Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 12:27:00
Müəllimlərə qrant müsabiqələrində uğur qazandıran əsas metodlar – Nazirlik rəsmisi ilə müsahibə

 

 

AzEdu.az Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələrlə iş sektorunun müdiri  Xamis Seyranov ilə müsahibəni təqdim edir.

 

Müsahibədə əsasən  bizim müəllimlər üçün nəzərdə tutulan qrant müsabiqələri haqqında danışacağıq:

 

-Müəllimlər üçün həyata keçirilən qrant müsabiqələri təhsil sahəsində hansı yeniliklərə yol açdı?

 

-İlk üç qrant müsabiqələrinin nəticələrinin təhsili əsasında qeyd etmək mümkündür ki, təhsildə qrant müsabiqəsi çərçivəsində çox unikal layihələr həyata keçirilmiş və kifayət qədər innovativ təşəbbüslər irəli sürülərək tətbiq edilmişdir. Halbuki, ümumi təhsil müəssisələrində əvvəllər bu tip təşəbbüslərin irəli sürülməsinə az təsadüf olunmuşdur. Əvvəlki müsabiqələrə nəzər saldıqda görə bilərik ki, layihələr çərçivəsində həyata keçirilən bilik müsabiqələri, idman yarışları, təlimlər, seminarlar və digər tədbirlər şagirdlərdə tədqiqat, yaradıcı düşünmə, təşəbbüskarlıq, liderlik, özünüifadə, kommunikasiya kimi bacarıqların inkişafına yol açmışdır. Bununla yanaşı, müəllimlər metodik vəsaitlər, qiymətləndirmə vəsaitləri, köməkçi dərs vəsaitləri hazırlamaqla şagirdlərin bilik səviyyələrinin artırılmasında böyük rol oynamışlar. Bu da, qrant müsabiqəsindən əvvəlki illərə nisbətən zəngin resurs toplusunun yaranmasına və şagirdlərin, müəllimlərin müəyyən mənada köməkçi resurs ehtiyacının aradan qalxmasına kömək olmuşdur.

 

İcra olunan layihələr yalnızca təhsilalanları və pedaqoji heyəti deyil, valideynləri də əhatə etmişdir. Belə ki, təhsil prosesində zəif iştirak edən valideynlər layihələr çərçivəsində həyata keçirilən təlimlərə, seminarlara, konfranslara qatılaraq bilik və bacarıqlarını artırmaqla yanaşı, tədris prosesində məktəbin ən yaxın dostu kimi fəaliyyət göstərməyə başlamışlar. Məktəb-valideyn kontekstindəki güclü kommunikasiya təhsil sahəsində əvvəlki illərə nisbətən kifayət qədər böyük bir yenilik hesab oluna bilər.

 

-Qrant müsabiqələri müəllimlərin motivasiyalarının yüksəldilməsinə nə dərəcədə təkan verdi?

 

-Müəllimlər üçün qrant müsabiqəsinin keçirilməsinin özü təhsil sahəsindəki ən böyük yeniliklərdən biridir. Bu müsabiqə müəllimlərin kütləvi şəkildə layihə yazmağa, öz ideyalarını formalaşdırmağa və təhsilə daha dərindən töhvələr vermək üçün təşəbbüslər irəli sürmələrinə imkan yaratdı. Qalib olmasalar belə, iştirak edən müəllimlər artıq layihənin yazılma strukturunu mənimsəmiş, gələcəkdə başqa layihələrdə iştirak edə bilmək üçün bacarıqlarını artırmışlar. Qalib gələn müəllimlər isə yeni ideyalarını məktəblərdə həyata keçirməyə nail olmuş, təkbaşına büdcə idarə etməyi öyrənmişdir. Qrant müsabiqəsinin başlıca məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır. Bu məqsədə müəyyən mənada çatdığımıza inanıram. Çünki müsabiqəyə müraciət edən müəllimlərin sayının ilbəil artmasını, eyni zamanda, əvvəlki illərə nisbətən daha keyfiyyətli ideyaların təklif olunduğunu görə bilirik. Təqdim olunan layihələrin də sayı ildən-ilə artır və daha təkmil layihə təkliflərinin çoxluğu müşahidə olunur. Bu səbəbdən də, müsabiqəyə təqdim olunan təkmil layihələr arasında daha mütərəqqiləri qalib olur.

 

Qeyd edilənlərlə yanaşı, bildirmək mümkündür ki, müəyyən ideya müəllifləri qrant müsabiqəsinə uğurlu layihə təqdim edərək və öz fəaliyyətlərini bu çərçivədə həyata keçirərək təhsil ictimaiyyətində nüfuz qazana bilmiş və öz dəsti-xətləri ilə fərqlənməyə başlamışlar. I qrant müsabiqəsində “STEM Azərbaycanda” adlı layihə ilə qalib gəlmiş Aliyə Əhmədova ən uyğun misal olardı. Qrant müsabiqəsi ilə inkişaf etmiş bu ideya nəticəsində hal-hazırda “STEM Azərbaycanda” adı altında bir təhsilverən-təlimçi ordusunu görə bilərik. Bu mənada, müəllimləri qrant müsabiqəsində sadəcə iştirak etməyə yox, iştirak edərək inkişafa səbəb olmağa çağırırıq.  

