Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 12:38:00
Müəllimlərin diqqətinə-  Qiymətləndirmə çərçivəsi ilə bağlı ən qaranlıq detallar -TİPİİ rəsmisinin izahında

 

 

“Bütün dünya təcrübəsində istifadə olunan qiymətləndirmə çərçivəsi elə bir sənəddir ki,  bununla auditoriyadan asılı olmayaraq qiymətləndirilən şəxslərə qoyulan meyarlar müəyyənləşdirilir. İmtahan verən şəxslər əvvəlcədən onlardan nəyin soruşulduğunu, məzmunu bilirlər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva deyib.  O, müəllimlərin işə qəbulu müsabiqəsi üçün nəzərdə tutulan qiymətləndirmə sənədinin mahiyyətindən danışıb.

 

 

“Qiymətləndirmə çərçivə sənədinin içində elə materiallar toplanıb ki, bununla  tanış olan namizəd nədən imtahan verəcəyini, tələb olunan bilik, bacarıqları artıq müəyyən edir.  Bu sənəd Azərbaycanda yeni deyil. Əvvəllər də işlənib. Məsələn, şagirdlərlə keçirilən milli qiymətləndirmə çərçivəsi, MİQ müsabiqəsi ilə bağlı səriştələrin siyahısı olub.

 

Bu çərçivənin  tərkibində iki əsas sənəd var.  Bunun biri səriştələrin , yəni müəllim olmaq istəyən şəxslərdən tələb olunan bilik və bacarıqların siyahısıdır.  Hansı mövzulardan suallar salınacağı yazılmayıb. Qeyd olunub ki, nəyi etməli, nəyi bilməli, nəyi bacarmalıdır.  Məsələn, bir nümunə deyim. “Müəllim pedaqoji, psixoloji nəzəriyyələri dərsin təşkili mərhələsi zamanı tətbiq edir”.

 

Səriştələrin də sayı fənlər üzrə müxtəlidir. Biz çalışmışıq ki, onları təxminən bir araya gətirək, sayı çox olmasın, bu məqsədlə xeyli sayda ümumiləşdirmələr gedib. Bu səriştələrin siyahısı son iki ildə hazırlansa da, 2019-cu ilin MİQ müsabiqəsindən sonra sualların statistikası, təhlili aparılıb səriştələrə uyğunlaşdırıldı. Bilmək istəyirdik ki, həqiqətənmi bizim verdiyimiz suallar müəllimin bacarığın ölçür?

 

Biz arzu edə bilərik ki, müəllimin filan bacarığını ölçək. Amma bunun üçün bizim dəqiq vasitəmiz olmalıdır.  Elə bir sual yazmalıyıq ki, məhz konkret bacarığı ölçsün.  Suallar ilə bacarıqları qarşılaşdıranda müəyyən uyğunsuzluqlar olduğunu gördük. Sentyabrdan  etibarən 3-4 ay ciddi müzakirələrdən sonra    fənlər üzrə səriştələrin siyahısı müəyyənləşdirildi”.

 

Direktor müavini çərçivəyə daxil olan ikinci sənədin-qiymətləndirmə cədvəlinin də mahiyyətinə aydınlıq gətirib:

 

“Qiymətləndirmə cədvəli isə daha ciddi sənəddir.  Sütunlarda fənlərin əhatə olunacaq məzmun sahələri göstərilib.  Müəllimlər həmin sənədə baxanda görürlər ki, suallar ümumtəhsil proqramından kənara çıxmır. Dərsliyindən yox, məhz proqramından. Bizim müəllim namizədlərin səhvi də burdadır. Proqram deyəndə onlar elə başa düşür ki, suallar məhz dərsliklərdən tərtib olunur.  Biz isə orta məktəbdə tədris olunan məsələlərdən kənara çıxmaq istəmirik.  Amma o dərslikdə materiallar nə qədər verilib, bu nəzərə alınmır. Məsələn,  biz deyirik ki, ədəbiyyat fənnindən ümumtəhsilin proqramından kənara çıxmırıq. Bu o deməkdir ki, proqramda olmayan şair, yazıçı, əsərdən sual imtahana salınmayacaq.  Amma bu  o demək deyil ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından dərslikdə olan ancaq o kiçik hissədən sual verməliyik. Sual bütövlükdə poemadan salınacaq”.

 

 

Onun sözlərinə görə müəllim namizədləri çaşdıran əsas məsələ məhz proqram və dərslik anlayışlarıdır.  O,  bəzi fənlər üzrə  bu məsələdə çətinliklərin  yarandığını qeyd edib.

 

“Proqramla dərslik  bu gün əməlli- başlı porblemə çevrilib.  Yəni müəllimlərimiz nəyə görəsə biz proqram desək də, onlar dərslik olaraq başa düşürlər.  Təsəvvür edin, biz dərsliklə kifayətlənsək,  müəllim olmağa gələn şəxs  şagirdin bilməli olduğu qədər bilir və yetərlidir. Bu bizə lazımdırmı?  Biz axı heç bunu istəmirik. Deyirik ki, müəllimlərimiz şagirdlərimizə öyrədəcəyi mövzuları  daha dərindən bilsin.

Düzdür, bəzi fənlər var ki, bu yanaşmada çox dağınıq vəziyyət alır. Ədəbiyyat və tarix çox genişdir.  Məsələn, Azərbaycanın 15-ci əsr tarixi desək,  bu barədə xeyli sayda mənbə var. Biz desək ki, məhz filan müəllifdən oxuyun, bu düzgün olmaz. Müdavimlərin eləsi var ki, ali məktəbdə fərqli  ədəbiyyatlardan dərs  keçiblər.  Ona görə biz səriştələrin siyahısını yazarkən qeyd edirik ki, namizəd Azərbaycanın tarixi şəxsiyyətlərini dövrün konteksində dəyərləndirir.   Tarixi şəxsiyyətlər deyəndə söhbət  orta məktəbdə tədris olunan şəxslərdən gedir”.

 

“Universitetlərdə ayrı-ayrı dərsliklərdən oxuyan müdavimləri nəzərə alaraq vahid proqram təklik etməyimiz düzgün deyil”-deyə N. Mehdiyeva fikirlərinə əlavə edib.