Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-19 10:17:00
İstədiyiniz yerdə və zamanda öyrənin!

Distant təhsilin əsas prinsipləri, üstün cəhətləri və idarə olunma vasitələri

 

İnkişaf edən dünyada təlimin informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə həyata keçirilməsi təhsilin mümkün olan ən sadə və vacib sayılan növlərindən biridir.

 

Bu vasitə ilə təhsilalanlar yerləşdikləri coğrafi məkandan asılı olmayaraq tədris materiallarını istədikləri zaman əldə edə bilərlər. Bunun üçün təlim materiallarının yerləşdirildiyi internet səhifəsinə qoşulmaq təklif olunur. Təhsilin bu forması sinxron və ya asinxron olmaqla iki cür təşkil olunur:

 

Sinxron - Distant təhsilin sinxron formasında hadisələr real olaraq təhsil müəssisəsi ilə təhsil alanlar arasında canlı bağlantı ilə həyata keçirilir. İstifadə olunan vasitələr: email, forum, blog, webnar və s.

 

Asinxron - Bu halda təhsil alan şəxs təhsil zamanını və məkanını özü seçir. Yaddaşa köçürülmüş dərs vəsaitləri internet səhifəsində yerləşdirildikdən sonra tələbə istədiyi vaxt onunla tanış olur. İstifadə olunan vasitələr: çat və ya ani mesajlaşma, dərsin audio və video yazısı və s.

 

Eyni zamanda bu proqram təminatı istər dərsi keçən müəllim, istər instruktorlar, istərsə də digər tələbələr ilə əlaqələr qura bilərlər ki, bu da həm sinxron, həm də asinxron təşkil oluna bilər.

 

Ənənəvi təhsildən fərqli olaraq distant təhsil zamanı tədrisin düzgün təşkil olunması və idarə edilməsi çox önəmlidir. Dərslər pedaqoji cəhətdən o qədər professional hazırlanmalıdırlar ki, onların internet vasitəsi ilə birbaşa yayımlamaq və yenidən səhifədə qüsursuz yerləşdirilməsi mümkün olsun. Əlbəttə ki, distant təhsilin düzgün tədrisini təşkil etmək təkcə müəllimlərin deyil, eləcə də İKT-nin üzərinə düşür. Lakin bu halda qeyd etməliyik ki, işə cəlb olunacaq İKT nümayəndələrinin təhsil işçisi olması vacib sayılmır. Tələb olunan əsas şərt internet səhifəni hər zaman nəzarətdə saxlamaq və dərslərin düzgün və vaxtında yayımlanmasını təmin etməkdən ibarətdir.

 

Müəllimlər də eyni zamanda dərsi daha interaktiv təşkil etməli və bu məqsədlə müxtəlif kompüter proqramlarından istifadə etmək üçün təlimatlandırılmalıdırlar. Ümumilikdə distant təhsilin düzgün idarə olunması üçün analiz, qavrama, inkişaf, həyata keçirilmə və qiymətləndirmə əsas şərtlərdən sayılır.

 

Distant və ya məsafədən təhsilin formalaşdırılması və pedaqoji mühitin yaradılması

 

Distant təhsilin məkan baxımından bütün maraqlı tərəf üçün açıq olması dərslərin keyfiyyətinin və inkişaf etdirilməsinin hər zaman analiz edilərək öyrənilməsini zəruri edir. Hər tədris ili üçün təqdim olunacaq dərs proqramlarının müasir tələblərə cavab verməsi vacib sayılır. Belə ki, distant təhsilin idarə olunmasında tətbiq olunan qaydalar, eləcə də bütün normativ proqramların həyata keçirilməsinə müntəzəm olaraq nəzarət edilir. Bu sahə üzrə çalışan mütəxəssislər əsas istiqamətləri beş yerə ayırırlar: təhsilin analizi, qavranılması, inkişafı, tətbiqi və qiymətləndirilməsi.

