Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-22 15:44:00
Dahilər karantin dövründə

Məcburi təcridin yaratdığı yaradıcı dahilik

Bu gün bütün dünyanın yaşadığı çox çətin sınaqlar dövründə əlimizdə olan resurslar (xüsusən də təhsil sahəsində) sayəsində şəxsi və peşəkar  inkişafımızı, səriştə və bacarıqlarımızı təkmilləşdirmək və möhkəmləndirmək  baxımından böyük imkanlar var.  Bəşər tarixi belə nümunələrlə zəngindir.  Dahilər insan cəmiyyətlərini  iflic edən fəlakətlərin yaratdığı karantinlər dövründə necə işləyib? 

Təcrid Nyutona elmdə inqilab etməyə necə kömək etdi?

Əvvəlki dövrlərdə  epidemiyaların meydana gəlməsinin dəqiq səbəblərini bilmədən insanları infeksiyadan qorumaq üçün "sosial məsafə" tətbiq edilirdi. 1665-ci ildə İngiltərədə vəba epidemiyası baş verdi. Kembric Universitetinin Triniti Kollecində dərslər dayandırılmış, bütün müəllim heyəti və tələbələr qeyri-müəyyən bir müddət üçün karantin üçün evlərinə buraxılmışdı. Karantinə gedənlər arasında 20 yaşlı İsaak Nyuton da var idi. O, kollecdən kitab, qeydlər və alətlər götürərək Kembricin şimal-qərbində 60 kilometr məsafədə yerləşən Linkolnşir qraflığında  anasının yaşadığı Vulstorp  kəndindəki doğma ailə malikanəsinə getdi. O, təcrid dövründə özünün əsas kəşflərini (ilk növbədə, Ümumdünya Qravitasiya Qanunu) məhz "vəbalı illər" zamanı edib.  O,  bir neçə eksperiment qoyaraq nəzəri ümumiləşdirmələrini edib.  
Pandemiya zamanı İ.Nyuton "evdən işləmək" məcburiyyətində qalıb. Və o, bu vaxtdan ağıllı şəkildə istifadə edib. Böyük alimin biblioqrafları sonralar Nyutonun məcburi özünütəcrid dövrüni "möcüzə illəri" adlandırıblar.   Özünün də  sonralar dediyi kimi, karantin dövrünə onun bir sıra riyazi kəşfləri aiddir. O, bu dövrdə öz terminologiyasına uyğun olaraq adlandırdığı  hazırda inteqral hesablama kimi məlum olan, "törəmələrin hesablanması", yəni diferensial hesablamanı kəşf edib.

Məcburi təcriddə olarkən "Ağırlıq qüvvəsi" barədə düşünməyə başlayıb.  Nyuton  sonralar onun adı ilə adlandırılacaq "insan düşüncəsində böyük  inqilab"ın astanasında idi. Tədricən işıq və qravitasiyanın sirləri onun üzünə açılırdı. Sonralar qeyd etdiyi kimi, " o günlərdə mən ixtiraçılıq yaşının zirvəsində idim, riyaziyyat və fəlsəfəyə hər zamankındən daha çox zehni diqqət yetirirdim" (P. Akroyd. "İsaak Nyuton". Tərcümeyi-hal). 

Alma haqqında məşhur əfsanə və qravitasiya haqqında düşüncələr də Nyutonun təcrüddə olduğu Vulstorp malikanəsi ilə bağlı idi. Xalqın düşüncəsində alma ilə bağlı müxtəlif əfsanələr dolaşsa da  ən azı iki fərqli müəllif  bu hadisəni qeydə alıb.  Nyutonun bioqrafı və dostu Uilyam Steklli  çay süfrəsində böyük alimlə  alma bağında baş tutmuş  söhbətlərindən bəhs edir. Alim söhbət zamanı qaravitasiya barədə fikirlərini bölüşür.  "Nahardan sonra hava isti idi,  bağa çıxdıq və alma ağaclarının kölgəsində çay içdik. O (Nyuton) mənə dedi ki, alma ağacının altında oturarkən ağlına  qravitasiya haqqında fikir  gəldi.  O yenə də alma ağacının altında oturmuşdu, gözlənilmədən  budaqdan alma yerə düşəndə o, seyrçi əhval-ruhiyyədə idi. "Niyə alma həmişə yerə perpendikulyar düşür",-deyə o  düşünürdü".
1667-ci ilin yazında Kembric Universiteti fəaliyyətini bərpa etdikdən sonra Nyuton Triniti Kollecinə döndü və iki il sonra professor oldu.
Qeyd edək ki, 1665 -1666-cı illərdə vəba London əhalisinin dörddə birinin həyatına son qoymuşdu, sonrakı 400 il ərzində bütün Avropanı çökdürən sonuncu "Qara ölüm"ə çevrilmişdi. Yalnız 200 il sonra alimlər xəstəliyi törədən bakteriyaları aşkar edə bildilər. Nyutonun dövründə isə vəbanın başvermə səbəblərini bilmədən insanlar  xəstəliyə yoluxmamaq üçün karantin rejiminə əməl etməyə çalışırdılar.      

Məcburi təcridin yaratdığı yaradıcı dahilik

Nyuton məcburi təcridin yaradıcı dahiliyi gücləndirdiyi tək nümunə deyil.  Koronavirus  epidemiyası  fonunda, bəziləri, indi 1830-cu ildə Moskvada xolera xəstəliyi səbəbindən çar tərəfindən elan edilmiş karantin səbəbiylə böyük rus şairi Aleksandr Puşkinin Boldino kəndində 3 aylığa ailə malikənasində yaşamağa məcbur olduğu tarixi dövrü xatırlayır. Şairin həmin aylarda yazdığı "Boldin payızı" əsəri onun yaradıcılığında ən məhsuldar dövr oldu. Bu kənddə təcrid dövründə böyük şair "Yevgeni Onegin", "Belkinin gündəliyi" və "Kiçik faciələr" üzərində işlərini başa çatdırıb.(Azərbaycan müəllimi)