Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-25 16:07:00
Almaniyanın azərbaycanlı tibb elmləri doktorundan COVID-19 ilə bağlı təkliflər -Çox vacib 

AzEdu.az Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevlə müsahibəni təqdim edir:

 

Virusdan qorunmağa hansı tədbirlər kömək edir?

 

Artıq elmi araşdırmalarla təsdiq olunub ki, virus yayılan ölkələrdə əhalinin təxminən 50-60%-nin virusa yoluxacağı qaçılmazdır. Sual oluna bilər ki, niyə məhz bu qədər? Belə ki, epidemioloji perspektivdən baxılarkən ən vacib faktor yoluxdurma əmsalıdır, bu əmsal bir nəfərin neçə nəfəri yoluxdura bilməsidir ki, bu da COVID-19 virusunda ortalama 3 götürülür. Deməli, hər hansı ölkədə heç bir virusa qarşı mübarizə tədbiri görülməzsə, yoluxdurma əmsalı 3 olaraq qalsa, ölkənin 90%-i virusa yoluxur və ölkələri ən çox narahat edəcək problem (səhiyyə sisteminin yüklənməsi, məsələn İtaliya) - eyni zaman çərçivəsində xəstələnənlərin maksimum sayı 30% təşkil edir ki, bu da xəstəxanaların reanimasiyalarında kifayət qədər yerlərin olmamağına gətirib çıxara bilər. Əgər mübarizə tədbirləri ilə bu yoluxdurma əmsalı 2-yə salınsa, o zaman ölkənin 79%-i virusa yoluxur və eyni zaman çərçivəsində xəstələnənlərin maksimum sayı 15% təşkil edir. Yoluxdurma əmsalı 1,5-ə salınsa, o zaman ölkənin təxminən 57%-ə qədəri virusa yoluxur və eyni zaman çərçivəsində xəstələnənlərin maksimum sayı 6% təşkil edir. Ona görə də bütün ölkələrin məqsədi bu yoluxdurma əmsalını 1-ə endirməkdir ki, əhalinin təxminən bu virusa yoluxma sayı 10%-dən çox olmasın. Amma təəssüflər olsun ki, başqa bir elmi araşdırmaya görə, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da o xəstələrin özləri hiss etməyə bilər və bu da ilkin mərhələdə ölkələrin virusla mübarizəsini çətinləşdirir və əmsalın 1-ə salınmasının qarşısını alır. Ona görə belə olan məqamda xalqın öncədən və davamlı maarifləndirilməsi çox vacib bir məqamdır ki, onlar özlərini vaxtında müayinə etdirib gizli daşıyıcı olduqlarını təsdiq etdirsinlər və buna müvafiq karantinə və izolyasiyaya alınsın.

 

Bəs Azərbaycan üçün bu rəqəmlər nə deməkdir? Gizli daşıyıcı qrup insanlar daha çox kimlərdir?

 

- Azərbaycanda son atılan addımlar onu göstərir ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının ölkədə yarada biləcəyi problemlər birbaşa dövlət başçısının ciddi nəzarətindədir. Son günlər ölkədə atılan bütün profilaktik tədbirlərə nəzər salsaq, həqiqətən, bütün dövlət qurumlarının virusla mübarizədə nə qədər həmrəylik göstərdiklərinin şahidi oluruq ki, bu da birbaşa ölkədə yoluxma əmsalının aşağı salınmasına hesablanıb. Bununla da Azərbaycan dövləti virusla mübarizədə Avropa ölkələrindən heç də fərqlənmir. Konkret olaraq rəqəmlərə gəldikdə, ilk olaraq onu deyə bilərəm ki, təkcə dövlətin mübarizəsi ilə deyil, eyni zamanda xalqın iradəsi ilə birgə virusun yayılmasının qarşısı daha çox alınar, daha dəqiq desək yoluxma əmsalını aşağı salmaq mümkün olar. Belə ki, burada da statistik məlumatlara baxsaq görərik ki, əgər insanlar bir-biri ilə heç bir sosial məsafə saxlamasa və hər kəs istədiyi kimi hərəkət etsə 80%-ə qədər yoluxma ola bilər. Artıq ölkədə xüsusi karantin rejiminin elan olunması ilə bunun qarşısı alınıb.

 

 

Bir tək sosial məsafənin saxlanılması ilə, məsələn əhalinin 1/5-i hərəkət edir və yerdə qalanı evdə qalıb digər insanlarla məsafə saxlaya bilərsə bu rəqəmi 15%-ə qədər endirmək mümkün olar. Azərbaycan cəmiyyətində ən çox gənclərin hərəkətdə olması və ya aktiv sosial kontaktlarının yaşlılara nisbətən çox olmasını nəzərə alsaq, bugünkü gün onların hərəkətinə tamamən məhdudluq qoyulması çox vacib amildir. Belə ki, onlar virus daşıyıcısı olaraq bu virusa yoluxarsa bunu daha da ağır keçirəcək yaşlı insanlar üçün çox təhlükəli bir yaş qrupları sayılırlar.

 

-İzolyasiya və karantin tədbirləri dediniz, bunlar Almaniyada necə təşkil olunub və bunların təşkilinin elmi əsası varmı? Bunların təşkilinin virusun yayılmasına təsiri varmı?

 

- Almaniya təcrübəsində şərq ölkələrinin çoxundan və bəzi qərb ölkələrindən fərqli olaraq klinik vəziyyəti yaxşı olanlar ev şəraitində karantinə alınıb izolyasiya edilir və həkim nəzarətində saxlanılır. Son aparılan elmi təcrübə onu göstərir ki, virusa yoluxanlarla onlarla kontakda olub amma virus daşıyıcılığı hələ neqativ olanların bir arada, yəni məsələn bir ortaq xəstəxana şəraitində karantinə alınması təxminən virusa yoluxmanı həmin insanlar arasında 88% artırır. Buna görə də Almaniyada virusa yoluxub kliniki vəziyyəti yaxşı olanlar və eyni zamanda onlarla kontakda olub amma hələ virusa pozitiv olmayanlar öz ev şəraitlərində məsafədən birbaşa həkim nəzarətində karantinə alınır. Əlavə olaraq risk bölgələrindən gələnlərin də izolyasiya və karantinə alınması ev şəraitlərində aparılır ki, bu da virusun yayılmasının qarşısını almağa kömək edir. Bundan başqa, virusun yayılmasının önlənməsi tədbirlərinə iki nəfərdən çox insanın bir araya toplaşmasının qarşısının alınması da aiddir. Bütün bu görülən tədbirlərdən sonra fərqli bölgələrdə virusun test edilməsi üçün bir neçə kiçik test mərkəzləri yaradılması virusun gizli daşıyıcılarının tapılmasına və qarşısını almaq üçün görüləcək izolyasiya tədbirlərinə kömək edir ki, bu da birbaşa yoluxmanın sayını azaldacaq. (report.az)