 

Təhsilin daha asan formada çatdırılması üçün təqdim olunan məlumatların düzgün ötürülməsi və daha da inkişaf etdirilməsi vacibdir. Bu halda gələcək dərslərin hazırlanması daha sığortalı və etibarlı sayıla bilər. 

 

İnteraktiv təlim strategiyasının, multimedia elementlərinin tətbiqi

 

Distant təhsilin təlim strategiyasını mültimediya və pedaqoji elementlər ilə həyata keçirmək üçün bir sıra vasitələrdən istifadə olunur. Bura sadə təlim forması, sənədlərin və təqdimatların elektron (Power Point) formatda yerləşdirilməsi, mətn, şəkil, audio yazı, animasiya və ya tapşırıqların olması, eləcə də dərslərin ekspertlər tərəfindən videolentə yazılması, vebinarların təşkili üçün xüsusi proqramları əlavə edə bilərik. Əlbəttə ki, əvvəlcədən hazırlıq prosesi kifayət qədər təkmilləşdirilmiş olmalıdır ki, istər pedaqoji heyət, istərsə də təhsilalanın istifadə edəcəyi məlumat maraqlı, asan və həvəsləndirici olsun. Misal üçün, Power Point ilə illüstrasiyalı hazırlanmış dərs vəsaiti 20 səhifəlik mətndən ibarət dərs vəsaitindən daha maraqlı olacaq.

 

Ekspertlər hesab edirlər ki, bir dərsin izahatı 30 qədiqədən və 15 səhifəlik təqdimatdan çox olmamalı və dərsin qalan hissəsi izahata və sual-cavaba ayrılmalıdır. Qeyd etməliyik ki, interaktiv təlimi formalaşdırarkən proqram təminatını, eləcə də internet resurslarında yerləşdirilmiş məlumatları kifayət qədər sadə və rahat təmin etmək lazımdır ki, hətta informatikadan uzaq olan tələbənin bu proqrama rahat girişi və istifadəsi təmin olunsun.

 

Qavramanın idarə edilib qiymətləndirilməsi

 

Dərslərin  keyfiyyətinin analiz edib qiymətləndirilməsi distant təhsilin əsaslı meyarlarından sayılır. Bu, eyni zamanda daha da təkmilləşmək və gələcək proqramların mövzularını ehtiyaca uyğun tənzimləməyə kömək edir. Burada əsas məsələ təhsilin internet vasitəsi ilə düzgün təşkil edilməsi, dərslərin daha asan qavranılması, eləcə də dərslərin yayımının asanlaşdırılması nəzərdə tutulur.

 

Ümumiyyətlə, qiymətləndirməni həyata keçirərkən ilk öncə əvvəlcədən qoyulmuş məqsədə çatmanın hansı səviyyədə olduğunu öyrənməliyik. Dərslərin hansı səviyyədə qavranılmasını qiymətləndirərkən formativ, summativ və konfirmativ yanaşmadan istifadə edilə bilər:

 

Formativ - təlimin keyfiyyətinin dərs boyu qiymətləndirilməsi,

Summativ - təlim bitdikdən dərhal sonra qiymətləndirilməsi,

Konfirmativ - təlim başa çatdıqdan bir müddət sonra dərsin qavranılmasının təsdiqlənməsi.

 

Dərslərin qiymətləndirilərək idarə olunması təlimlərin başlanğıc nöqtədən nəticəyə qədər analiz edilib qiymətləndirilməsini vacib edir. Xüsusən də nəticədə feedback, tələbə tərəfindən edilən təklif və iradlar önəm daşımalıdır. Sillabusların hər təlimə uyğun hazırlanması, dərslərin tələbə rahatlığının təmin edilməsi məqsədilə sinxron və asinxron təşkili xüsusi texniki və pedaqoji yanaşmanı vacib edən şərtlərdəndir.

 

Vazeh  ƏSGƏROV,

ADNSU nəzdində Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, dosent (Azərbaycan müəllimi)