Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-29 15:27:00
Azərbaycanın 4 elm-təhsil müəssisəsi dünya reytinqində

İspaniyanın SCİmago laboratoriyasının  "Elsevier"  ilə əməkdaşlığı çərçivəsində  dünyanın  ən nüfuzlu elm-təhsil müəssisələrinin növbəti beynəlxalq reytinqi  (SCİmago Institutions Rankings 2020) açıqlanıb.

 

AzEdu.az xəbər verir ki,reytinqdə dünyanın 7026 aparıcı universiteti və elmi təşkilatı təmsil olunub.  Digər reytinqlərdən fərqli olaraq , adıçəkilən reytinq dünyanın hər yerindən  həm ali təhsil müəssisələrini, həm də tədqiqat mərkəzlərini əhatə edir. 

 

Reytinq dünyada ən obyektiv tədqiqat hesab olunur, çünki son beş ildə  beynəlxalq məlumat bazalarından verilən məlumatlar, müstəqil mənbələr  əsasında  ali məktəbləri və elmi təşkilatları  qiymətləndirir.

 

Ölkəmizi reytinqdə  ali təhsil müəssisələri  kateqoriyasında Bakı Dövlət Universiteti (BDU) təmsil edir.  BDU planetin ən yaxşıları arasında 849-cu yerdədir. Elmi müəssisələr arasında isə Azərbaycanın 3 elm təşkilatı yer alıb:

 

  1. Azərbaycan Milli Elmlər Akademiyası (817-ci yer)
  2. Fizika İnstitutu (839-cu yer)
  3. Riyaziyyat və Mexanika İnstitutu (851-ci yer).
     

Reytinq üç istiqamət üzrə qiymətləndirilən 17 meyar üzərində qurulub:

 

  1. Elmi-tədqiqat işini qiymətləndirən meyarlar - bu qrupa cəmi çəki əmsalı 50% təşkil edən 11 meyar daxildir. Bu qrup üçün məlumat mənbəyi Scopus elmmetrik verilənlər bazasıdır.
  2. İnnovasiya fəaliyyətini qiymətləndirən meyarlar - bu qrupa 3 meyar daxil edilib ki, bunların da ümumi çəki əmsalı 30% - dir. Məlumat mənbəyi PATSTAT məlumat bazasıdır.
  3. Sosial təsirləri qiymətləndirən meyarlar 3 veb göstəricini, ümumi çəki nisbətini-20% - ni əhatə edir. Məlumat mənbələri-Google və Ahrefs.

  

Qeyd edək ki,  reytinq  İspaniya  Milli Tədqiqat Şurası (CSIC), Granada Universiteti, III Karl adına Madrid Universitetindən ibarət İspaniyanın SCİmago araşdırma qrupunun tədqiqat  işidir.(Azərbaycan müəllimi)