 

-IV qrant müsabiqəsi üzrə yeniliklər nədən ibarətdir?

 

-IV Qrant müsabiqəsində bir sıra yeni istiqamətlərdə mövzulara yer verilmişdir. Bu yeni istiqamətlərə ümumi təhsil müəssisələrində sağlam həyat tərzini təbliğ edən tədbirlərin həyata keçirilməsi, şagirdlərin şəxsiyyət və ictimai fərd kimi formalaşmasına müsbət təsir göstərən sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi, o cümlədən azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiə edilməsinin təmin edilməsi, sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməsinin istiqamətləndirilməsi, şagirdlərdə özünü tanıma, özünü idarəetmə, düzgün ünsiyyətin qurulması, kiçikyaşlılara qarşı düzgün davranışın formalaşdırılması, münaqişələrin düzgün həlli, həvəsləndirmə, müsbət təsir, məqsədyönlülük, sosial şüur, ünsiyyət, məsuliyyətli qərar qəbuletmə, empatiya kimi müxtəlif sosial-emosional bacarıqların inkişaf etdirilməsi, şagirdlərin emosional çətinliklərinin ortaya çıxarılması və həll edilməsi üçün əlverişli dialoq qurulması istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsilalanların psixoloji vəziyyətinə, öyrənmə səviyyəsinə və təhsil fəaliyyətinə mənfi təsir göstərən halların araşdırılması, onların sosial-mənəvi problemlərinin öyrənilməsi və həll edilməsi istiqamətində valideynlər (qanuni nümayəndələr) ilə təhsilverənlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi kimi mövzuları aid etmək mümkündür.

 

-Yüksək göstəricili qrant layihəsi təqdim etmək üçün hansı məqamlara diqqət yetirmək lazımdır?

 

-Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin hüquqi bazasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli Qərarı təşkil edir. Həmin Qərar ilə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər müəyyən edilmişdir. Qərara uyğun olaraq, müsabiqəyə təqdim edilən bütün layihələr texniki ekspertizadan sonra məzmun ekspertizasından keçirilir. Məzmun qiymətləndirilməsi mütəxəssislərdən ibarət Ekspert Qrupu tərəfindən həyata keçirilir və bu zaman layihələrin sözügedən tələblərə uyğunluğu dəyərləndirilir. Belə ki, qiymətləndirilmə zamanı nəzərə alınan tələblər, yaxud məqamlar layihə təkliflərinin layihənin müsabiqənin elanında qeyd edilən prioritet sahələrə uyğunluğu; layihənin özünəməxsus olması, yəni digər layihə təkliflərindən fərqli olması; layihədə qaldırılan problemin aktuallığı və əsaslandırılması, yəni problemin vacibliyi; layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu, layihənin vəzifələrinin aydın təsvir olunması və qoyulan məqsədə çatmağa yönəldilməsi, başqa sözlə məqsəd və vəzifələrin dəqiqliyi; təhsilin inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması, yəni faydalılıq əmsalı; qazanılan müsbət təcrübənin geniş miqyasda yayılmasının və digər ümumi təhsil müəssisələrində tətbiqinin mümkünlüyü; layihə çərçivəsində görüləcək işlərin reallığı, aydın təsvir olunması, ardıcıllığı, qaldırılan problemin həllinə, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi ilə bağlı aydın fəaliyyət planına malik olma; layihənin təklif olunan monitorinq və qiymətləndirmə metodologiyalarının effektivliyi; layihənin smetasının görüləcək işlərə uyğunluğu və digər oxşar məqamlardır.

 

Qeyd edilənlərlə yanaşı, müsabiqənin adından da göründüyü kimi, müsabiqəyə təqdim edilən layihələr inkişaf əsaslı və innovativ xarakterli olmalıdır. Bu mənada, layihənin məzmununun və əhatə dairəsinin geniş olmasından daha çox, onun ideyasının müəyyən inkişafı təmin etməsinə, innovasiyaya əsaslanmasına diqqət yetirilməsi vacibdir. Digər sözlə, layihənin həyata keçirilməsinin ümumi təhsil müəssisəsindəki təhsil mühitinin inkişafına, təhsilalanların bilik, bacarıq, sosial-emosional qabiliyyətlərinin zənginləşməsinə, yaxud təhsilverənlərin hər hansı müsbət vərdişlər qazanmalarına fayda verib-verməyəcəyi nəzərə alınmalıdır. Müsabiqəyə layihə təqdim etmək istəyən müəlliflərin bu məqamlara diqqət yetirmələri arzuolunandır.    

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları