam etdirir.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan mərkəzindən məlumat verilib. Qeyd olunub ki, DİM ingilis dili üzrə bacarıqların qiymətləndirilməsi istiqamətində ekspertlərin peşəkar inkişafı məqsədilə bir neçə layihə reallaşdırır. Hazırda Britaniya Şurasının Qiymətləndirmə qrupu ingilis dili üzrə qiymətləndirmə ekpspertləri üçün yeni yaratdığı onlayn təlimi pilot mərhələdən keçirir.

Qiymətləndirmə qrupu tərəfindən bu məqsədlə DİM-in müvafiq sahə üzrə ekspertləri ilə pilot təlim keçirilir. Bu təlimlərdə iştirakın əsas məqsədi DİM-in qeyd olunan istiqamətdə institusional inkişafını davam etdirmək və pilot layihəyə töhvə verməkdir. Hazırda 3 mərhələli və 6 həftəlik təlim proqramının iki həftəsi uğurla başa çatıb və qarşılıqlı müzakirə nəticəsində təlim platformasının təkmilləşdirilməsi davam etdirilir.

Təlim zamanı hər mərhələdə dil üzrə müxtəlif bilik və bacarıqların qiymətləndirilməsinin əhatə edilməsi nəzərdə tutulub. Təlimin I mərhələsi martın 1-dən 15-dək həyata keçirilib, II mərhələyə isə martın 30-da start verilib və bu mərhələ aprelin 12-dək davam edəcək. Təlim proqramı dilin qiymətləndirilməsi nəzəriyyəsi, test tapşırıqlarının tərtibində müasir yanaşmalar kimi aktual sahələri əhatə edir. Təlim praktik şəkildə təşkil edilir, iştirakçılar mövzu ilə tanış olur, test tapşırıqları hazırlayır, yoldaşları tərəfindən hazırlanan sualları tənqidi qiymətləndirir və təlimçilər tərəfindən konstruktiv rəylə təmin edilirlər.

Təlimi tamamlayan iştirakçılar tapşırıqların xüsusiyyətləri, etibarlı sualların yazılması, bilik və bacarıqlar üzrə səviyyələrin fərqləndirilməsi, test tapşırıqlarının yazılmasında müasir alətlərdən istifadə, eyni zamanda, tapşırıqların qiymətləndirilməsi haqqında geniş və praktik məlumatlara sahib olacaqlar. Təlimə Bakı (o cümlədən paytaxtda yerləşən məcburi köçkün məktəbləri) və Gəncə şəhərləri üzrə DİM ilə sıx əməkdaşlıq edən ingilis dili müəllimləri və Mərkəzin əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, Britaniya Şurası və Dövlət İmtahan Mərkəzi arasında işgüzar əlaqələr 2016 cı il sentyabrın 23-də təhsil və ingilis dili sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə Niyyət Məktubunun imzalanması ilə başlayıb. Həmçinin Britaniya Şurası 2019-cu il 22-27 sentyabr tarixlərində DİM tərəfindən keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik beynəlxalq konfransının rəsmi tərəfdaşlarından biri olub.